09 may 2020 22:12
1447

İnsan hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin edən islahatlar

Müasir Azərbaycan dövlətinin keçdiyi inkişaf yolunun bir çox parlaq səhifələri, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Respublikamıza həm birinci, həm ikinci rəhbərliyi dövründə Heydər Əliyevin öz dövləti və xalqı qarşısında xidmətləri ölçüyəgəlməzdir. Hələ sovet hakimiyyəti illərində Azərbaycanın tərəqqisinə, xalqın həyat səviyyəsinin yaxşılaşdırılmasına və cəmiyyətin firavanlığına nail olan Heydər Əliyev ikinci rəhbərliyi dövründə respublikamızın müstəqilliyini təmin etmiş, müasir Azərbaycan dövlətinin banisinə çevrilmiş və bugünkü inkişafın təməlini qoymuşdur.

Tarix sübut edir ki, dövlətin inkişaf və rifah yolu hüquqi nizamlamadan keçir. Təsadüfi deyil ki, insan təfəkkürünə söykənən hər bir fəaliyyətin hüquqi çərçivəyə salınması daim obyektiv zərurət kimi özünü göstərmişdir. Dünyada ilk qanunların qəbulundan başlayaraq, hüquqi nizamlama məhz həyatın bütün sferalarında münasibətlərin sivil xarakter almasında və cəmiyyətin inkişafında özünəməxsus rol oynamışdır.

Eyni zamanda cəmiyyət və dövlətlərin, vətəndaş-dövlət əlaqələrinin inkişafı, siyasi-iqtisadi formasiya dəyişiklikləri, insan hüquq və azadlıqlarına yeni yanaşmalar mütəmadi olaraq hüquqi tənzimlənməyə ehtiyac duymuşdur. Bu baxımdan 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri də ölkənin keçmiş sovetlər birliyindən miras qalmış hüquq sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması idi. Bu məsələ 1991-ci il oktyabrın 18-də qəbul edilən "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nda öz əksini tapmışdı.

Yeni hüquqi islahatlar yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasından sonrakı dövrə təsadüf etdi. Görkəmli dövlət xadimi və təcrübəli siyasətçi kimi Heydər Əliyev çox gözəl bilirdi ki, dövlətin möhkəmlənməsi və inkişafı üçün ilk növbədə yeni hüquqi islahatlar həyata keçirilməlidir. Məhz Heydər Əliyevin sayəsində respublikamızda ardıcıl həyata keçirilən köklü islahatlarla müasir hüquq standartlarını və milli xüsusiyyətləri özündə birləşdirən, beynəlxalq prinsip və müddəalara tam uyğun olan hüquq sistemi yaradıldı. Bu sahədə fəaliyyət göstərən dövlət təsisatları yenidən formalaşdırıldı.

Hüquqi demokratik dövlət və vətəndaş cəmiyyəti qurmağı özünün başlıca məqsədi elan edən respublikamızda bu sahədə atılan ilk addım ümumbəşəri dəyərlərə və prinsiplərə söykənən Konstitusiyanın qəbulu oldu. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən sayılır. Tariximizə Heydər Əliyev Konstitusiyası kimi daxil olan Əsas Qanunun qəbulu demokratik, dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu əsasında dövlətin formalaşması, siyasi və hüquq sistemlərində sabit özülün yaradılması işində ilk mərhələ oldu.

Konstitusiyada ilk növbədə insan hüquq-azadlıqları tam və əhatəli şəkildə təsbit olundu ki, bu da Heydər Əliyevin Azərbaycanın demokratik inkişafına verdiyi önəmin göstəricisi idi. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan olunur. Konstitusiyanın bu müddəası insanın, onun hüquq və azadlıqlarının cəmiyyətdə ali nemət kimi dəyərləndirildiyini müəyyən edən normadır. Lakin Əsas Qanun bu norma ilə də kifayətlənməyərək, insan və vətəndaş hüquqlarını, azadlıqlarını gözləməyi və qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə vəzifə olaraq qoydu. Bununla yeni Konstitusiya həm də vətəndaşın cəmiyyət və dövlət həyatında aparıcı rolunu müəyyənləşdirdi.

İnsan hüquq və azadlıqlarına ali dəyərlər kimi xüsusi önəm verən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hüquqi islahatlar nəticəsində 1998-ci ildə Cinayət Məcəlləsində cəza sistemindən ölüm cəzası çıxarıldı və Azərbaycanın adı Müsəlman Şərqində ilk olaraq ölüm hökmünü ləğv edən ölkə kimi tarixə düşdü. Bu, hələ ölkəmizin Avropa Şurasına üzv olmadığı vaxtlarda belə insan hüquqları sahəsində atılan ən mütərəqqi addımlardan biri idi.

Ulu Öndər Heydər Əliyev yaxşı bilirdi ki, müstəqil məhkəmə hakimiyyəti yaratmadan insan hüquqlarının daha etibarlı təmini mümkün deyil. Bunun üçün ölkədə məhkəmələrin köklü islahatına ehtiyac var idi. Ona görə məhz Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə yuxarıda bəhs etdiyim "Məhkəmələr və hakimlər haqqında” qanun qəbul edildi və respublikamızda hakimiyyətin bir qolu kimi məhkəmələr mütərəqqi dünya təcrübəsinə əsaslanan modeldə, üçpilləli məhkəmə sistemi olmaqla formalaşdırıldı. Üçpilləli məhkəmə sistemi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət etməklə işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra qanunla nəzərdə tutulan hallarda apelyasiya qaydasında baxılmasına, daha sonra isə kassasiya qaydasında yenidən baxılmasına imkan verir. Bu sistem birinci instansiya məhkəməsinin buraxdığı hər hansı səhvin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərə düzgün və obyektiv baxılmasına şərait yaradır.

Eləcə də prokurorluq orqanları da tam yenidən formalaşdırıldı. Hüquqi islahatların nəticəsi olaraq prokurorluq müasir dövrün tələblərinə cavab verən, fəaliyyətində qanunçuluq, dövlətçilik, siyasi bitərəflilik, obyektivlik, qərəzsizlik və insan hüquqlarının təmini kimi prinsipləri rəhbər tutan demokratik məzmunlu bir təsisata çevrildi. Xatırladım ki, Heydər Əliyevin 26 aprel 2000-ci ildə Respublika Prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi və prokurorluğun həyatında müstəsna rol oynamış tarixi görüşdən sonra Azərbaycan Respublikası Prokurorluğunda hərtərəfli islahatlara başlanılmaqla, dövlət başçısının tövsiyə və göstərişlərinə müvafiq olaraq həyata keçirilən tədbirlər sayəsində prokurorluğun demokratik məzmunda yeniləşdirilməsi, neqativ təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, son nəticədə cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması təmin edildi.

Həyata keçirilən hüquqi islahatlar nəticəsində 28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul edildi və bununla da insan hüquqlarının yeni bir qeyri-prosessual müdafiə mexanizmi formalaşdırıldı. Sonradan bu istiqamətdə həyata keçirilən islahatlar Ombudsman təsisatının respublikanın regionlarında mərkəzlərinin yaradılması və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) institutunun təsis olunması ilə davam etdirildi.

24 dekabr 2002-ci il tarixdə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanununun qəbulu insan hüquq və azadlıqları ilə hüquqi islahatların davamı idi. Konstitusiya qanunu bir tərəfdən referendum yolu ilə konstitusiya müddəlarının təkmilləşdirilməsinə, həm də Avropa İnsan Hüquqları Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə xidmət edirdi.

Dövrün tələbi ilə səsləşən mütərəqqi hüquq islahatlarının aparılması, ədalət mühakiməsini həyata keçirən məhkəmələrin müstəqilliyinin təmin olunması və qanunun aliliyi prinsipinin bütün səviyyələrdə qorunması vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf və insan hüquqlarının etibarlı müdafiəsi prosesinin fundamental şərtləridir. Yeni, müasir və mükəmməl dövlətçilik modelinin yaradılması, demokratik idarəetmə meyarlarının cəmiyyət həyatının müxtəlif sahələrində bərqərar olması çevik hüquqi mexanizmlərin yaradılmasından bilavasitə asılıdır. Şübhəsiz ki, ictimai münasibətlər qanunlarla tənzimləndiyindən, cəmiyyət həyatındakı mühüm yeniliklər hüquq sistemində də əsaslı dəyişikliklər və yeniləşmə tələb edir. Bunu nəzərə alaraq Ulu Öndər Heydər Əliyevin insan hüquqlarının qorunmasını ön plana çəkməklə əsasını qoyduğu məhkəmə-hüquq islahatları son 17 ildə onun layiqli davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilib.

1995-ci ildən sonra Azərbaycan cəmiyyətinin keçdiyi böyük inkişaf yolu, ictimai-siyasi, sosial, mədəni həyatımızda baş verən yeniliklər müxtəlif vaxtlarda Konstitusiyaya əlavə və dəyişikliklər etmək zərurəti yaradıb. Ölkəmizdə 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə Konstitusiyaya dəyişikliklər edilib. Bu dəyişikliklərin hər biri demokratik inkişaf tələblərindən irəli gəlməklə məhkəmə islahatlarının həyata keçirilməsinə, seçki sisteminin, dövlət idarəçilik sisteminin, Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə, ictimai münasibətlərin daha dolğun tənzimlənməsinə yol açıb. Ən əsası, yeni əlavə və dəyişikliklər mahiyyətcə Konstitusiyanın daha da təkmilləşməsinə, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı prinsipial əhəmiyyətli məsələlərin bu sənəddə daha əhatəli ifadə olunmasına, onun müddəalarının liberallığına və daha demokratik səciyyə daşımasına xidmət edib.

2004-cü ildən ədalət mühakiməsinin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılmasının həyata keçirilməsinə başlanılıb. Təbii ki, islahatın yolu qanunlardan keçir, qanunvericilikdən başlayır. Bu baxımdan ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər çərçivəsində Avropa Şurası ilə əməkdaşlıq şəraitində hazırlanaraq qəbul edilmiş "Məhkəmələr və hakimlər haqqında” və "Məhkəmə-Hüquq Şurası haqqında” qanunlar xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq norma və prinsiplərə uyğun olan həmin qanunlara əsasən məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yaradılıb.

"Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və "Məhkəmələr və hakimlər haqqında” və "Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli fərmanı ilə 2010-cu ildə isə respublika üzrə vahid olan ağır cinayətlər məhkəməsinin əvəzində Bakı, Lənkəran, Gəncə, Şəki ağır cinayətlər məhkəmələri yaradıldı. Eyni zamanda respublikamızın məhkəmə-hüquq sistemində ən mühüm hadisələrdən biri kimi ilk dəfə olaraq inzibati ədliyyə institutu təsbit edilmiş, 1 və 2 saylı Bakı, Gəncə, Sumqayıt, Şəki, habelə Naxçıvan iqtisad məhkəmələrinin bazasında 1 saylı Bakı, 2 saylı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki,və Şirvan inzibati-iqtisadi məhkəmələri təşkil olundu.

Respublikamızda insan hüquqları sahəsində həyata keçirilən hüquqi islahatlar Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamı ilə davam etdirilib. Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət edib. 27 dekabr 2011-ci il tarixdə Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi isə bu siyasətin məntiqi davamı oldu. Beləliklə, insan hüquqları sahəsində həyata keçirilən islahatların davamı olaraq, yeni normalar nəzərdə tutan normativ-hüquqi aktların hazırlanması, yeni qanun layihələrinin qəbulu, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələrin müəyyən edilməsi insan hüquq və azadlıqlarının daha səmərəli təmininə verilən ən mühüm töhfələrdəndir.

Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı da insan hüquqlarının effektiv təmini istiqamətində həyata keçirilən islahatların davamlılığı baxımından yeni mərhələ oldu. Bu sərəncam mahiyyətcə hərtərəfli olmaqla özündə azadlıq hüququnun təmini baxımından yeni yanaşmaları özündə ehtiva etdi, həm də dövlət başçısının humanist siyasətinin növbəti təzahürü oldu.

Bütövlükdə məhkəmə orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər ölkədə ədalət mühakiməsinin yüksək keyfiyyətini, cəzanın tərbiyəvi əhəmiyyətini və səmərəliliyini təmin edib, vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, humanizm ideyalarının daha da geniş təşəkkül tapmasına imkanlar açıb.

2019-cu il Azərbaycanın siyasi və iqtisadi həyatında həqiqətən dərin islahatlar dövrü kimi yadda qaldı. Ən əsası odur ki, bu islahatlar həm də Azərbaycan vətəndaşlarının mənafeyinə xidmət etdi. Xüsusən 4,2 milyon vətəndaşı əhatə edən sosial paketlər ölkədə sosial rifahın daha da yaxşılaşdırılmasına yol açdı. Ötən il aprelin 3-də dövlət başçısının imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman isə islahatların kompleks xarakter daşıyaraq cəmiyyət həyatının müxtəlif sahələrini əhatə etdiyini göstərdi.

Ötən bir ildə fərmanın icrası istiqamətində əhəmiyyətli işlər görülüb, müvafiq qanunlar qəbul edilib. Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi çərçivəsində ilk qanunvericilik aktları paketi ötən ilin iyul ayında qəbul olundu və islahatların institusional komponentini əhatə etdi. Həmin qanunlara əsasən kommersiya məhkəmələri yaradıldı, inzibati məhkəmələr sisteminə yenilik gətirildi. Belə ki, Azərbaycan Prezidentinin "İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” 19 iyul 2019-cu il tarixli sərəncamı ilə Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan və Şəki şəhərlərində inzibati və kommersiya məhkəmələri yaradıldı. Buna qədər fəaliyyət göstərən Naxçıvan, 1 saylı Bakı, 2 saylı Bakı, Gəncə, Sumqayıt, Şirvan, Şəki inzibati-iqtisadi məhkəmələri isə ləğv edildi.

Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Azərbaycan Prezidentinin fərmanının icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketi ilə bağlı qanun layihələri ötən ilin dekabrında Milli Məclisdə müzakirəyə çıxarılaraq qəbul edilib və bu ilin martından qüvvəyə minib. Bununla da qanunvericiliyə edilmiş dəyişikliklər vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə prosesi iştirakçılarının məhkəmə ekspertizasının aparılması ilə bağlı hüquqlarının genişləndirilməsi kimi məsələləri əhatə etdi.

Hüquqi islahatlar siyasətinin davamı olaraq bu yaxınlarda cənab Prezident "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikilik edilməsi haqqında” və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihələrini Milli Məclisə təqdim etmişdir. Bu qanun layihələri Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanının ikinci bəndinə uyğun olaraq cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədi ilə hazırlanmışdır. Hər iki qanun layihəsi 3 oxunuşda Milli Məclis tərəfindən qəbul edilmişdir və 2020-ci il iyun ayının 1-də qüvvəyə minəcək.

Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu insan hüquq və azadlıqlarının təmin olunması siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən keyfiyyətcə yeni mərhələyə yüksəlib. Respublikamızda həyata keçirilən bütün hüquqi islahatların mərkəzində də hüquq sisteminin zamanın çağırışlarına uyğun formalaşdırılması ilə yanaşı, məhz vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatı dayanır.

Ziyafət ƏSGƏROV,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri,
YAP Siyasi Şurasının üzvü