16 oktyabr 2019 10:54
677

İnsanlıq nümunəsi, alimlik qüdrəti və pedaqoq məharəti ilə sayılıb-seçilən insan

İSA HƏBİBBƏYLİ MİLLİ TƏƏSSÜBKEŞLİK HİSSLƏRİNİ ÖZÜNDƏ BİRLƏŞDİRƏN AKADEMİK ALİMDİR

Həyatımız çox ibrətamiz, sehirli anlarla doludur. Bu anlar hər bir insanın öz əməlləri ilə yaşanır. Ulu Tanrının hökmü ilə hər kəs öz tərcümeyi-halını yazır. Tərcümeyi-halın zənginliyi, maraqlılığı, saflığı onun sahibinin əməlləri ilə müəyyənləşdirilir. Öz tərcümeyi-halı ilə elmi mühitdə ən ali yerini tutan alimlərimizdən biri də filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Əməkdar elm xadimi İsa Həbibbəylidir. Elmin fanatiki müdriklərin gözündə alim ucalığı yaradır, elm tarixində isə onun qızıl fondunun yaşarı şəklinə çevrilir. Akademik İsa Həbibbəyli məhz belə fanatik alimlərimizdəndir. İsa Həbibbəylinin elmi-tədqiqat işini daha səmərəli edən onun müəllimlik fəaliyyətidir. Akademik auditoriyada dərs deyərkən oxuduğu mühazirələrin yeni istiqamətlərini aramış, onların məzmununu təkmilləşdirərək lazımi səviyyəyə qaldırmışdır.

İsa Həbibbəylinin orta məktəbdən akademikliyə qədər keçdiyi yolu onun müəllim sənəti müşayiət etmişdir. Alimlik və pedaqoji fəaliyyət İsa Həbibbəyli yaradıcılığının qoşa qanadlarıdır.

XX əsr Azərbaycan ədəbiyyatı tarixinə dair dərin araşdırmaları görkəmli akademikin elmi fəaliyyətindən qırmızı xətt kimi keçir. İsa Həbibbəyli XX əsr Azərbaycan ədib və şairlərin yaradıcılığının tədqiqinə, onların ədəbi-pedaqoji fikirlərini təhlil edib ümumiləşdirərək gənc nəslə çatdırılmasına geniş yer vermişdir. XX əsr Azərbaycan ədəbiyyatı irsinə çox böyük hörmət və ehtiramla yanaşan İsa Həbibbəyli Abbas Səhhət, Məhəmməd Hadi, Hüseyn Cavid, Abdulla bəy Divanbəyoğlu, Əlibəy Hüseynzadə, Cəlil Məmmədquluzadə və digər görkəmli şəxsiyyətlərin ədəbi və pedaqoji yaradıcılıqlarını tədqiq edib ümumiləşdirmiş, onların maarifçilik sahəsindəki fəaliyyətlərini obyektiv şəkildə qiymətləndirmişdir. Bu da İsa Həbibbəylinin milli irsə nə dərəcədə bağlı ziyalı, yeni nəslə soykökünü, mədəni bütövlüyünü tanıdan alim olduğunu bariz şəkildə təsdiqləyir.  İctimai-sosial problemlərin dialektikasında bu konsepsiya xalqın dünyagörüşünün necə təşəkkül tapıb formalaşmasını, xalqın mədəni inkişafı ilə bağlılığını göstərir. Akademikin fikrincə, bunlar inkar və təsdiqin dialektikasından doğan, arxiv sənədlərinin ümumiləşdirilməsindən ortaya çıxan danılmaz həqiqətdir.

Akademik İsa Həbibbəyli ədəbiyyat fənninin tədrisində əvəzsiz olan mükəmməl dərsliklərin, maraqlı kitab və monoqrafiyaların müəllifi kimi tanınır. Onun bu sahədəki dəyərli tədqiqatları ədəbiyyat elminin incəliklərinə dərindən yiyələnmək istəyən hər bir kəs üçün zəngin bir mənbədir. “Romantik lirikanın imkanları”, “Ədəbiyyat nəzəriyyəsi”, “Zamanın dühası”, “Əsrin dörddə biri”, “Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığının əsas tarixləri”, “XX əsr Azərbaycan yazıçıları”, “Millilik və bəşərilik”, “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri”, “Nuhçıxandan Naxçıvana” və digər əsərləri bu gün də tələbələrin, magistr, dissertant və doktorantların stolüstü kitabıdır. Universitet və institutlarda istifadə olunan “Ədəbiyyatşünaslığın əsasları”, Azərbaycan ədəbiyyatı tarixindən olan proqramlar məhz akademik İsa Həbibbəylinin rəhbərliyi və bilavasitə iştirakı ilə yazılmışdır. Azərbaycan ədəbiyyatı tarixi elminin inkişafında özünəməxsus rolu olan  akademik İsa Həbibbəylinin 500-dən artıq monoqrafiya, kitab və çoxsaylı məqalələri, milli ədəbi fikrin görkəmli nümayəndələrinin yaradıcılığına həsr edilmiş digər tədqiqat əsərləri  ədəbiyyatçılar, pedaqoqlar, psixoloqlar, tarixçilər, dilçilər tərəfindən daim yüksək qiymətləndirilmişdir.

Akademik İsa Həbibbəyli böyük Azərbaycan mütəfəkkir yazıçısı, pedaqoq, jurnalist, ictimai xadim, tərcüməçi, nasir Cəlil Məmmədquluzadənin ədəbi-pedaqoji fəaliyyətinin araşdırılması sahəsində böyük zəhmət çəkmiş, sistemli tədqiqat apararaq mühüm nəticələr əldə etmişdir. Alim uzunmüddətli və gərgin araşdırmalarının əsasında onunla bağlı ondan artıq kitab, Azərbaycan, gürcü, rus, ingilis, alman, ərəb və digər dillərdə kitablar, foto-albomlar, məqalələr yazmış, böyük demokrat Cəlil Məmmədquluzadənin ədəbi irsinin sistemli, sanballı və dolğun tədqiqatlarına nail olmuşdur. İsa Həbibbəylinin Mirzə Cəlillə bağlı arxivlərin qaranlıq zirzəmisindən üzə çıxardığı sənədlər Əziz Şərifin, Mirzə İbrahimovun, Kamal Talıbzadənin, Əziz Mirəhmədovun, Abbas Zamanovun, Anarın, Şəmistan Nəzirlinin, Ramiz Əsgərin, tərcüməçi Tamara Kalyakinanın və başqalarının da qürur mənbəyinə çevrilmişdir. Xalq yazıçısı, akademik Mirzə İbrahimov İsa müəllimin axtarışlarına və tapıntılarına sevinərək ona ünvanladığı məktubunda yazırdı: “...Bizim xalqın Cəlil Məmmədquluzadə kimi böyük oğullarına belə sönməz  hörmət və məhəbbəti görəndə [İsa Həbibbəylini nəzərdə tutur - K.C.] mənim ürəyim dağa dönür və öz-özümə deyirəm: bəli, ardımızca yaxşı nəsil gəlir, köklərinə bağlı olan, ata-babasını unutmayan nəsil! Belə nəsillər yetirən xalq ölməzdir! Sağ ol, var ol, əzizim!”. Akademik Kamal Talıbzadə də İsa Həbibbəylinin apardığı araşdırmaları təqdir edərək, dəyər verərək məktubda yazır: “Cəlil Məmmədquluzadə” kitabın əladır. Ağır zəhmətin məhsuludur. Görünür ki, onu özünə layiq şəkildə təqdim edə bilmisən. Axı, o boyda nəhəngi [Cəlil Məmmədquluzadəni - K.C.] bütün dünyası ilə əks etdirmək asan məsələ deyil. Arxiv işlərini də həddindən artıq dəyərləndirirəm. Yeni axtarışlarsız, tədqiqatsız elmi irəli aparmaq olmaz. Bu həqiqəti, görünür, dərindən dərk etmisən.

Əziz Mirəhmədov isə İsa Həbibbəylini elmin fədaisi adlandıraraq yazırdı: “Ədəbiyyatşünaslığımızda axtarışlar, sənədlilik axır vaxtlar zəifləmişdir. “Nəzəriyyəçi” alimlər gözlərini göyə dikib əsər yazır, qalanlarının da çoxu tədqiqat materialını “hazır şəkildə” özlərindən götürüb heç üstünü də vurmurlar. Allah sənin kimi fədai tədqiatçıları çox yetirsin bizə.”

Akademik İsa Həbibbəyli ilk məqalələrindən başlayaraq Cəlil Məmmədquluzadənin fikir və görüşlərini təhlil süzgəcindən keçirmişdir. Akademikin ötən əsrin 80-90-cı illərində ədəbi-pedaqoji ictimaiyyətin müzakirəsinə verilmiş “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının əsas tarixləri” (1986), “Cəlil Məmmədquluzadə” (1987) kitabları demokrat yazıçının pedaqoji fəaliyyəti və görüşlərini sistemli əks etdirən ilk sanballı əsərlərdir. Xüsusilə, “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” əsərinin elmi məziyyətləri haqqında mətbuatda xeyli material dərc olunmuş, alimin əməyi yüksək qiymətləndirilmişdir. Həbibbəylinin bu şəxsiyyətlə bağlı qiymətli əsərləri nəinki respublikamızda, hətta keçmiş SSRİ-nin bir sıra məşhur nəsriyyatları tərəfindən çap olunmusdur.

“Böyük alim olmaq üçün həm də gözəl insan olmaq lazımdır” deyənlər, görünür, əsla yanılmamışlar. Akademik İsa Həbibbəyli bu iki ucalığı öz şəxsində bir araya gətirməklə özü də bir zirvəyə yüksəlmişdir. Ədəbiyyat və ədəbiyyat nəzəriyyəsinin incə sirlərinə dərindən bələd olan geniş erudisiyalı alim kimi İsa Həbibbəylinin dəyərli məsləhət və tövsiyələri elm yolunda olan gənc tədqiqatçılar üçün də böyük əhəmiyyət daşıyır. Azərbaycan elmi-pedaqoji kadr hazırlığında müstəsna xidmətləri olan akademik İsa Həbibbəylinin ürəyinin odundan, gözünün nurundan, yüksək intellektindən indiyədək 50-dən artıq tədqiqatçıya pay düşmüşdür. Həbibbəylinin rəhbərliyi altında aparılmış tədqiqatların xarakterik cəhətlərindən biri onlarda problem müxtəlifliyinin olması və bunların əksəriyyətinin rəhbərin özünün tədqiqat obyekti ilə məhdudlaşmamasıdır. Aktuallığı, miqyası ilə seçilən bu tədqiqatlardan əldə olunan nəticələr və elmi yeniliklər bu sahənin nəzəri-təcrübi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

İsa Həbibbəylinin elmi fəaliyyətində diqqəti cəlb edən cəhətlərdən biri özünün tədqiqatlarından kənarda olan məsələlərin gənc tədqiqatçılar tərəfindən işlənməsini diqqət mərkəzində saxlamasıdır. Elmi fəaliyyətinin yetkin çağında da akademik İsa Həbibbəyli yetirmələrinə verdiyi bir tövsiyəyə sadiqdir: alim yetərincə öyrənməli, arayıb-axtarmalı, tutuşdurmalı, müqayisə etməli, sübuta yetirməli, doğrunun tərəfində olmalı, müdafiə etdiyini sübuta yetirməlidir. Bu, görkəmli akademikin rəhbəri olduğu dissertant və doktorantlarına necə böyük tələbkarlıqla yanaşdığını, onları əsl elm fədaisi kimi yetişdirmək istədiyinin bariz təcəssümüdür. İsa Həbibbəylinin dissertant və doktorantı olmuş tədqiqatçılar elmdə əldə etdikləri yüksək nailiyyətlərə görə özlərini İsa müəllimə mənən borclu sayır, məhz İsa Həbibbəylinin yüksək tələbkarlığı və qayğısı nəticəsində filoloji, pedaqoji tədqiqat sahəsində ciddi nəticələr qazandıqlarını etiraf edirlər. Peşəkar və istedadlı alimin rəhbərliyi altında elmin yüksək zirvəsini fəth etməyə nail olmuş bu alimlər indi öz müdrik sələfləri İsa müəllim ilə çiyin-çiyinə çalışırlar. Onun ərsəyə gətirdiyi yüksək ixtisaslı alim-filoloqların bir çoxu Azərbaycanın digər regionlarında elmi fəaliyyətlə məsğuldurlar. Zəngin intellekti və elmi potensialı ilə Azərbaycanın hüdudlarını adlayan İsa Həbibbəylinin Orta Asiyanın türkdilli  xalqları üçün elmi-pedaqoji kadr hazırlığı sahəsində də xidmətləri az deyil.

Dünya şöhrətli alim əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilən strateji siyasi kursun alternativsizliyi qənaətini birmənalı bölüşən, aydın mövqeyi olan ziyalıdır.

Siyasi dəyərlərin zamanla harmoniyasını vaxtında duymaq bacarığı, milli-mənəvi dəyərlərə bağlılıq, yüksək mədəniyyət, alicənablıq və müdriklik kimi keyfiyyətlər akademik İsa Həbibbəylinin ictimai portretinə ştrixlərdir. Xeyirxahlıq, insanlara sevgi, yaşının erkən çağlarından tanınmış ziyalının həyat amalına çevrilmişdir. Görkəmli elm xadiminin insanlarla ünsiyyəti, təmkini, yüksək mədəniyyəti, tələbkarlığı, gələcəyə inam eşqi, ilk növbədə biz tələbələri üçün də böyük örnəkdir. Akademik İsa Həbibbəylinin bu insani keyfiyyətlərinə təvazökarlığı, sadəliyi də əlavə olunmalıdır. Düzlük, doğruluq, saflıq, zəhmətsevərlik İsa müəllimin aurasını daha cəlbedici edir. Akademik İsa Həbibbəyli aydın fikrə, güclü məntiqə, geniş erudisiyaya, qibtəedici hafizəyə və tədqiqatçı səliqə-sahmanına malik alimdir. Məzmunlu və maraqlı mühazirələri ilə tələbələri ovsunlayan qəlb adamı, müəllimdir. Akademik İsa Həbibbəylini məhsuldar elmi yaradıcılığa oxucu minnətdarlığı, tələbə razılığı, kollektiv qədirbilənliyi ruhlandırır.

Mənalı ömür haqqında düşünəndə istər-istəməz yada Senekanın aşağıdakı fikirləri düşür: “Həyat təmsil kimidir, onu uzununa görə deyil, məzmununa görə qiymətləndirmək lazımdır”. Hər cür həyat yox, ancaq yaxşı həyat nemətdir. Akademik İsa Həbibbəyli Azərbaycan gəncliyini işıqlı sabaha hazırlayır. Bu sabaha salam deyəcək insanlar kimi onlara əzmkarlıq, qətiyyət, vətənpərvərlik öyrədir. Onun arzuları da ümman qədər sonsuzdur. Bu arzulara müstəqil respublikamızın dayaqlarının da möhkəmlənməsi, Azərbaycan xalqının milli yüksəliş istəyi qol-qanad verir. Bütün varlığı ilə bu istəyə bağlanan, arzularının reallaşması üçün “yoruldum” deməyən İsa Həbibbəylinin elm sahəsində gərgin əməyi əsl hünər nümunəsi sayılır deyərdim.

İnsanlıq nümunəsi, alimlik qüdrəti və pedaqoq məharəti ilə sayılıb-seçilən bir şəxsiyyətin - Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli İsa Həbibbəylinin yetmiş illik yubileyini qeyd etmək alimə ehtiram, müəllim nüfuzu qarşısında baş əymək, ağsaqqala hörmət deməkdir. Yubileyiniz mübarək olsun, İsa müəllim!

Ulu Tanrı Sizi qorusun!

Kamal Camalov,

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü