19 yanvar 2021 16:50
1033

İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğuru

Azərbaycanda sənayeləşmə, o cümlədən qeyri-neft sənayesinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindən biridir. Ölkədə həyata keçirilən sənayeləşmə siyasətindən irəli gələrək yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Sənaye digər sahələrlə müqayisədə daha böyük əlavə dəyər yaratmaqla bərabər, daha çox iş yeri sahələrindən biri kimi məşğulluğun təmin edilməsinə də öz töhfəsini verir. 

Bu baxımdan yanvarın 18-də Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməlinin qoyulması, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı bir tərəfdən ölkədə sənaye müəssisələrinin yaradılması üçün mövcud şəraitin bariz göstəricisidirsə, digər tərəfdən sənayenin inkişafına verilən töhfədir.

Sənaye müəssisələrinin yaradılması üçün mövcud şəraitdən bəhs etdikdə, qeyd etmək lazımdır ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən azaddır. Bundan başqa, parkın rezidentləri idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Bundan əlavə, infrastrukturla təmin edilməsi, torpaq sahəsinin icarə haqqının aşağı həddində müəyyən edilməsi, güzəştli kreditlərin verilməsi, inzibati prosedurların sadələşdirilməsi, istilik və elektrik enerjisinin, suyun və qazın satışına, tullantı sularının axıdılmasına və məişət tullantılarının yığılmasına görə güzəştli tariflərin tətbiqi kimi stimullaşdırıcı tədbirlər də tətbiq edilir.

Sənaye parklarının yaradılmasında məqsəd innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi, iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin, əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.

İndiyədək mövcud 5 sənaye parkında 50 rezident qeydiyyata alınıb ki, bu da aparılan siyasətin düzgün olmasından xəbər verir. Onlardan 36-sı fəaliyyətə başlayıb və 3,5 milyard ABŞ dollarından çox investisiya yatırıb. Sənaye parkları üzrə 3,3 milyard dollar məbləğində satış həyata keçirilib ki, bunun da 25 faizini ixrac təşkil edib.

Ümumilikdə isə koronavirus pandemiyasının iqtisadiyyata təsirini təhlil edərkən məlum olur ki, ölkədə böhranadavamlı sahələrin önündə  qeyri-neft sənayesi dayanır. Belə ki, 2020-ci ildə ölkədə ümumi daxili məhsulun 4,3 faiz azalmasına baxmayaraq, qeyri-neft sektorunda nəinki azalma, əksinə 12,5 faiz artımın olması  bu sahənin davamlılığının göstəricisi olmaqla, sənayeləşmə siyasətinin uğurudur.

Məsələ burasındadır ki, pandemiyanın mənfi təsirlərinə baxmayaraq, qeyri-neft-qaz sənayesindəki ikirəqəmli artım bu sahədə şaxələndirilmənin səviyyəsinin yüksək olmasından irəli gəlir. Nəticədə ötən il içkilərin istehsalında 10,3 faiz, mebel istehsalında 25,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işlərində 44 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 6,9 azalmaya baxmayaraq, digər sahələrdəki artım hesabına  qeyri-neft-qaz sənayesində ikirəqəmli artım qeydə alınıb.    

Prezident İlham Əliyevin təməlini qoyduğu müəssisələrə gəlikdə isə təkcə  “Glassica” QSC-nin timsalında onu demək kifayət edir ki, burada şüşə tara məhsullarının (butulka) istehsalı yerli tələbatı tam ödəməklə yanaşı, ixraca da imkan verir. Müəssisənin məhsullarının əsasən qida sektorunda qablaşdırmada istifadə olunacağını nəzərə alanda, Azərbaycanda daxili bazarın rəngli butulkaya olan tələbatı təqribən 45-50 milyon ədəd arasında dəyişir. Zavodda isə 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının istehsalı nəzərdə tutulur. Yəni, daxili bazarın tələbatı tam ödənilir, nəticədə ixrac perspektivi yaranır.

Xatırlatmaq yerinə düşər ki, hələ bir neçə il əvvəl ölkədə yeyinti sənayesində iri holdinqlərdən birinin rəhbəri şüşə qabların istehsalından narazılığını bildirmiş, şüşə qab çatışmazlığı səbəbindən hətta 20 gün müddətində istehsalı dayandırmalı olduqlarını vurğulamışdı. O, həmin hadisədən sonra xaricdən şüşə almağa başladıqlarını bəyan etmişdi.

Söhbət həm də ondan gedir ki, yerli istehsalın idxaldan asılılığını azaltmaq üçün təkcə xammalın yerli olması kifayət etmir. Həmçinin qablaşdırıldığı taraların da yerli istehsal olması vacibdir. Beləliklə də məhsulun tam yerli istehsal olması onu daxili bazarla yanaşı, xarici bazarda da rəqabətədavamlı edir.

Həmçinin “Azərfloat” QSC-nin vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir. Hazırda ölkədə vərəqə şüşələrə olan tələbat tamamilə idxal məhsulları hesabına təmin edilir. Bu gün dünyada vərəqə şüşənin 90 faizdən çox hissəsi termoformalaşdırma texnologiyası ilə istehsal edilir.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bu müəssisələrin yaradılmasının və təməlinin qoyulmasının çox böyük əhəmiyyətə malik olduğunu deyib. Ölkə başçısı Sumqayıtın hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəri və müasir sənaye mərkəzi olduğunu vurğulayıb. Dövlətimizin başçısı, həmçinin dünya bazarlarında neftin qiymətinin aşağı səviyyədə olduğu bir dövrdə də Azərbaycan iqtisadiyyatının dayanıqlılığına işarə edərək bunu qeyri-neft sektorunun inkişafı ilə əlaqələndirib: “Mən bu yaxınlarda ilin yekunları ilə bağlı keçirdiyim müşavirədə qeyd etdim ki, bizim valyuta ehtiyatlarımız azalmayıb, hətta az da olsa, artıb. Nəyə görə? Çünki qeyri-neft sektoru uğurla inkişaf edib. Bütün dünya ölkələrində 2020-ci il iqtisadi tənəzzül ili olmuşdur, bizdə də, həmçinin. Amma bizdə tənəzzül cəmi 4,3 faiz olmuşdur. İnkişaf etmiş bəzi ölkələrdə bu, daha böyük rəqəmlərlə ölçülür. Amma bizdə qeyri-neft sənaye sahəsində artım 12,5 faiz olub, məhz bu kimi müəssisələrin hesabına”.

Bir sözlə, bu gün Azərbaycanda qeyri-neft sənayesi nəinki sənayenin, ümumilikdə iqtisadiyyatın aparıcı sektoruna çevrilməklə dayanıqlılığın təmin edilməsinə öz töhfəsini verir.

Ceyhun Piriyev, “İki sahil”