14 yanvar 2020 20:38
961

İqtisadi inkişaf maliyyə imkanlarımızı da möhkəmləndirir

Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə qeyd olunduğu kimi, iqtisadi müstəqillik Azərbaycanı daha güclü dövlətə çevirir

Keçən il iqtisadi sahədə qazanılan uğurlar baxımından ölkəmiz üçün əlamətdar, yaddaqalan olmuşdur. Siyasi, iqtisadi, sosial sahələrdə aparılan islahatlar ili kimi tarixə yazılan ötən ildə iqtisadi sahədə əldə edilmiş nəticələr sevindiricidir. ABŞ-ın “U.S. Nevs& World Report” jurnalının  araşdırmalarına görə, 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq cədvəlində 45-ci yerdə qərarlaşan Azərbaycanın adı Dünya Bankının “Doinq Business-2020” hesabatında 20 ən islahatçı ölkə arasında çəkilir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında ölkəmiz islahatlara meyillik səviyyəsinə görə 5-ci yerdədir. Ölkə üzrə ümumi daxili məhsul 2,2, qeyri-neft sektoru 3,5 , sənaye istehsalı 1,5 faiz artmışdır. Son illərdə sənayenin inkişafına göstərilən diqqətin nəticəsidir ki, qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artmışdır.

Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə qeyd olunduğu kimi, iqtisadi müstəqillik nəticəsində həyata keçirilən sosial islahatlar ölkə əhalisinin həyat tərzini yaxşılaşdırmış, şaxələndirilmiş infrastruktur layihələrinin həllini sürətləndirmişdir.

Ötən il sosial islahatlarla yanaşı, mühüm enerji layihələri də həyata keçirilmiş, “Şimal-2”” elektrik stansiyası istismara verilmişdir. “Bu stansiyanın istehsal gücü 400 meqavatdır. Bununla paralel olaraq Mingəçevir İstilik Elektrik Stansiyasında və digər mövcud stansiyalarda aparılmış təmir-bərpa işləri nəticəsində biz təxminən 400 meqavat itirilmiş generasiya gücünü bərpa etdik. Beləliklə, keçən il 800 meqavat əlavə generasiya gücü əldə etdik. Əlbəttə ki, bu, həm bizim tələbatımızı tam ödəyir, həm də böyük ixrac imkanımız yaranmışdır. Hazırda bizim tələbatımızdan artıq 1000 meqavat generasiya güclərimiz var. Elektrik təsərrüfatının yenilənməsi istiqamətində görülən tədbirləri nəzərə alsaq, demək kifayətdir ki, bu istiqamətdə çox ciddi iş aparılıbdır” söyləyən dövlət başçımızın vurğuladığı kimi, respublika üzrə qazlaşdırmanın 96 faizə çatması, 345 subartezian quyusunun istifadəyə verilməsi yüzlərlə kənd sakininin enerjiyə, suya tələbatını ödəyəcək. Prosesin davamı kimi bu il  fermer təsərrüfatlarının fəaliyyətini sürətləndirəcək 400-dən çox subartezian quyusu qazılacaq.

 2019-cu il iqtisadi inkişaf üçün başlıca amil olan yol-nəqliyyat infrastruktru layihələrinin tətbiqi, körpülərin salınması baxımından daha əlamətdar olmuşdur. Samur çayı üzərində körpü salınmış, magistral, şəhərlərarası, kəndlərarası və qəsəbədaxili yollarların çəkilişi, bərpası və təmiri üçün xeyli vəsait ayrılmışdır. “Keçən il 1300 kilometr yol çəkilmişdir. Biz təqribən min kilometr planlaşdırırdıq, ancaq il ərzində Prezidentin ehtiyat fondundan və dövlət büdcəsindən yaranmış əlavə gəlirlər hesabına 1300 kilometr uzunluğunda yol çəkdik” söyləyən cənab İlham Əliyev bildirir ki, infrastruktur layihələri keçən ilin əvvəlində qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dördüncü Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Bakı-Sumqayıt-Rusiya sərhədi yeni yolunun, Gəncə-Gürcüstan sərhədi yolunun, Astara-İran sərhədi yolunun tikintisi də nəzərdə tutulur.

 İqtisadi inkişaf maliyyə imkanlarımızı da möhkəmləndirir. Yaranan bu imkanlar sayəsində keçən ilin əvvəlində Şamaxı, Ağsu, İsmayıllı rayonlarında baş verən zəlzələ zamanı dağıntıya məruz qalan evlər yenidən inşa olundu, sosial obyektlər tikildi.

“Keçən il TANAP qaz kəməri istismara verildi. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Çünki TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir. Məhz 2012-ci ildə TANAP üzrə imzalanmış sazişdən sonra “Şahdəniz-2”” qaz-kondensat yatağının işlənilməsi üçün sanksiya verilmişdir. Əgər TANAP imzalanmasaydı, “Şahdəniz-2””nin işlənilməsi başlamayacaqdı və bu gün biz bu əlavə qaz həcmini əldə edə bilməyəcəkdik. Bu, böyük problemlər yarada bilərdi. Ona görə həm TANAP üzrə sazişin imzalanması, həm də bu qaz kəmərinin vaxtından əvvəl istismara verilməsi və nəzərdə tutulmuş vəsaitə çox böyük qənaət edilməsi doğrudan da böyük tarixi nailiyyətimizdir. Cənub Qaz Dəhlizinin qalan dördüncü layihəsi də uğurla icra edilir” söyləyən Prezident İlham Əliyev ötən ilin önəmli hadisələrindən olan TANAP-ın Avropa sərhədlərinə çatdırılmasını, qlobal enerji layihələrinin reallaşmasını, iqtisadiyyatımızın düşünülmüş strategiya və konsepsiya əsasında inkişafını qeyd etməklə bildirmişdir ki, görülmüş işlər sayəsində beynəlxalq arenadakı mövqelərimiz möhkəmlənmiş, bir çox ölkələrlə dostluq münasibətləri qurulmuşdur.

 Dövlətimizi qüdrətləndirən iqtisadi müstəqilliyimiz kimi, investisiya proqramları əsasında həyata keçirilən layihələrin də qazanılan uğurlarda rolu böyükdür. Hazırlanmış investisiya proqramlarının tətbiqi ilə daha çox ehtiyac duyulan, dövlət və ölkə vətəndaşları üçün böyük əhəmiyyətə malik, demoqrafik vəziyyətə cavab verən layihələrin həlli eyni məqsədə yönəlib: qüdrətli Azərbaycanı dünyada tanıtmaq, hərtərəfli təmin olunmuş vətəndaş həmrəyliyini möhkəmləndirmək.

 Buna görə də investisiya proqramları, infrastruktur layihələri sosial islahatlarla paralel aparılır, iqtisadiyyatın real sektoruna önəmli töhfələr verən özəl sahəyə diqqət artırılır, xeyli iş yeri yaradılır. “Keçən il ölkəmizdə 98 min yeni iş yeri yaradılıb. Bu, böyük bir rəqəmdir. Ancaq yenə də deyirəm, əhali 100 min artıb və hər il 100 min nəfər artacaq. Nə qədər çox əhali artsa, növbəti illərdə illik artım da çoxalacaq” söyləyən dövlət başçımız bildirir ki, əhalinin artım sayı böyük üstünlük olsa da, insanların rahat təminatı üçün uzunmüddətli strategiya bu tələbata uyğun hazırlanmalıdır. Yəni, iqtisadi dinamika artan əhalinin ehtiyac meyarına uyğun olmalıdır.

Daha çox işçi qüvvəsinin çalışdığı aqrar sahənin inkişafına son illərdə göstərilən diqqətin nəticəsini gündəlik həyatımızda hiss edirik.  Ölkə əhalisinin xeyli hissəsinin bölgələrdə yaşadığını nəzərə alaraq, aqrar sahəni inkişaf etdirməklə əhalinin məşğulluq imkanlarını da yüksəltmək dövlətin əsas prioritetlərindəndir. Bunun üçün  kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan fermerlərə yardımlar göstərilir, aqrar sahənin sənayeləşməsi prosesi sürətləndirilir.

Bu təmələ əsaslanaraq inamla demək olar ki, 2020-ci il də ölkəmizə uğur gətirəcək. Xüsusilə enerji sektorunda baş verəcək yeniliklərə əsasən demək olar ki, Azərbaycan cari ildə də dünya ictimaiyyətinin diqqətində olacaq. Bu günlərdə bərpa olunan enerji növlərinin yaradılması istiqamətində çox önəmli addım olan, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power”” şirkəti ilə bağlanmış İcra Müqaviləsi əsasında Azərbaycanda külək və  Günəş enerjisi stansiyaları tikiləcək. Bu isə Azərbaycanın uzunmüddətli inkişafına göstərilən dəstəkdir. İki stansiyanın istehsal gücü 440 meqavat olacaqdır. “Bu, çox böyük stansiyalardır, regionda ən böyük Günəş və külək elektrik stansiyalarıdır. Biz özümüz də bərpa olunan enerji növlərini yaradırıq, 50 meqavatlıq stansiya inşa edildi. İndi 84 meqavatlıq stansiyanın layihələndirmə işləri tamamlanır, bunu da biz edəcəyik” söyləyən cənab İlham Əliyev hazırda ölkəmizin enerji balansında 17-18 faizi təşkil edən bərpa olunan enerji payının ən azı 30 faizə çatdırılması nəzərdə tutulur. Bu il Cənub Qaz Dəhlizinin son mərhəlsi olan TAP-da istifadəyə veriləcək. Dördüncü Dövlət Proqramında nəzərdə tutulan layihələrin reallaşması, islahatların davam etdirilməsi ilə 2020-ci il də Azərbaycan üçün uğurlu olacaq, respublikamız daha güclü dövlətə çevriləcək.

Xuraman İsmayılqızı, “İki sahil”