25 yanvar 2021 17:43
1251

İqtisadi Zonaların İnkişafı Agentliyi iqtisadiyyata hansı töhfələri verəcək?

Xəbər verildiyi kimi, ötən həftə Prezident İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb.

Fərmana əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyi Balaxanı Sənaye Parkı istisna olmaqla  digər sənaye parklarının, həmçinin Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla, qalan sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxs olacaq.

Sənəddə deyilir ki, Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 7 üzvdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurasının 4 üzvünü İqtisadiyyat Nazirliyi, 3 üzvünü isə hər qurumdan bir nəfər olmaqla Kənd Təsərrüfatı Nazirliyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti təyin edirlər. Həmçinin Agentliyin fəaliyyətinə cari rəhbərliyi 5 üzvdən ibarət İdarə Heyəti həyata keçirir. Müşahidə Şurasının sədri və İdarə Heyətinin üzvləri Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

Qeyd edək ki, sənaye parklarının yaradılmasında məqsəd innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi, iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin, əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması olub. Bu baxımdan sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən azaddır. Bundan başqa, parkın rezidentləri idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Bundan əlavə, rezidentlərin infrastrukturla təmin edilməsi, torpaq sahəsinin icarə haqqının aşağı həddində müəyyən edilməsi, güzəştli kreditlərin verilməsi, inzibati prosedurların sadələşdirilməsi, istilik və elektrik enerjisinin, suyun və qazın satışına, tullantı sularının axıdılmasına və məişət tullantılarının yığılmasına görə güzəştli tariflərin tətbiqi kimi stimullaşdırıcı tədbirlər də həyata keçirilir.

Nəticədə sənaye parklarının yaradılması prosesinə 2011-ci ildən başlanılmasına baxmayaraq, indiyədək mövcud 5 sənaye parkında 50 rezident qeydiyyata alınıb ki, onlardan yalnız 36-sı fəaliyyətə başlaya bilib. Onlara 3,5 milyard ABŞ dollarından çox investisiya yatırılsa da, sənaye parkları üzrə 3,3 milyard dollar məbləğində satış həyata keçirilib ki, bunun da ancaq 25 faizinin ixracı mümkün olub.

Həmçinin sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır. “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”yə uyğun olaraq, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə sənaye məhəllələrində torpaq sahəsinin və tikililərin icarə haqqının aşağı həddə müəyyən edilməsi, güzəştli kreditlərin verilməsi, inzibati prosedurların sadələşdirilməsi, sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili kimi stimullaşdırıcı tədbirlər həyata keçirilir. Lakin bu tədbirlərin effektivliyi barədə konkret məlumat yoxdur.

Aqroparklar isə aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək sosial-iqtisadi inkişafın sürətləndirilməsində, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Aqroparklarda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, logistikası və satışı bütünlükdə bu zənciri özündə birləşdirməklə, kənd təsərrüfatı məhsullarının torpaqdan istehlakçının süfrəsinədək bütün mərhələləri özündə əks etdirir ki, bu da həmin məhsulların istehsalına çəkilən xərclərin, eləcə də maya dəyərinin aşağı düşməsinə və keyfiyyətin yüksəlməsinə imkan verir. Ölkənin aqrar sektorunun inkişafında böyük rol oynayan 33 rayonunda 51 aqropark və yerli fermer təsərrüfatının yaradılması ilə bağlı planlar var. Lakin bu sahənin indiyədək iqtisadiyyata hansı töhfələri verməsi barədə detallı məlumat yoxdur.

Bu baxımdan İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılması Fərmanda da deyildiyi kimi, Azərbaycanda aparılan iqtisadi islahatların davam etdirilməsi, ölkədəki mövcud sənaye parkları, sənaye məhəllələri və aqroparklar sahəsində idarəetməni, habelə nəzarət mexanizmlərini daha da təkmilləşdirmək, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq, daha sıx koordinasiyanı və sistemliliyi təmin etmək məqsədi daşıyır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində belə hesab edirlər ki, Agentliyin yaradılması parkların, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı yeni tənzimləyici və idarəetmə çərçivəsinin formalaşdırılmasına səbəb olacaq. Qurumun departament rəhbəri Ayaz Müseyibovun sözlərinə görə, sənaye parkları, sənaye məhəllələri və aqroparkların işinin səmərəli, eyni zamanda, yeni tənzimləyici və idarəetmə çərçivəsində təşkili ölkəyə sərmayə axını, ixracın genişlənməsi ilə yanaşı, iş yerlərinin yaradılması prosesini də sürətləndirəcək.

A.Müseyibov bildirib ki, iqtisadi artımın əsas drayverlərindən biri kimi müvafiq sahənin inkişafı həmişə diqqət mərkəzində olub, aidiyyəti istiqamətlərdə qanunvericilik və inzibati, investisiya məsələləri üzrə dəstək siyasəti realizasiya edilib.

 Ceyhun Piriyev, “İki sahil”