09 avqust 2019 11:10
1215

İqtisadi müstəqillik, maliyyə şəffaflığı, sosial islahatlar paketi...

Cari ilin ilk aylarında keçirilən sosial-iqtisadi müşavirədə “Bizdə güclü iradə, güclü sosial siyasət var. Eyni zamanda, elan edilmiş və icra edilən ciddi iqtisadi və sosial islahatlar bizə imkan verir ki, əlavə maliyyə resurslarını məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək. Əminəm ki, 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaqdır. Azərbaycan 2019-cu ildə uğurlar və inkişaf yolu ilə gedəcəkdir” söyləyən Prezident İlham Əliyev islahatları yeni mərhələdə davam etdirməklə iqtisadi sabitliyin qorunacağını, bütün sahələrdə artımın yüksək templərlə təmin ediləcəyini də bildirdi.

Davos Dünya İqtisadi Forumunda iştirak edən Prezident İlham Əliyevin dövlət başçıları, maliyyə qurumlarının rəsmiləri ilə keçirdiyi görüşlərdə Azərbaycanda aparılan islahatlara artan maraq  beynəlxalq təşkilatların hesabatlarında əksini tapır. Belə ki, aparılan islahatlar, sosial ədalət prinsipinə əsaslanan şəffaflıqla bağlı atılan addımlar öz nəticəsini verir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dördüncü Dövlət Proqramında nəzərdə tutulan vəzifələrin, islahatların əhatə dairəsinin genişlənməsi üçün münbit şərait yaradılıb. Uğurlarımızın başlıca şərti isə respublikamızda sosial-iqtisadi islahatların paralel aparılmasıdır.

Ötən il keçirilən prezident seçkilərindən sonra respublikada sosial islahatlar paketində nəzərdə tutulan islahatların davamlı olacağını bildirən cənab İlham Əliyevin imzaladığı bütün sərəncamların, fərmanların ünvanı kimi, məqsədi də aydındır: Hər bir azərbaycanlı bu ölkənin vətəndaşı olduğu üçün qürur duymalı, fəxr etməli və ölkədə yoxsul qalmamalıdır. Prezident seçkilərindən sonra imzalanan ilk Fərmanla şəhidlərin vərəsələrinə 11 min manat ödənişin verilməsi prosesi hələ də davam edir. 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilmişdir. Bununla bərabər şəhid ailələrinin müraciətləri nəzərə alınaraq onlar üçün ayrılan müavinətlər artırılaraq 242 manatdan 300 manata çatdırıldı. Eyni ədalətli yanaşma Əfqanıstanda həlak olanların ailələrinə də şamil olundu. Onların da müavinətləri 220 manatdan 300 manata qaldırıldı. Keçən il 5900 köçkün ailəsi üçün inşa olunan mənzillərin sayının bu il 7 minə çatdırılması da iqtisadi müstəqilliyin, maliyyə şəffaflığının uğurlu nəticələrindəndir.

Cari ildə 600 min nəfəri əhatə edən minimum əməkhaqqının və minimum pensiyaların 38 faiz artması sosial-iqtisadi islahatlar çərçivəsində aparılan yeniliklərin nümunəsidir. Minimum pensiyanın səviyyəsinə görə MDB məkanında ikinci yerdə olan Azərbaycanda əməkhaqqı və pensiyaların davamlı artırılması, 223 min insanın pensiya təminatının yaxşılaşdırılması son hədd deyil.

Tələbələrin təqaüdlərinin artırılması, vətəndaşları narahat edən problemli kreditlərlə bağlı önəmli addımların atılması, sosial islahatlar paketində nəzərdə tutulan məsələlərin araşdırılması, təhlili göstərir ki, dövlətimizin sosial siyasətini əhatə edən islahatların tətbiqində yalnız xoş niyyətlər dayanır.

Cənab İlham Əliyevin “Bir məsələni də qeyd etmək istəyirəm. Artıq bir neçə aydır ki, ciddi sosial paket üzərində iş aparılır. Bu sosial paketin ilk təzahürləri haqqında mən artıq bildirdim, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi bütün böyük sosial paketin tərkib hissəsidir. Eyni zamanda, sosial müavinətlərlə bağlı olan məsələ də öz həllini tapacaq. Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq” sözləri böyük proqramın əhatə edəcəyi 500 mindən çox əhalinin sosial həyat tərzinin daha da yaxşılaşacağından xəbər verir.

Təşəbbüslərin tətbiqi ilə təqribən 2 milyon 200 min nəfər vətəndaş dövlətin qayğısından faydalanacaq.

Belə ciddi islahatlar isə yalnız qüdrətli dövlətin güclü siyasi, iqtisadi iradəsi, dövlət başçısının qətiyyəti, ölkənin maliyyə imkanlarının, büdcə gəlirlərinin artımı ilə mümkündür.

Dünya dövlətlərinin iqtisadiyyatına təsir edən maliyyə böhranı illərində dinamik inkişaf edən Azərbaycan başqaları ilə müqayisədə təhlükəli risklərlə daha az üzləşib. Dünya İqtisadi Forumunun inklüziv inkişaf naminə iqtisadi resurslardan səmərəli istifadə üzrə 2018-ci ilin hesabatında da Azərbaycan iqtisadiyyatı yüksək dəyərləndirilir. Dünya Bankı tərəfindən hazırlanan “Doinq Business-2019” hesabatında Azərbaycan 190 ölkə arasında 32 pillə irəliləyərək 57-ci pillədən 25-ci yerə layiq görülmüşdür.

“Doinq Business-2020” islahatlarına dair növbəti icmalda ölkəmizdə aparılan islahatlar 11 indikator üzrə qiymətləndirilib.

Azərbaycan iqtisadiyyatının inkişafı müxtəlif beynəlxalq təşkilatların hesabatlarında da yüksək dəyərləndirilir. ABŞ-ın İrs Fondunun ( “The Heritaqe Foundation”) hesabatında da Azərbaycanın iqtisadi uğurları açıqlanır. Vaşinqtonda fəaliyyət göstərən bu nüfuzlu təşkilatın illik Dünya İqtisadi Azadlıq İndeksi hesabatında Azərbaycanın yüksək göstəriciyə malik olduğu göstərilir.

Nüfuzlu təşkilat olan Fondun hesabatında qeyd olunduğu kimi iqtisadi azadlıqlar sahəsində İtaliya, Fransa kimi Avropa ölkələrini geridə qoyan Azərbaycanın inkişaf modeli dünya iqtisadiyyatında nümunə göstərilə biləcək səviyyədə təkmil və strateji baxımdan öyrənilməsi labud təcrübədir.

Hesabatlarda qeyd olunduğu kimi, Azərbaycanda sosial siyasət və əhali arasında gəlirlərin bölgüsü sistemi ABŞ, Yaponiya, Fransa, İtaliya, Kanada kimi digər dövlətlərdən, “Böyük yeddilik” ölkələrindəkindən daha səmərəlidir. Azərbaycan təcrübəsinin Dünya İqtisadi Forumunun hesabatında geniş təhlili, rəqabət qabiliyyəti ilə fərqlənməsi, inklüziv cəmiyyətin formalaşması sahəsində qazandığı uğurlar ölkədə aparılan siyasətə dünya birliyinin göstərdiyi maraqdır.

Prezident İlham Əliyevin qətiyyəti sayəsində hazırlanan geniş islahatlar sisteminin tanınmış reytinq agentliklərinin hesabatlarında yüksək dəyərləndirilməsi və nümunə göstərilməsi Azərbaycanın dünya iqtisadiyyatına uğurlu inteqrasiyasının beynəlxalq səviyyədə dəstəklənməsidir.

Xuraman İsmayılqızı, “İki sahil”