16 may 2019 10:47
1241

İnsan kapitalı, insan haqlarının müdafiəsi, demokratiyanın inkişafı

Sabitliyin, qanunun aliliyinin təmin olunması demokratiyanın əsas elementləridir, bu halda böyük əminliklə deyə bilərik ki,  Azərbaycan demokratik, hüquqi, sivil dəyərlərə sadiqdir və bunu davamlı addımları ilə təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri zamanı keçirdiyi görüşlərdə də  Azərbaycanın demokratik inkişafı təqdir olunmuş, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin yüksələn xətlə inkişafında  bu amilin rolu xüsusi vurğulanmışdır. O da məlumdur ki, ötən il Azərbaycanla qurum arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədində ölkəmizin tolerantlıq ənənələri, multikultural dəyərlərin inkişafına töhfələri, ən əsası insan hüquqlarının qorunması istiqamətində atdığı addımlar yüksək dəyərləndirilmişdir. Ötən il Almaniyanın Federal Kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycanda keçirdiyi görüşlərdə də ölkəmizin demokratik inkişafına xüsusi diqqət yönəldilmişdir. Səfərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi dövrünə təsadüf etdiyini önə çəkən Almaniyanın Kansleri  “Azərbaycan artıq ənənələri olan bir dövlətdir” söyləyərək münasibətlərin inkişafında demokratik inkişafın düzgün dəyərləndirilməsinin böyük rolu olduğunu  qeyd etmişdir.

Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında, bu və ya digər xarici ölkələrə səfərləri zamanı  keçirdiyi görüşlərdə  Azərbaycanın demokratik inkişaf yolunda inamla irəlilədiyini, uğurlarımızı həzm etməyən dairələrin daim ölkəmizə qarşı  əsassız iddialarla çıxış etdiyini xüsusi vurğulayır.  “Azərbaycan demokratik dəyərlərə, insan haqlarına sadiqdir” söyləyən ölkə Prezidenti İlham Əliyev   Azərbaycana qarşı əsassız iddialarla çıxış edən  Avropa Şurası kimi demokratik prinsiplərin inkişafı ilə bilavasitə məşğul olan qurumların yanaşmalarına münasibət bildirərkən qeyd edir ki,  təkcə  Azərbaycanı yox, bir çox ölkələri tənqid edir.  Biz bu tənqidə normal yanaşırıq: “Əgər tənqid  əsaslıdırsa, biz, əlbəttə, nəticə çıxarırıq. Əgər biz hesab ediriksə, bu tənqid əsassızdır, qərəzlidir, ikili standartlara əsaslanır, əlbəttə ki,  öz sözümüzü deyirik, açıq şəkildə bildiririk... Azərbaycan müasir, demokratik ölkə kimi bundan sonra da  uğurla inkişaf edəcək, bizim siyasi və iqtisadi islahatlarımız biri-birini tamamlayaraq Azərbaycanı daha da yüksək səviyyəyə çıxaracaqdır.”

İqtisadi müstəqillik olmadan siyasi müstəqilliyə nail olmaq qeyri-mümkündür.   Yoxsulluq səviyyəsi bu gün 5 faiz səviyyəsindədir. Bu onun nəticəsidir ki,  maddi resurslar insan kapitalına çevrilir. Cənab  İlham Əliyev uğurların təməlində dayanan əsas amillərdən bəhs edərkən  ölkəmizdə mövcud olan sabitliyi  xüsusi  qeyd etmişdir. İnvestorlar və şirkətlər tam  əmindirlər ki, inkişaf təhlükəsizlik və sabitlik olan yerdə mümkündür.

“Avropa İttifaqı ilə  Azərbaycan arasında  bu gün müzakirə olunan yeni sazişdə  də demokratik məsələlərə geniş yer ayrılır. Yəni biz bu yola şüurlu şəkildə  getmişik, heç kim bizi məcbur etməyib” söyləyən ölkə Prezidenti İlham Əliyev bu reallığı da diqqətə çatdırır ki,  Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı təmin edilir. Azərbaycanda yüzlərlə mətbu orqanı fəaliyyət göstərir ki, onların arasında müxalifət mətbuatı da  kifayət qədər çoxdur.  Yəni Azərbaycanda  heç kim tənqidə, fərqli baxışa  görə təqib olunmur, heç kim cəzalandırılmır. Azərbaycanda sərbəst toplaşma azadlığı da təmin edilir və istənilən siyasi qüvvə bu imkanlardan istifadə edə bilər.

Bir əsas məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizdə  internet azaddır, senzura yoxdur. Ölkə əhalisinin 85 faizdən çoxu internet istifadəçisidir. Əvvəldə də qeyd etdiyimiz kimi,  2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycanın tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə olduğunu bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan müxtəlif dini və etnik qrupların nümayəndələrinin sülh şəraitində birgə yaşayışına yaxşı nümunədir.  Müasir dövrdə  qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq münasibətlərin  güclənməsi, ölkələr arasında əlaqələrin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində  ümumi elementlərin artması ilə səciyyələnir.

Məhz demokratik inkişaf ölkəmizdə iqtisadi tərəqqiyə geniş yol açır. İqtisadi və siyasi islahatların paralelliyi fonunda Azərbaycanın davamlı inkişafı təmin edilir, ölkə iqtisadiyyatına qoyulan sərmayələrin həcmi artır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  son 15 ildə ölkə iqtisadiyyatına  250 milyard dollar  sərmayə qoyulub ki,  bunun da təxminən yarısı xarici sərmayədir.

Dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə səfərləri çərçivəsində keçirilən mətbuat konfranslarında demokratik inkişafla bağlı  qərəzdən yaranan sualların mövcudluğu məlum olaylardandır. Cənab İlham Əliyevin bu suallara cavabları ümumilikdə dünyaya bir çağırış kimi də dəyərləndirilməlidir. Bu baxımdan ki, daim dünyanın ikili siyasəti ilə üz-üzə qalan Azərbaycan demokratik inkişafın dəyərləndirilməsində də bu yanaşmanı açıq şəkildə görür.  Ölkə Prezidentinin Almaniyaya səfərlərinin birində müxbirin “İnsan  hüquqları məsələsi ilə əlaqədar xanım  Kansler  Sizinlə söhbət etmişdir.  Bilmək istərdim, Sizin bu məsələ ilə əlaqədar  fikriniz necədir?  Yəni Siz hakimiyyəti tənqid edən  mətbuat üzvləri ilə  əməkdaşlığa  hazırsınızmı, açıqsınızmı” sualına cavabını xatırlatmaq istərdik: “Əlbəttə, şübhəsiz.  Çünki Azərbaycan artıq  2001-ci ildən  Avropa Şurasının üzvüdür və Avropa Şurası qarşısında  götürdüyü bütün öhdəlikləri  vaxtında, şərəflə  yerinə yetirir. Azərbaycanda  qanunvericilikdə Avropa standartlarına yaxın  olmaq üçün  çoxsaylı qanunlar  qəbul edilmişdir, praktik həyatda biz bunu görürük. Bir daha demək istəyirəm ki,  Azərbaycanda bütün insan hüquqları  təmin edilir və  beynəlxalq təşkilatlar çərçivəsində bu məsələlər müzakirə olunur. Mən xanım Kanslerə dedim ki,  insan hüquqlarının qorunmasında heç bir ölkə  özünü kamil hesab edə bilməz.  Hər bir ölkədə problemlər var, o cümlədən Azərbaycanda. Əsas məsələ ondadır ki, bu problemlər  öz həllini necə tapır və hökumətin niyyəti nədən ibarətdir. Azərbaycanda tənqidi fikrə görə, ümumiyyətlə,  fikrə görə heç kim  təqib olunmur, heç kim həbs edilmir. Bir daha demək istəyirəm ki,  Azərbaycanda söz  azadlığı tam şəkildə  təmin olunur, yüzlərlə mətbu orqan var. Bir daha xatırlatmaq istəyirəm ki,  sərbəst və azad internet olan bir ölkədə  söz azadlığı boğula bilməz... Azərbaycanda  müasir dövlət qurulur.”

Reallıq  budur ki, Azərbaycan mətbuat azadlığı, şəffaflıq, demokratiya, insan hüquqlarının qorunması  sahəsində heç bir Qərb və Avropa  dövlətindən geri qalmır. Heç bir dövlətdə  bu sahədə vəziyyət  bizdəkindən yaxşı deyil. Ölkəmizdə hazırda 40-dan artıq siyasi partiyanın, 3 minə yaxın qeyri-hökumət təşkilatının qeydiyyatdan keçməsi də demokratik inkişafın göstəricilərindəndir. Onların fəaliyyəti üçün  mövcud qanunvericilik bazasının ildən-ilə  təkmilləşdirilməsi  dövlətimizin siyasətində müasirləşmənin, yeniləşmənin əsas xətt kimi qəbul edildiyini təsdiqləyir.  Bu kimi faktlar eyni zamanda  göstərir ki,  siyasətində  insan hüquqlarının qorunmasına və demokratik islahatların sürətləndirilməsinə xüsusi diqqət yetirən  Azərbaycanın dünya dövlətləri, beynəlxalq  təşkilatlarla  əməkdaşlığı  tərəflərin maraqlarına uyğun şəkildə  davam etdirilir.   Ölkəmizdəki   sabitlik, davamlı inkişaf və vətəndaş cəmiyyətinin formalaşması  ilə xarakterizə edilən iqtisadi tərəqqi  demokratik təsisatların  inkişafı üçün etibarlı zəmin yaradır. Dövlətimizin  başçısı İlham Əliyev uğurlarımızın təhlili fonunda bir daha bildirir ki, əsas məqsədimiz  Azərbaycanda bütün sahələrdə işləri ən yüksək səviyyədə təmin etməkdir.

2019-cu ilin təkmil islahatlar ili kimi xarakterizə olunacağını əsaslandıran amillərdən biri   idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edən Fərman və sərəncamlarıdır.  Dövlətimizin başçısı ölkədə aparılan islahatların əsas strategiyasının sosial-iqtisadi inkişafın təmin edilməsinə, demokratik dəyərlərin inkişafına və dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinə yönəldiyini bildirir.  Cənab İlham Əliyevin 3 aprel  2019-cu il tarixli  “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı bir daha demokratik təsisatların inkişafının prioritetliyinə işıq saldı. Qeyd etdiyimiz kimi, demokratik dəyərlərə sadiqlik, insan hüquq və azadlıqlarının qorunması üçün mükəmməl qanunvericilik bazasının yaradılması hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyən dövlətimizin siyasətinin əsas tərkib hissəsidir.   Ölkədə aparılan islahatlar insan amilinə verilən dəyərin aydın ifadəsidir. İslahatların əsasında insan kapitalı, insan haqlarının müdafiəsi və demokratiyanın inkişafı dayanır. Azərbaycanın Avropa Şurası, Avropa İttifaqı  ilə, həmçinin bu qurumlara üzv olan ölkələrlə əlaqələrinin bu  dəyərlər üzərində  inkişafı ölkəmizin demokratik prinsiplərə sadiqliyini  sözdə deyil əməldə təsdiqlədiyini nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə bu məqama xüsusi diqqət yönəltmişdir: “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi ilə bağlı bu yaxınlarda Fərman imzalanıb. İndi əməli işlər aparılır ki, Fərmanın icra edilməsinə başlansın... Biz qabağa baxmalıyıq. Dünya dəyişir, bir daha demək istəyirəm, biz ön sıralarda olmalıyıq və olacağıq da. Çünki üfüqlər açıqdır, siyasətimiz tam aydındır və gələcəyə nikbinliklə baxmaq üçün bütün əsaslar var.”

Əsas məqsədimizin gələcəyə baxışımız olduğunu bildirən cənab İlham Əliyev, eyni zamanda, bu əminliyi ifadə etmişdir ki,  bütün planlar reallaşacaq: “Necə ki, bu günə qədər reallaşıb, bundan sonra da reallaşacaq. Çünki buna bizim iradəmiz də çatır, gücümüz də var, xalq da bizim siyasətimizi dəstəkləyir. Biz bundan sonra yalnız və yalnız uğurlar və qələbələr yolu ilə gedəcəyik.”

Yeganə Əliyeva, “İki sahil”