30 iyun 2020 10:53
2383

İqtisadiyyatımız sabit, dayanıqlı iqtisadiyyatdır

Dövlətimizin başçısı İlham Əliyev 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında bir daha bu əminliyi ifadə etmişdir ki,  ilin sonuna qədər iqtisadi sahədə problemlər kəskinləşsə də, insanların həyat tərzinə bunun böyük təsiri olmayacaq

   «Dövlət nə lazımdırsa, onu edir. Bundan artıq nəsə etmək mümkün deyil. Çünki nə lazım idisə, biz onu etmişik və edəcəyik. Bu məqsədlər üçün istənilən vəsaiti xərcləməyə hazırıq, vəsaitimiz də var və heç kimdən də asılı deyilik. Bəzi ölkələrdən fərqli olaraq, heç kimə müraciət etmirik. Onu da bildirməliyəm ki, beynəlxalq maliyyə qurumlarının məlumatına görə, dünyada 150 ölkə kredit üçün müraciət edib. Yəni, beynəlxalq birliyin əksər hissəsi. Azərbaycan etməyib. Çünki ehtiyac yoxdur. Özümüz edirik, vəsaitimiz də var və xərcləyirik. Amma gərək indi məsuliyyətsiz adamlar bunu dərk etsinlər. Bir də ki, bu adamlara qarşı ictimai qınaq olmalıdır. Qapalı yerlərdə maska taxmayana qarşı, əlbəttə ki, cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu tənbeh etməlidir, onu başa salmalıdır. Gözləməməlidir ki, polis gələcək, onu cərimələyəcək.» Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə  sayca 5-ci olan 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında bu məqamı da xüsusi qeyd etmişdir ki,  koronavirusla əlaqədar ilkin mərhələdə qabaqlayıcı tədbirlərimiz bizi böyük fəlakətdən qorudu. Çünki Azərbaycanda yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır. Cəmi 13 min insan yoluxmuşdur. Onların böyük əksəriyyəti sağalıb və xəstəxanalardan çıxıb.

    Əgər nəzərə alsaq ki, bu bəla xəstəliklə bağlıdır, təbii ki, hər bir ölkə, o cümlədən Azərbaycan üçün prioritet məsələ insanların sağlamlığının təminatı, səhiyyə sisteminin təkmilləşdirilməsi, lazımi avadanlıqlarla təmin olunması, bir sözlə, müasir tələblərə cavab verməsidir. Dünya dövlətləri ilə müqayisədə Azərbaycan səhiyyəsinin inkişafı özünü daha qabarıq şəkildə büruzə verir. Belə ki,  ayrı-ayrı ölkələrdə yaşananlara diqqət yetirdikdə xəstələrin yerləşdirilməsi üçün xəstəxana çatışmazlığını görürük. Həmin ölkələrdə  virusa yoluxma və ölüm hallarının sayı günbəgün artır. Səhiyyənin mövcud durumu yaranmış çətinlikləri aradan qaldırmaq imkanında deyil. Amma ölkəmizə diqqət yetirdikdə tamamilə    fərqli mənzərənin şahidi oluruq. Belə ki, koronavirusa qarşı mübarizə tədbirlərinə başlandığı ilk gündən bu xəstələr üçün 20 xəstəxana ayrıldı. Bu günə qədər dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq 5 modul tipli xəstəxana korpusunun istifadəyə verilməsini də nəzərə alsaq, artıq xəstələrimizin tam müayinə və müalicə olunması üçün hər cür şəraitin yaradıldığını böyük əminliklə qeyd edə bilərik.

    Bir reallığı da qeyd edək ki, koronavirus pandemiyası insanların həyatını təhdid etməklə yanaşı, dünya ölkələrinin iqtisadiyyatının bütün  istiqamətlərdə durğunluğuna səbəb olub. Pandemiyaya qarşı mübarizə tədbirlərinə yeni başlananda  dövlətimizin başçısı İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən bu kimi məqamlara xüsusi diqqət yönəldərək bildirmişdir ki,  pandemiya bütün dünyanın iqtisadi inkişafına böyük zərbə vurub. Artıq dünyanın aparıcı maliyyə qurumları açıq bəyan edirlər ki, pandemiya nəticəsində yaşana biləcək böhran 2008-2009-cu illərin böhranından daha da ağır olacaq. Eyni zamanda, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi iqtisadiyyatımıza da böyük problemlər yarada bilər. Bütün bunlara  baxmayaraq, bu ilin dövlət büdcəsinin icrası ilə bağlı heç bir problem olmamalıdır: «İlk növbədə, bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir. Eyni zamanda, bir daha büdcə xərclərinə baxmaq lazımdır və təcili olmayan layihələr təxirə salına bilər. Əlbəttə ki, bu layihələrin həyata keçirilməsi, yaxud da ki, əksinə, təxirə salınması məsələlərinə baxdıqda məşğulluq məsələlərinə də mütləq baxmalıyıq. Çünki dövlət xətti ilə həyata keçirilən investisiya layihələri, eyni zamanda, məşğulluğu təmin edir və əhalisi artan Azərbaycan üçün məşğulluq məsələsi, əlbəttə ki, ön plandadır.» Bu, ölkə Prezidentinin ilk gündən aidiyyəti qurumların qarşısına qoyduğu mühüm tapşırıq oldu.

      Cari ilin birinci rübünün, xüsusilə  yanvar-fevral aylarının sosial-iqtisadi göstəricilərinə diqqət yetirək.  Ümumi daxili məhsul 2,8 faiz artıb. Qeyri-neft sektorunda artım  6,7 faiz, qeyri-neft sənaye sahəsində 21,7 faiz təşkil edir.  İnflyasiya cəmi 2,8 faiz, əhalinin gəlirləri isə 9 faiz olub. Qeyd olunan aylarda vergi orqanları büdcəyə 170 milyon manat, gömrük orqanları isə 80 milyon manat vəsait daxil edib. Yanvar-fevral ayları ilə müqayisədə artıq mart-aprel aylarında bu dinamikada geriləmə diqqətdən kənarda qalmır. Təbii ki, bu da başadüşüləndir. Bu baxımdan ki, pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi həmin dövrlərdə  insanların sağlamlığının prioritetliyinə xüsusi önəm verildi. Dövlətimizin başçısı İlham Əliyev bir müddət əvvəl  üç modul tipli xəstəxananın açılışında da bu məqama xüsusi diqqət yönəldərək bildirmişdir ki, ki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını: «Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik. Mən bildirmişdim ki, keçən ay əldə edilmiş nəticələrdə kiçik də olsa, artım var - 0,2 faiz. Ancaq təxmin edirdim ki, beş ayın yekunları artıq tənəzzülü əks etdirəcək, belə də oldu.» Ancaq dünya dövlətlərinin statistikasına müraciət etdikdə  bizdəki tənəzzül çox kiçikhəcmlidir. Qeyri-neft sektorunda sənaye 14 faiz artıb. Kənd təsərrüfatı 3,6 faiz artıb. İnsanların orta əməkhaqqı 740 manata yaxınlaşıb. Bu, təqribən 430 dollardan çoxdur. İnflyasiya 3 faizdən aşağıdır, yəni, proqnozlaşdırılmış səviyyədədir.

    Pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı ilk gündən  bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı prioritetliyi ilə diqqət çəkdi. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq  ən böyük iqtisadi dəstək proqramları həyata keçirilir. Məqsəd pandemiyanın iqtisadiyyata  mənfi təsirini minimuma endirmək,  makroiqtisadi sabitliyi qorumaq, vətəndaşların sosial müdafiəsini təmin etməkdir. İlk növbədə, yaranmış vəziyyətdən əziyyət çəkən sahələrin, həmçinin  vətəndaşların problemləri həll edildi. Bu gün də həmin diqqət və qayğı davamlıdır. Pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən 600 mindən çox insana dövlət tərəfindən 190 manat birdəfəlik yardım göstərildi. Artıq Nazirlər Kabinetinin qərarına əsasən iyun ayında da  birdəfəlik yardım həmin şəxslərə veriləcək.  Mövcud reallıqlar Azərbaycan dövlətinin  zamanın istənilən çağırışına cavab vermək iqtidarında  olduğunu nümayiş etdirdi. Dövlətimiz məhz zəruri iqtisadi və maliyyə imkanlarına arxalanaraq daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib və göstərməkdədir.

     İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan  neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafına xüsusi diqqət göstərməklə  həm iqtisadi, həm də maliyyə imkanlarının artırılmasına geniş imkanlar açıb.  Son 16 ildən artıq dövrdə ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollara yaxındır. Valyuta ehtiyatlarımız 52 milyard dollar təşkil edir.  Yoxsulluq həddi 49 faizdən 4,8 faizə enib. 2019-cu il   Azərbaycan özünü bir daha sosial dövlət imicinə əlavələr etdi.  Həyata keçirilən iki sosial paket 4,2 milyon insanı əhatə etdi. İstər pandemiyadan əvvəl, istər pandemiya dövründə atılan addımlar, istərsə də postpandemiya dövrü üçün nəzərdə tutulan layihələr  «güclü dövlət, yüksək rifah» prinsipinin hansı vəziyyətdən asılı olmayaraq öz aktuallığını qoruduğunu təsdiqləyir. «Bu il bir daha biz öz sosial məsuliyyətimizi nümayiş etdiririk. Biz vətəndaşların rifah halının düşməməsi istiqamətində əməli addımlar atırıq və hesab edirəm ki, bu sahədə də birincilik göstəririk» söyləyən cənab İlham Əliyev  bu inamı  ifadə edir ki,  genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, eyni zamanda, həssas təbəqəyə aid olan vətəndaşları  böhrandan qoruyacaq:  ümumi iqtisadi inkişafla bağlı nəzərdə tutulan islahatlarımız  dərinləşməlidir. Pandemiya burada bizə maneçilik törətməməlidir.

    Dövlətimizin başçısı İlham Əliyev 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında  insanların sağlamlığının təminatı istiqamətində sistemli şəkildə görülən işlərə diqqəti yönəltməklə yanaşı, iqtisadi dinamikanı qorumağın da prioritetliyindən bəhs etmişdir. « Bizim iqtisadiyyatımız sabit, dayanıqlı iqtisadiyyatdır. Hesab edirəm ki, bu ilin sonuna qədər iqtisadi sahədə problemlər kəskinləşsə də, insanların həyat tərzinə bunun böyük təsiri olmayacaqdır. Heç bir sosial layihə ixtisar edilməyib. Bu gün mənim Gəncəyə səfərim çərçivəsində açılan və açılacaq obyektlərin sayı onu göstərir. Heç bir sosial layihə ixtisar edilməyib, əksinə, biz 10 modul tipli xəstəxananın tikintisini təmin edirik. Biz məcburi köçkünlər üçün yeni şəhərciklər salırıq. Onlardan biri də Samux rayonundadır. Yeni məktəblər tikilir. Bu gün Gəncədə Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə yeni yaşayış kompleksinin tikintisi ilə tanış olmuşam. Orada da məktəb, bağça tikilir. Bütün bunlar dövlət büdcəsi hesabına təmin edilib.»

       Göründüyü kimi, Azərbaycanın malik olduğu iqtisadi  imkanlar yaranan hər bir çətinliyi aradan qaldırmaq üçün  təkmil  inkişaf modeli ortaya qoymağa əsas yaradır. Ölkəmizin bu gün dünyaya birlik, həmrəylik çağırışı ünvanlaması və bunu əməlində təsdiqləməsi, ən əsası 30-a yaxın ölkəyə humanitar yardım göstərməsi yalnız daxildə deyil, beynəlxalq çərçivədə həyata keçirdiyi tədbirlərin təqdimatıdır. Bütün bu uğurlarımız fonunda diqqəti çəkən yalnız sosial məsuliyyətimizin lazımi səviyyədə olmamasıdır. Məsuliyyətimizi artıraq,  sağlamlığımızı qoruyaq, dövlətimizə dəstək olaq. Dövlətimizin başçısı bildirir: «Biz çalışmalıyıq ki, bu vəziyyətdən şərəflə çıxaq. Ancaq dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Dəstək isə nədən ibarətdir? Sadəcə olaraq, üç adi qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək. Biz birlik, həmrəylik nümayiş etdirmişik. Çətin vəziyyətdə olan insanların problemlərini həll edirik, o cümlədən ictimai təşkilatlar, Heydər Əliyev Fondu. Əlbəttə ki, əsas yük dövlətin üzərindədir. Aztəminatlı təbəqəyə yardımlar edilir. Mənim təşəbbüsümlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna sahibkarlar, ayrı-ayrı adamlar tərəfindən 100 milyon manatdan çox vəsait daxil edilib. Bu, böyük vəsaitdir və həmrəyliyin təzahürüdür. Necə ki, həmrəylik, birlik göstəririk, məsuliyyət də göstərməliyik. Bunu inkişaf etmiş bir neçə ölkənin liderləri qeyd edir ki, bu, müharibədir və burada düşməni görmək mümkün deyil. Eyni zamanda, bilmək mümkün deyil, bu müharibə nə vaxt bitəcək.»

  Təbii ki, müharibə kimi dəyərləndirilən bu bəla ilə mübarizə hər bir birimizdən birliyimizə, həmrəyliyimizə dəstək olmağı tələb edir. «Biz birlikdə güclüyük!» çağırışına əməli fəaliyyətimizlə töhfə verək.

Yeganə Əliyeva,

«İki sahil»