08 noyabr 2019 10:40
1396

İntellektual resurs və texnologiyaların vəhdəti iqtisadiyyatın inkişafında başlıca amillərdəndir

Dövlətimizin başçısı İlham Əliyevin kadr islahatları idarəçilik sistemində təkmilləşməni daha da sürətləndirir, dayanıqlı inkişafa geniş yol açır

Yeni inkişaf mərhələsinin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması,  elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

Uğurların davamlılığının təmin edilməsində elmin, təhsilin və iqtisadiyyatın birliyinin yaradılması vacib amil kimi önə çəkilir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrasında  əsas hədəflərdən biri məhz Azərbaycanda təhsilin, humanitar sahələrin inkişafına xüsusi diqqətin ayrılması, insan amilinin yüksək inkişaf səviyyəsinə nail olunması,  bilik və bacarıqların səmərəli tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan inkişaf modelinə keçidin təmin olunmasıdır.

Azərbaycanın ev sahibliyi etdiyi  beynəlxalq əhəmiyyətli tədbirlər   ölkəmizin bu və ya digər sahələrdə  malik olduğu imkanların,  elmi əsaslara söykənən iqtisadiyyatımızın uğurlarının,  ən əsası idarəçilik sistemində təcrübənin təqdimatında  əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin  qeyd etdiyi kimi, həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni  çağırışlar qarşımızda durur. Azərbaycanda  təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır.

Bu çağırışlar idarəçilik sistemində təkmilləşmələrə geniş yol açır ki, bu da özlüyündə ölkənin dayanıqlı inkişafını şərtləndirir.   Bu fakt  inkaredilməzdir ki, ölkə o zaman güclü, qüdrətli, insanların rifah halı yüksək olur ki, zəngin idarəçilik təçrübəsinə malik rəhbəri vardır. Bu fikir beynəlxalq səviyyəli tədbirlərdə də xüsusi qeyd olunur ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr vardır. Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunursa, bu təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir. Bu ilin mühüm beynəlxalq əhəmiyyətli tədbirləri sırasında yer alan dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin qatıldığı  BMT-nin Dövlət Xidmətləri Forumu Azərbaycanın bu sahədə mövcud imkanlarına bir daha işıq saldı. Forumun  keçirilməsində  məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual  məsələlər üzrə müzakirələrin aparılması, dövlətlərin bu istiqamətlərdə  qabaqcıl təcrübələrinin mübadiləsi idi.  Forum  Azərbaycanın yenilikçi, innovasiyalar ölkəsi olduğunu bir daha dünyaya nümayiş etdirdi. Həmin tədbirdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”in, ABAD-ın  uğurlarından geniş bəhs edərək bildirmişdir ki, bu günədək “ASAN”la müxtəlif ölkələr və beynəlxalq təşkilatlar arasında  10 Anlaşma Memorandumu imzalanmış,  bununla  kifayətlənməyərək  dövlət xidmətlərinin keyfiyyətini təkmilləşdirməyi davam etdiririk.

Dövlətimizin başçısı İlham Əliyevin hər çıxışında idarəetmə sahəsində təkmilləşmənin prioritetliyi xüsusi olaraq önə çəkilir. “Ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var. Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar” söyləyən ölkə Prezidenti  davamlı inkişafı şərtləndirən amilləri əsaslı şəkildə diqqətə çatdırmışdır. Təbii ki, uğurlarımızın əsasında islahatların zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşməsi, gələcəyə hesablanmış strategiyamızın dünyanın qabaqcıl ölkələrinin  təcrübəsinə istinadən hazırlanması əsas yer tutur.  Hədəflərə yüksək səviyyədə nail olmaq üçün regionların  potensial imkanlarından maksimum istifadə etmək məqsədilə Regional inkişaf proqramlarının uğurlu icrası nəticələrdən də aydın görünür. “Növbəti beşillik proqram - Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bu gün hələ də görə bilmədiyimiz bütün layihələri icra edəcəyik” söyləyən cənab İlham Əliyev bildirir ki, bu, möhkəm bir zəmindir. Bu zəmin üzərində yeni iqtisadi inkişaf modeli qurmalıyıq və qururuq. Bizdə həm təcrübə, həm də iradə var.

Qeyd edək ki, 2016-cı  ilin sentyabrında keçirilən ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərin bir qismi idarəçilik sistemində təkmilləşməni nəzərdə tutur. Bu prosesdə  peşəkar gənclərin fəal iştirakını təmin etmək üçün yaş məhdudiyyətlərinin aradan götürülməsi  ictimaiyyət tərəfindən böyük dəstək qazandı.

Atılan addımlar günümüzün əsas çağırışlarından olan sahibkarlığın inkişafına da geniş yol açır. Həyata keçirdiyi siyasətin önündə yeniləşməni, modernləşməni  əsas  amil kimi önə çəkən Azərbaycan hər zaman ilklərə imza atan ölkə kimi tanınır və nüfuz qazanır. Daim ilklərə imza atan   Azərbaycan əvvəldə də qeyd etdiyimiz kimi,  “ASAN xidmət”,  “ABAD”, “DOST” layihələri də diqqət mərkəzindədir. Bu layihələr  şəffaflığın  artırılmasına, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə,   elektron xidmətlərə keçidin sürətləndirilməsinə, habelə süründürməçilik hallarının qarşısının alınmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir. Azərbaycanın dünyada yenilikçi ölkə kimi nüfuz qazanmasını təsdiqləyən mühüm hadisələrdən biri kimi ötən il   İmişlidə “ASAN Həyat” kompleksinin açılışında robot “Sofiya”nın  iştirakını da  qeyd edə bilərik. “Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir” söyləyən cənab İlham Əliyev bildirmişdir ki,  “ASAN” bizim milli brenddir. Bu bizim nou-haudur. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var. Azərbaycandakı yenilikləri, təkmilləşməni yüksək dəyərləndirən “Sofiya” bildirmişdir ki,  “ASAN xidmət” dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunədir. 

Hər bir layihə özlüyündə inkişaf, tərəqqi deməkdir. Atılan hər addımda vətəndaş amilinə verilən dəyər daha qabarıq şəkildə özünü büruzə verir. Ailə təsərrüfatlarının inkişafına dəstəyi asan şəkildə həyata keçirən “ABAD”, hər bir vətəndaşın yaxın dostuna çevrilən “DOST” idarəetmədə şəffaflığın qorunmasını, rəqabətin güclənməsini şərtləndirir. Dövlətimizin başçısı eyni zamanda bildirir  ki, rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz.

Biznesin sadələşdirilməsi, “bir pəncərə” prinsipinin tətbiqi şəraitində əldə olunan uğurlar və təcrübə  beynəlxalq səviyyədə   qiymətləndirilir,  öyrənilir və tətbiq olunur.   Lazımsiz yoxlamaların aparılmasına, yerli icra hakimiyyəti  orqanlarının, o cümlədən hüquq mühafizə orqanlarının bəzi hallarda  sahibkarlara problem yaratmasına, lisenziyaların sayının həddən artıq çox olmasına və digər məsələlərə hər zaman çıxışlarında diqqət yönəldən cənab İlham Əliyev qeyd olunan istiqamətlərdə atdığı addımlarla sahibkarlığın inkişafına yaradılan imkanları daha da genişləndirir.

Əvvəldə də qeyd etdiyimiz kimi, dövlətimizin başçısı İlham Əliyevin  son “Azərbaycan  Respublikasında  dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”, “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli Fərmanında dəyişiklik edilməsi barədə və sair fərmanları hədəflərin gerçəkliyə çevrilməsinə geniş yol açır. Bu sənədlərdə  ölkəmizin iqtisadi inkişafı fonunda ayrı-ayrı sahələrdə həyata keçirilən islahatlar önə çəkilərək, təkmilləşmənin vacibliyi diqqətə çatdırılır. Dövlətimizin başçısı İlham Əliyevin son  günlərin kadr islahatları da davamlı inkişafa xidmət edən mühüm addımlar sırasındadır. Ölkəmizdə gəncləşmə siyasətinin həyata keçirilməsi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Yüksək ixtisaslı gənc kadrların  yetişdirilməsi və dövlət idarəçiliyində təmsil olunmaları onların potensial imkanlarını düzgün  istiqamətləndirmələrində əhəmiyyətli rol oynayır.   

Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir.  Yuxarıda qeyd etdiyimiz Forumda  BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenminin  qeyd etdiyi fikirləri xatırlamaqla ölkəmizdə həyata keçirilən təkmil islahatların beynəlxalq səviyyədə necə yüksək səviyyədə təqdir olunduğunu aydın görürük.   Azərbaycanın innovativ idarəetmə vasitəsilə inklüziv, səmərəli və insanyönümlü İKT əsaslı dövlət xidməti sistemi yaratdığını qeyd edən Liu Cenmin bildirmişdir ki, sosial xidmətlərin göstərilməsində dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafə qısaldılıb və dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı ünsiyyət şəffaflaşdırılıb.  Dövlət bu misilsiz nəticəyə xidmətlərin göstərilməsini müasirləşdirməklə,

“ASAN xidmət” mərkəzlərinin yaradılması və yenilikçi e-hökumət xidmətlərinin tətbiq edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərlə vətəndaşların məmnunluğunun artırılması ilə nail olub.

Göründüyü kimi, ilklərə imza atan Azərbaycan uğurlu layihələri ilə dünyaya nümunə göstərir. Yeni iqtisadi və sosial inkişaf  innovasiyalar ölkəsi kimi nüfuz qazanan Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açır.

Yeganə Əliyeva, “İki sahil”