09 dekabr 2019 20:13
776

İqtisadiyyatın inkişafında mühüm amil

Uğurların davamlılığının təmin edilməsində elmin, təhsilin və iqtisadiyyatın birliyinin yaradılması vacib amil kimi önə çəkilir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının  əsas hədəflərindən biri məhz Azərbaycanda təhsilin, humanitar sahələrin inkişafına xüsusi diqqətin ayrılması, insan amilinin yüksək inkişaf səviyyəsinə nail olunması,  bilik və bacarıqların səmərəli tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan inkişaf modelinə keçidin təmin edilməsidir.

Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunması təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir. Bu ilin mühüm beynəlxalq əhəmiyyətli tədbirləri sırasında yer almış Bakıda keçirilmiş və dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin qatıldığı  BMT-nin Dövlət Xidmətləri Forumu Azərbaycanın bu sahədə mövcud imkanlarına bir daha işıq saldı. Forumun  əsas  məqsədi dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual  məsələlər üzrə müzakirələrin aparılması, dövlətlərin bu istiqamətlərdə  qabaqcıl təcrübələrinin mübadiləsi idi.  Forum  Azərbaycanın yenilikçi, innovasiyalar ölkəsi olduğunu bir daha dünyaya nümayiş etdirdi. Həmin tədbirdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”in, “ABAD”-ın  uğurlarından geniş bəhs edərək bildirmişdir ki, bu günədək “ASAN”la müxtəlif ölkələr və beynəlxalq təşkilatlar arasında  10 Anlaşma Memorandumu imzalanmışdır. Bununla  kifayətlənməyərək  dövlət xidmətlərinin keyfiyyətini təkmilləşdirməyi davam etdiririk.

Forumda  BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenminin  qeyd etdiyi fikirləri bir daha diqqətə çatdırmaqla ölkəmizdə həyata keçirilən təkmil islahatların beynəlxalq səviyyədə  yüksək səviyyədə təqdir olunduğunu aydın görmüş oluruq.   Azərbaycanın innovativ idarəetmə vasitəsilə inklüziv, səmərəli və insanyönümlü İKT əsaslı dövlət xidməti sistemi yaratdığını qeyd edən Liu Cenmin bildirmişdir ki, sosial xidmətlərin göstərilməsində dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafə qısaldılıb və dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı ünsiyyət şəffaflaşdırılıb.   Azərbaycan dövləti bu misilsiz nəticəyə xidmətlərin göstərilməsini müasirləşdirməklə, “ASAN xidmət” mərkəzlərinin yaradılması və yenilikçi e-hökumət xidmətlərinin tətbiq edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərlə vətəndaşların məmnunluğunun artırılması ilə nail olub.

Atılan addımlar günümüzün əsas çağırışlarından olan sahibkarlığın inkişafına da geniş yol açır. Həyata keçirdiyi siyasətin önündə yeniləşməni, modernləşməni  əsas  amil kimi önə çəkən Azərbaycan hər zaman ilklərə imza atan ölkə kimi tanınır və nüfuz qazanır. Daim ilklərə imza atan   Azərbaycan əvvəldə də qeyd etdiyimiz kimi,  “ASAN xidmət”,  “ABAD”, “DOST” layihələri də diqqət mərkəzindədir. Bu layihələr  şəffaflığın  artırılmasına, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə,   elektron xidmətlərə keçidin sürətləndirilməsinə, habelə süründürməçilik hallarının qarşısının alınmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir. Azərbaycanın dünyada yenilikçi ölkə kimi nüfuz qazanmasını təsdiqləyən mühüm hadisələrdən biri kimi ötən il   İmişlidə “ASAN Həyat” kompleksinin açılışında robot “Sofiya”nın  iştirakını da  qeyd etmək olar. Tədbirdə “Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir” söyləyən Prezident İlham Əliyev bildirmişdir ki,  “ASAN” bizim milli brenddir. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var. Azərbaycandakı yenilikləri, təkmilləşməni yüksək dəyərləndirən “Sofiya” bildirmişdir ki,  “ASAN xidmət” dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunədir.

Azərbaycan biznesin sadələşdirilməsi, “bir pəncərə” prinsipinin tətbiqi şəraitində əldə etdiyi uğurlar və təcrübədə  beynəlxalq səviyyədə   qiymətləndirilir,  öyrənilir və tətbiq olunur.   Lazımsız yoxlamaların aparılmasına, yerli icra hakimiyyəti  orqanlarının, o cümlədən hüquq mühafizə orqanlarının bəzi hallarda  sahibkarlara problem yaratmasına, lisenziyaların sayının həddən artıq çox olmasına və digər məsələlərə hər zaman çıxışlarında diqqət yönəldən cənab İlham Əliyev qeyd olunan istiqamətlərdə atdığı addımlarla sahibkarlığın inkişafına yaradılan imkanları daha da genişləndirir.

Təbii ki, uğurlarımızın əsasında islahatların zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşməsi, gələcəyə hesablanmış strategiyamızın dünyanın qabaqcıl ölkələrinin  təcrübəsinə istinadən hazırlanması əsas yer tutur.  Hədəflərə yüksək səviyyədə nail olmaq üçün regionların  potensial imkanlarından maksimum istifadə etmək məqsədilə Regional inkişaf proqramlarının uğurlu icrası nəticələrdən də aydın görünür. “Növbəti beşillik proqram - Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bu gün hələ də görə bilmədiyimiz bütün layihələri icra edəcəyik” söyləyən cənab İlham Əliyev bildirir ki, bu, möhkəm bir zəmindir. Bu zəmin üzərində yeni iqtisadi inkişaf modeli qurmalıyıq və qururuq. Bizdə həm təcrübə, həm də iradə var.

Göründüyü kimi, ilklərə imza atan Azərbaycan uğurlu layihələri ilə dünyaya nümunə göstərir. Yeni iqtisadi və sosial inkişaf  innovasiyalar ölkəsi kimi nüfuz qazanan Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açır.

Yaqut Ağaşahqızı, “İki sahil”