BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində təşkilatın 75 illik ybileyinə həsr olunmuş Yüksək Səviyyəli İclasda Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı qətnamələrə əməl etməyən Ermənistanın təcavüzkarlıq siyasətinin davam etdiyini ən yüksək tribunadan səsləndirən Prezident İlham Əliyev vurğuladı ki, Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirmiş, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, erməni quldurları Xocalı soyqırımını törətmiş, işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv etmişlər. Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur, əsassız şərtlər irəli sürür. Mənfur nasist general Qaregin Njdenin milli qəhrəmana çevrildiyi Ermənistanda «Azərbaycanofobiya»” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistanın təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etməsi işğalçının müharibəyə hazırlığının sübutudur. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaari ilə görüşündə «Bu, Ermənistanın təcavüzkar davranışının davam etməsini aydın nümayiş etdirir. İyulda hücumların məqsədi, dediyim kimi, əsasən Azərbaycanın yeni ərazilərini işğal etmək və sonra danışıqlar masasında daha güclü mövqeyə malik olmaq idi. İkinci səbəb Ermənistan əhalisinin diqqətini daxili problem və çətinliklərdən yayındırmaq idi» söyləyən Prezident İlham Əliyev bildirir ki, Ermənistanın müdafiə naziri Birləşmiş Ştatlarında olarkən demişdir ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə başlayacaq. «Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir» söyləyən Prezident İlham Əliyevin sözlərini sentyabrın 27-də cəbhəboyu hücuma keçən Ermənistan növbəti təxribatları ilə təsdiqlədi. Qoşunların təmas xətti boyunca mülki əhalini bilərəkdən hədəfə alan Ermənistanın təxribatları nəticəsində hərbçilər və mülki əhali arasında həlak olanlar var.
Cəbhə bölgəsində yaranan vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirən və xalqa müraciət edən Prezident İlham Əliyevin bildirdiyi kimi, planlaşdırılmış bu təxribat faşist Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini, mahiyyətini bütün dünyaya göstərir.
Bir neçə istiqamətdən müxtəlif növ silahlardan, ağır artilleriyadan mövqelərimizi, yaşayış məntəqələrimizi, kəndlərimizi atəşə tutan Ermənistan dövlət siyasətinin əsasını təşkil edən faşizmə, terrora sadiqliyini göstərir. Çünki dinc əhaliyə qarşı belə qəddarlıq ancaq faşist xislətli dövlətlərə məxsusdur.
Güclü ordumuzun apardığı uğurlu əks- əməliyyat nəticəsində düşmən xeyli canlı qüvvə və hərbi texnika itirərək geri oturdulub. Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi, strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edilmiş, düşmənə ağır zərbələr vurulmuşdur. Azərbaycanın Milli Ordusunun uğurlu döyüş əməliyyatları Silahlı Qüvvələrimizin 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında düşmənə verdiyi dərsin davamıdır.
Prezident İlham Əliyevin «Mən müxtəlif dövrlərdə dəfələrlə demişəm ki, bizə bu məsələnin, bu münaqişənin yarımçıq həlli lazım deyil. Biz öz torpağımızdayıq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verən deyilik» sözlərindən ruhlanan Milli Ordumuzun qəhrəman əsgərləri torpaqlarımızın hər qarışı uğrunda mübarizə apararaq, qələbə naminə düşmənə gözdağı verirlər. « Ayaq basdığın yeri torpaq deyib keçmə , onu tanı» müdrik kəlamının hikmətinə sığınan Azərbaycan əsgəri işğaldan azad etdiyi torpaqlarımız uğrunda ölməyə hazır olduğunu bildirir.
İyul hadisələrində Azərbaycan Ordusu ilə birlik , həmrəylik aksiyası keçirən, müsəlləh əsgər kimi düşmənə layiq olduğu cavabı verməyə hazır olduğunu bildirən, könüllü olaraq torpaqlarımızın düşməndən azad olunması uğrunda döyüşlərdə iştirak etmək istəyən gənclərimizin mübarizlik ruhu ön cəbhədə döyüşən əsgərlərimizin əzmini daha da artırır.
Bu günlərdə ölkəmizdə həqiqi mənada milli birlik və həmrəylik hiss olunur. Əlli siyasi partiyanın bu həmrəyliyə qoşulması göstərir ki, Vətən amili ortaya gələndə şəxsi mənafelər arxa planda yer alır. Ancaq həmişə olduğu kimi, təkcə iqtidara deyil, xalqa müxalifliyini taleyüklü, milli məsələlərin həll olunduğu belə məqamda da bildirən Müsavat və AXCP yenə də mənfur niyyətlərini bildirdilər.
Dağlıq Qarabağ münaqişəsinin yaranmasının əsas səbəbkarlarından olan AXC- Müsavat iqtidarı dövründə baş verənləri diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığ kimi Qarabağ torpaqlarının itirilməsinin səbəbkarı Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyasıdır: «Məhz onların dövründə torpaqlarımız işğal altına düşüb. Onların xəyanətkar, yarıtmaz fəaliyyəti nəticəsində biz bu torpaqları itirmişik. Mən həmişə deyirdim ki, biz müvəqqəti itirmişik, biz bu torpaqlara qayıtmalıyıq. Şuşanın satılması sırf o vaxt hakimiyyət uğrunda gedən mübarizənin nəticəsində baş vermişdir. Kəlbəcərin, Laçının işğal altına düşməsi Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin birbaşa məsuliyyətidir. Məhz bu işğaldan sonra demək olar ki, növbəti işğal da qaçılmaz oldu. Çünki Laçının, Kəlbəcərin, Şuşanın işğal altına düşməsi Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi bağlantı yaratmışdır. Belə olan halda əlbəttə ki, o bölgələrə, Dağlıq Qarabağa silah təchizatı, ondan sonra digər maddi resursların təchizatı asanlaşmışdır.» Döyüşlərdə bu ləkəni qanı ilə yuyan Milli Ordumuzun əsgərləri şücaətləri ilə təsdiqlədilər ki, torpaqlarımız uğrunda tökülən qanlar xalqı birliyə, həmrəyliyə çağırır, şəhidlərimiz qəhrəmanlıqları ilə Vətəni qorumağın şərəfli vəzifə olduğunu bildirirlər.
2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edən ordumuzun əsgərləri xilaskarlıq missiyasını davam etdirirlər. Azərbaycan Ordusu əks-hücum əməliyyatı nəticəsində ön xətti yarılan düşmənin nəzarəti altında olan Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdurrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndləri, Murovdağın strateji yüksəklikləri işğaldan azad edildi.
Dağlıq Qarabağ münaqişəsi başlanan gündən Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyanatları ilə bildirən Türkiyə ilə Pakistan yenə də xalqımızla həmrəyliklərini ifadə edirlər. Ermənistanın törətdiyi təxribatlar nəticəsində yaranmış vəziyyətlə əlaqədar beynəlxalq təşkilatlara ünvanlanan məlumatlarda diqqətə çatdırılır ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verilməyəcək. Erməni əsgəri ölmək istəmirsə Azərbaycan torpaqlarından rədd olsun. Prezident, Ali Baş Komandan İlham Əliyevin «Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!» sözləri Azərbaycan əsgərinin mübarizlik, gənclərimizin vətənpərvərlik ruhunu artırır. İrəli Azərbaycan əsgəri, qələbə sənindir!
Xuraman İsmayılqızı, «İki sahil»