28 yanvar 2020 11:46
1100

İnnovasiyalar ölkəsi

Dövlətimizin başçısı İlham Əliyevin son bir ildə təhsil sisteminin təkmilləşdirilməsinə xidmət edən sərəncamları “Uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail ola bilərik” çağırışına xidmət edir


Dövlətimizin başçısı İlham Əliyevin Gənclər Gününə həsr olunan ümumrespublika toplantısında “Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm” çağırışı gələcəyimiz kimi dəyərləndirilən gəncliyin qarşısında mühüm tələblər qoyur ki, bunlardan da biri təhsilə diqqətdir: “Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar.”

Son bir ildə təhsilin inkişafı istiqamətində atılan addımlara diqqət yetirsək, bu çağırışın konkret addımlarda öz əksini tapdığını görərik. Dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə ötən ilin mayında ADA Universitetində keçirilən məzun günündə də bu mühüm məqam  xüsusi qeyd edilmişdir ki, uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail ola bilərik. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab verməlidir: “Əgər biz buna nail ola bilsək, - mən inanıram ki, buna nail olacağıq, - onda ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir.” Ölkəmizdə savadlılığın səviyyəsinin təxminən 100 faizə yaxın olması, təbii ki, uğurlu, təkmil islahatların, təhsilin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir.

Təhsilin inkişafında məktəblərin rolu önə çəkilərək, yenilərinin tikilməsi, yaxud əsaslı təmir olunması,  maddi-texniki bazalarının daha da möhkəmləndirilməsi, kompyuterləşdirilməsi istiqamətində  mühüm addımlar atılır.  Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2 mindən artıq məktəb tikilib və ya yenidən  təmir olunaraq istifadəyə verilib. Bu günümüzün əsas tələbləri sırasında “Hər şagirdə bir kompyuter” xüsusi yer tutur.  Məqsəd budur  ki, təhsilə ayrılan xərclərdən səmərəli istifadə olunsun,  gənc nəslin dünyada  gedən proseslərə uyğun, eyni zamanda, milli dəyərlərə əsaslanaraq inkişafı təmin edilsin. 

Dövlətimizin başçısı İlham Əliyevin  16 noyabr 2018-ci il tarixli  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın,  həmçinin 23 noyabr 2018-ci il tarixli  “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi haqqında  sərəncamları uğurlu iqtisadi tərəqqinin kadr hazırlığının  beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılmasından asılı olduğunu bir daha təsdiqləyir.  Ali təhsil sisteminin rəqabətliliyinin artırılması öz növbəsində beynəlxalq əlaqələrin inkişafını, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsini bir tələb kimi ortaya qoyur.

Dövlətimizin başçısı  İlham Əliyevin  son “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə”,  “Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamları, həmçinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərmanı da təhsilin inkişafına yönələn addımların davamlılığının göstəricisidir.   Bu sənədlər ümumilikdə  110 min tələbəni əhatə edir. Bu kimi mühüm addımlar tələbələr arasında rəqabət mühitinin  formalaşmasında və inkişafında əhəmiyyətli rol oynayır.

Dövlət büdcəsindən ayırmalarda müdafiə xərclərindən sonra ikinci yerdə təhsil xərclərinin olması bu sahənin inkişafının nə qədər önəmli olduğunu təsdiqləyir. Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin, təhlükəsizliyinin təminatında müdafiə qüdrəti nə kimi böyük rol oynayırsa, inkişafında, tərəqqisində də təhsilin rolu elə dəyərləndirilir. Prezident kimi fəaliyyətə başladığı gündən cənab İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürərək,  bu istiqamətdə davamlı addımlar atdı. Təhsilin, elmin və iqtisadiyyatın vəhdətliyinin prioritetliyi atılan addımlardan da aydın görünür. Bir faktı nəzərə alsaq ki, iqtisadiyyatla elm zəncirvari şəkildə biri-biri ilə sıx bağlıdır, bu halda dövlətin təhsilin və elmin inkişafına göstərdiyi diqqətin mahiyyəti daha qabarıq şəkildə özünü büruzə verər. İqtisadiyyatı inkişaf etdirən yeni texnologiyalardır.  Məhz İKT sektorunda əldə olunan uğurlara söykənərək, bu   fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycan bu gün    dünyada  təkcə neft-qaz ehtiyatlarına malik ölkə  deyil, həmçinin  yüksək səviyyəli  elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu innovasiyalar  ölkəsi kimi tanınır.

Röya Rasimqızı, “İki sahil”