20 fevral 2019 11:03
1124

İqtisadi baxımdan sərfəli olan bu bitkinin faydaları da az deyil

Ting əkmək, ağac becərmək, torpağın yaşıl libasını artırmaq çox savab, xeyirxah bir işdir. Təbiətin ağ çiyərləri olan yaşıllıq zolaqları gözəllikdir, göz nurudur, sağlamlığın rəhnidir. Odur ki, ting əkib, bağ-bağat, yaşıllıq zolaqları salanlar sanki bir çinar ömrü yaşayır, ömürlərini uzadır, mənalı edir. Qeyd edək ki, muxtar respublikamızda meyvəçilik və tərəvəzçilik kənd təsərrüfatının əsas sahələrindən biri olub. Əlverişli torpaq-iqlim şəraiti olan bu ərazidə xalq seleksiyası yolu ilə çoxlu sayda meyvə, tərəvəz və üzüm sortları yaradılmasına və becərilməsinə əlverişli şərait var. Çoxlarımız üçün yeni olan yer fıstığı da belə bitkilərdən biridir. Bütün bunlar barədə Culfa rayonunun Saltaq kəndində “Ailə təsərrüfatlarının inkişaf etdirilməsində orta dağlıq ərazilərdə yer fıstığı bitkisinin əkilməsinin əhəmiyyəti və iqtisadi səmərəsi barədə” keçirilən seminarda ətraflı bəhs olunub.

Culfa Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfat Nazirliyinin və “Aqrolizinq” ASC-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin əməkdaşı Sərxan Hüseynov deyib ki, son illər bölgədə aqrar sektorun inkişafına, xüsusən də ailə təsərrüfatlarının yaradılmasına, yerli məhsul istehsalına böyük önəm verilir. Hazırda rayonda 50-yə yaxın ailə təsərrüfatı səmərəli şəkildə fəaliyyət göstərir. Onların istehsal etdikləri məhsulların satışı, bazar və yarmarkalara çıxarılması diqqətdə saxlanılır. Keçirilən tədbir də ailə təsərrüfatlarının inkişaf etdirilməsinə, orta dağlıq ərazilərdə yer fıstığı bitkisinin əkilib-becərilməsinə və məhsul götürülməsinə bir stimuldur.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarından Xaliq Abbasov, Rasim Hacıyev və Səbuhi Həsənov çıxış edərək ailə təsərrüfatlarının müasir,  kiçik ölçülü  texnika və avadanlıqlarla təmin olunmasında aqroservis xidmətlərinin rolu, heyvandarlıq və arıçılıq təsərrüfatlarının inkişaf etdirilməsində paxlalı yem bitkilərinin,  həmçinin orta dağlıq ərazilərdə yer fıstığı bitkisinin əkilməsinin əhəmiyyəti və iqtisadi səmərəsi barədə tədbir iştirakçılarını məlumatlandırıblar.

Nazirliyin Toxumçuluq və Bitkilərin Mühafizəsi idarəsinin müdiri Niyamət İsayev və Naxçıvan Aqrolizinq ASC-nin nümayəndəsi Həzi Həsənov məhsuldar toxum sortları ilə əkin keçirilməsinin və ailə təsərrüfatlarının inkişaf etdirilməsində lizinq xidmətinin əhəmiyyətindən bəhs ediblər. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və yer fıstığı əkininin aqrotexnikası barədə  maarifləndirici bukletlər paylanılıb.

Saltaq kənd sakini torpaq mülkiyyətçisi Camal Novruzov keçirilən tədbirdən sonra yer fıstığı bitkisinin əkilib-becərilməsinə qərar verdiyini nikbinliklə söyləyir. Deyir ki, dövlət qayğısı artırıldıqca biz kənd sakinlərinin də torpağa bağlılığı artır, müxtəlif çeşiddə məhsul istehsalına həvəs yaradılır. Elə buna görə də bu ilin ilkin yazında yer fıstığı bitkisinin toxumunu əldə edib, onun əkinini keçirəcəyəm. İqtisadi baxımdan sərfəli olan bu bitkinin əkilib-becərilməsinə digər kənd sakinləri də maraq göstərirlər. Sözsüz ki, bu bitkini Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin tövsiyələrinə əsasən əkib-becərəcəyik. Güman edirəm ki, yaxşı da məhsul götürüb ailə büdcəmizi zənginləşdirəcək, bazar və yarmarkalara insan orqanizmi üçün böyük faydaları olan yer fıstığı məhsulu çıxaracağıq.

Məhəmməd Fərəcov,

Naxçıvan Dövlət Televiziyasının bölgə müxbiri