30 sentyabr 2020 10:05
734

İnsan hüquq və azadlıqlarının təmin edilməsində prokurorluq orqanlarının rolu

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında hazırlanaraq referendum yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası xalqın dövlətçilik iradəsinin, suverenliyinin təcəssümünə çevrilən ali hüquqi sənəd olmaqla, cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin idarəçilik sistemini tənzimləyir.

Əsas Qanunda Azərbaycan xalqının hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq əhalinin bütün təbəqələrinin layiqli həyat səviyyəsini təmin etmək, bəşəri və multikultural dəyərlərə sadiqlik göstərərək bütün dünya xalqları ilə dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək niyyəti əks olunmuşdur.

Konstitusiya təkcə dövlətçiliyin hüquqi bazasını yox, həm də xalqın milli inkişaf prioritetlərini müəyyənləşdirərək özündə əks etdirən, insanlara həmin prinsipləri aşılayan, dövlət idarəçiliyinin çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsini təmin edən fundamental hüquqi sənəddir.

Azərbaycan 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini elan edərək beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrildikdən sonra demokratik cəmiyyətin atributu olan yeni milli Konstitusiyanın qəbulu ciddi vəzifə kimi qarşıda dayanırdı. Bu, ilk növbədə, vətəndaşlarının uzun müddətdir ki, uyğunlaşdığı totalitar rejimdən böyük bir kəsiminin qəbul edə bilmədiyi liberal cəmiyyətə keçmək istəyən Azərbaycanda keyfiyyətcə yeni dövrün tələblərinə cavab verən demokratik hüquq sistemi formalaşdırmaq, dövlətin inkişaf perspektivlərini xalqın iradəsinin güzgüsü olan Konstitusiya ilə müəyyənləşdirmək zərurəti ilə şərtlənirdi.

1995-ci il mayın 2-də Milli Məclisin iclasında ümummilli lider Heydər Əliyevin sədrliyi ilə 32 üzvdən ibarət Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan Dövlət Komissiyasının yaradılması ilə bağlı qərar qəbul edildi. İşin həcmi, əhəmiyyəti nəzərə alınmaqla, ayrı-ayrı vətəndaşlar, təşkilatlar və dövlət orqanları tərəfindən daxil olan təkliflərin dərindən öyrənilməsi məqsədi ilə komissiyanın 1995-ci il 5 iyun tarixli qərarı ilə işçi qrup yaradıldı. Həmin iclasda çıxış edən ümummilli lider Heydər Əliyev Konstitusiyanın xalqın və dövlətin taleyində müstəsna əhəmiyyətini nəzərə alaraq deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

Nüfuzlu hüquqşünasların, o cümlədən cəmiyyət arasında qəbul edilmiş görkəmli ictimai-siyasi və elm xadimlərinin daxil olduğu komissiya Ulu Öndərin rəhbərliyi altında gərgin işləyərək, Konstitusiyanın hər bir müddəası ətrafında geniş müzakirələr aparmışdır. 6 ay sürən ictimai müzakirələrdən sonra 1995-ci ilin 12 noyabrında müstəqil Azərbaycanın ilk Konstitusiyasının referendum yolu ilə qəbulu çağdaş tariximizin mötəbər hadisələrindən biri olmaqla, Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı ən mühüm xidmətlərindən sayılır. Böyük strateq Konstitusiyanın hər bir müddəasını şəxsən nəzərdən keçirir, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə məsuliyyətlə yanaşırdı. Ulu Öndər sonralar çıxışlarında bu barədə deyirdi: “Bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var ki, deyəm, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam. Onun bu gün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altına imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bəyan edirəm”.

Konstitusiya 1995-ci ildə qəbul olunmasına baxmaraq, müasir yanaşmanı, gələcəyə dönük ideyaları özündə əks etdirməsi və özəyinin insanlara xidmət etməsi ilə seçilirdi. 1995-ci il Konstitusiyasının əsasında hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, hakimiyyətlərin bölünməsi prinsipinə ciddi riayət olunması, insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi kimi bəyan edilməsi, beynəlxalq hüququn milli qanunvericilik üzərində üstünlüyü kimi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən mütərəqqi ideyalar dayanmışdır. Öz müqəddəratını sərbəst və müstəqil həll etməyi və idarəetmə formasını müəyyənləşdirməyi Azərbaycan xalqının suveren hüququ kimi tanıyan Konstitusiya Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan etmişdir. Əsas Qanun ənənəvi hüquqi dövlət ideyalarını özündə ehtiva etməklə yanaşı, bu ideyaların inkişaf meyillərini də nəzərə almış, onları özünəməxsus milli dəyərlər və təsdiq olunmuş müasir yanaşmalarla zənginləşdirmişdir.

Ümumilikdə, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi fəlsəfəsində bir ali məqsəd - insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı məramı dayanır. İnsan şəxsiyyətinin toxunulmazlığı, onun həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmini, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Respublikası Konstitusiyasının başlıca mahiyyətini təşkil edir.

Konstitusiyada əksini tapmış strateji məqsədlər, ilk növbədə, hüquqi islahatların və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri etmişdir.

28 dekabr 2001-ci il tarixli “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, 24 dekabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” konstitusiya qanunları Milli Məclisdə Əsas Qanuna əlavə kimi qəbul edilməklə, ölkədə insan hüquq və azadlıqlarının daha etibarlı təminatı məqsədindən irəli gəlmişdir.

Ölkə Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyun ayının 18-i Azərbaycanda “İnsan Hüquqları Günü” kimi qeyd olunması qeyd olunan siyasətin məntiqi ardıcıllığı kimi başa düşülməlidir.

İctimai həyatın ən müxtəlif sahələrində özünü göstərən yeniliklər onun xarakterində təkmilləşmə və innovativ yanaşmanı obyektiv ehtiyac kimi ortaya çıxarmış və bunu zəruri etmişdir. Bu baxımdan Azərbaycan Konstitusiyasına 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da ümumxalq referendumu ilə edilmiş bir sıra əlavə və dəyişikliklər cəmiyyətin sosial sifarişindən, ictimai münasibətlər sisteminin xarakterindən irəli gəlirdi.

“Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli fəaliyyət planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli imzaladığı Sərəncamda Azərbaycanın müasir inkişaf dövrünün hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir.

Təsadüfi deyil ki, ölkə başçısının 27 dekabr 2011-ci il tarixli “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamında Azərbaycan Respublikasının Baş Prokurorluğunun da Milli Fəaliyyət Proqramının həyata keçirilməsində fəal iştirak etməsi tövsiyyə olunmuşdur.

Prokurorluq orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə qəbul edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını ölkəmizdə uğurla həyata keçirilmiş və insan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı həyata keçirilən ardıcıl və sistemli tədbirlər bu prosesin hazırda keyfiyyətcə yeni müstəviyə keçməsinə səbəb olmuşdur.

İnsan hüquq və azadlıqlarının qorunması sahəsində dövlət siyasətinin həyata keçirilməsində prokurorluq orqanlarının üzərinə böyük vəzifələr düşür. Qeyd olunan vəzifələrin həyata keçirilməsi üçün dövlət tərəfindən bir çox addımlar atılmış, prokurorluq orqanları həmişə dövlətin diqqəti və qayğısını öz üzərində hiss etmişdir.

Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üzrə atılan mühüm addımlardan biri də prokurorluq sistemində çoxşaxəli islahatların aparılması, bu orqanın vəzifə və funksiyalarının müasir tələblərə uyğunlaşdırılması olmuşdur. Bu məqsədlə, 1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiyamıza əsasən prokurorluq məhkəmə hakimiyyəti sisteminə daxil edildi. 7 dekabr 1999-cu il tarixdə “Prokurorluq haqqında” Qanunun qəbul edilməsi bu islahatlar içərisində mühüm yer tutdu. Qanunun 5-ci maddəsində prokurorluğun fəaliyyətinin əsas prinsipləri içərisində hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik prinsipləri qanun şəklində əks etdirildi.

2002-ci ildə Konstitusiyada edilmiş dəyişikliklərə əsasən, Baş prokurorluğa qanunvericilik təşəbbüsü verilmişdir. Azərbaycan prokurorluğu üzərinə düşən vəzifələri hər zaman yüksək əzmkarlıqla, prinsipiallıqla həyata keçirməklə, dövlətçiliyin sadiq keşikçisinə çevrilmişdir.

Dövlətimizin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq normaların prioritetini qəbul etməsi öz əsasını təkcə Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq sənədlərdə deyil, habelə “Prokurorluq haqqında” Qanunda, cinayət prosessual qanunvericilikdə və digər milli qanunlarda da tapmışdır. Belə ki, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən prokurorluq haqqında qanunvericilik təkcə Konstitusiya və digər qanunlardan deyil, eyni zamanda, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Qeyd olunanlar prokurorluğun insan hüquq və azadlıqlarının qorunması sahəsində beynəlxalq səviyyədə qəbul edilmiş normalara hörmətlə yanaşmasını və öz işini göstərilən şəkildə qurmasını bir daha təsdiq edir.

Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar artıq yeni mərhələdə davam edir. Birmənalı iddia etmək olar ki, Azərbaycanın iqtisadi və siyasi dizaynı tamamilə yenilənmiş, ölkə başçısının qərarları köklü islahatlar və “daha çox demokratiya” strategiyasının işə düşməsindən xəbər verir. Dövlət orqanlarının işinin təkmilləşdirilməsi istiqamətində atılan real addımlar, yeni idarəetmə modelinə keçidin əsası da adlandırıla bilər. Əlbəttə, prokurorluq orqanları da bu islahatlardan kənarda qalmamışdır. Tələb edilən müasir idarəetmə sisteminin işlək vəziyyətə gətirilməsi və daha inkişaf etdirilməsini təmin etmək üçün prokurorluq orqanlarında köklü islahatların işlənib həyata keçirilməsinin zamanı artıq gəlib çatmışdır.

Prezident İlham Əliyevin 1 may 2020-ci il tarixdə Azərbaycan Respublikasına yeni Baş prokuror təyin etməsi və elə həmin gün videoformatda qəbulu zamanı dövlət başçısının verdiyi dəyərli tapşırıq və tövsiyələrin qısa müddətdə prokurorluq orqanlarında həyata keçirilməsi ilə prokurorluqda yeni inkişaf mərhələsinin əsasını qoymuşdur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturunun təsdiq edilməsi, strukturun yenidən formalaşdırılaraq müasir tələblərə cavab verən, beynəlxalq təcrübəyə əsaslanan və hal-hazırkı dövrdə mövcudluğu kifayət qədər əhəmiyyətli olan Hüquqi təminat və insan hüquqları məsələləri, Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələrinin yaradılması qeyd olunan yeni mərhələnin artıq başlamasının məntiqi nəticəsidir. Həyata keçirilməsi nəzərdə tutulan köklü islahatların idarəetmə mexanizmi olan “İşin Təşkili Qaydaları” təsdiq edilərək 1 avqust tarixindən qüvvəyə minmişdir.

Sosial şəbəkələrdə aktiv fəaliyyət, veb saytın yenilənməsi, prokurorluğun gündəlik fəaliyyətini nümayiş etdirən videoçarxların hazırlanması vətəndaşların prokurorluğa əlçatanlığını təmin etməklə, onların prokurorluq orqanlarına olan inamını artırır.

Ölkə başçısının verdiyi tövsiyələr əsasında prokurorluq orqanlarında həyata keçirilən islahatlar, Baş Prokuror II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin təcrübəsi və müasir yanaşması ölkəmizə insan hüquq və azadlıqlarının təmin edilməsində prokurorluq orqanlarının rolunu əhəmiyyətli dərəcədə artıracaq və bu sahəyə öz töhfəsini verəcəkdir.

Bu gün prokurorluq işçiləri öz üzərilərinə düşən məsuliyyəti, dövlət tərəfindən göstərilən diqqət və qayğını, onlara olan yüksək etimadı dərindən hiss etməklə Vətəninə sədaqətlə xidmət edərək, xidməti vəzifələrinin icrasına daim vicdanla yanaşaraq bu münasibətə adekvat cavab vermək üçün əlindən gələni əsirgəmir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu dövlət müstəqilliyinin əbədi olaraq qorunub saxlanılması, müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması və xalqımızın firavan gələcəyinin təmin edilməsi naminə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsində müstəsna rol oynayır və bu missiyanı daim davam etdirəcəkdir.

Asiman Hacıyev,

Bakı şəhəri, Nəsimi rayon prokurorluğunun müstəntiqi,
II dərəcəli hüquqşünas