17 fevral 2020 20:50
1541

İşçilər 8 saatdan artıq işləməməli, əsassız olaraq ixtisar olunmamalıdırlar

Bəzi sahibkarlar unutmamalıdırlar ki, bütün bunlar yalnız qanunvericiliyin deyil, həm də mənəviyyatın, vicdanın və sosial məsuliyyətin tələbidir

Azərbaycanda qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, özəl sektorda təşviq alətlərinin tətbiqi, dövlət-sahibkar münasibətlərinin tənzimlənməsi daim diqqətdə saxlanılır.

Sahibkarlığın və özəl sektorun inkişafı məqsədilə biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir.

Son illərdə kiçik və orta sahibkarların güzəştli kreditlərlə təmin olunması, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan süni problemlərin həlli istiqamətində mühüm addımlar atılıb. Vergi və gömrük sahəsində son illər aparılan mütərəqqi islahatlar, Vergi Məcəlləsində edilmiş son dəyişikliklər, respublikamızda münbit biznes mühitinin yaradılması istiqamətində atılan addımlar sahibkarlığın inkişafı üçün olduqca mühüm əhəmiyyət daşıyır.

Şübhə yoxdur ki, ölkə başçısının kredit faizlərinin aşağı salınması, istehlak kreditlərinin azadılması, biznes kreditlərinin artırılması, bankların ancaq Bakı şəhərindən girov istəməsi kimi məsələlərin həll olunması fermerlərin işini daha da asanlaşdıracaq, aqrar sektorun inkişafına ciddi təkan verəcək.

Prezident İlham Əliyev daim vurğulayır ki, qeyri-neft sektoruna, kiçik və orta biznesin inkişaf etdirilməsinə lazımi diqqət göstərilməlidir. Dövlətimizin başçısının qənaətinə görə, hökumət və digər qurumlar qeyri-neft sektorunun, eləcə də kiçik və orta biznesin inkişafına fokuslanmalıdır. “Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumdaxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun” deyən ölkə rəhbəri sahibkarların hüquqlarının qorunması və onların məmurlar tərəfindən incidilməməsi ilə bağlı daim tapşırıqlar verir, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atır, Fərman və sərəncamlar imzalayır, regionlarda müşavirələr keçirir, yerlərdəki problemlərin operativ həlli üçün lazım olan işləri görür.

Son illər həyata keçirilən tədbirlər, uğurla reallaşdırılan islahatlar sahibkarlığın inkişaf etdirilməsi ilə yanaşı, dövlət-sahibkar münasibətlərinin dünya standartlarına uyğun tənzimlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət bu istiqamətdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Ancaq bir məsələni unutmaq olmaz ki, iqtisadiyyatın, sahibkalığın inkişaf etdirilməsi yalnız dövlətin vəzifəsi ola bilməz və olmamalıdır. Bu məsələdə sahibkaların, iş adamlarının, bütövlükdə özəl sektorun üzərinə də mühüm vəzifələr düşür. Yaddan çıxarılmamalıdır ki, bu sahədə mövcud problemlərin həlli yalnız dövlətlə özəl sektorun qarşılıqlı, birgə fəaliyyəti nəticəsində mümkündür.

Şübhəsiz, sahibkarlar da üzərilərinə düşən vəzifələri yerinə yetirmək üçün var qüvvələri ilə çalışmalıdırlar. Əvvəla, ölkə başçısının da qeyd etdiyi kimi, birmənalı olaraq kölgə iqtisadiyyatından imtina etməli, qanunvericiliyin bütün tələblərinə əməl edərək muzdlu və daimi işçilərlə əmək müqavilələri bağlamalıdırlar. Sahibkarlar  vergiləri ödəməklə ölkənin büdcəsinə əlavə vəsaitlərin daxil olmasını təmin etməlidirlər. İstehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar məhsulların dünya standartlarına cavab verməsini təmin etməli, ölkədə keyfiyyətli məhsul bolluğunun təmin edilməsinə öz töhfəsini verməli, həmçinin ölkəmizin hüdudlarından kənarda xarici bazarları öyrənərək məhsulun satışı, malların təşviqi üçün ciddi səy göstərməlidirlər. Yalnız bu yolla onlar həm daha çox qazanc əldə edər, həm də ölkə iqtisadiyyatının güclənməsinə böyük töhfə vermiş olarlar.

Bundan başqa ayrı-ayrı bəzi hallarda asan yolla daha çox qazanc əldə etmək hərisi olan sahibkarlar qeyri-qanuni əməllərdən çəkinməli, işçiləri 8 saatdan artıq işlətməməli, onların  istismarına yol verməməli, iş saatından əlavə görülən işlərin haqqını qanunvericiliyə uyğun olaraq ödəməli, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Həmin sahibkarlar unutmamalıdırlar ki, bütün bunlar yalnız qanunvericiliyin deyil, həm də mənəviyyatın, vicdanın və sosial məsuliyyətin tələbidir.

Şübhəsiz, qanunu vicdansızcasına pozan sahibkarlar Prezident İlham Əliyevin  “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bildirdiyi kimi, ciddi şəkildə cəzalandırılacaqlar: “Çünki sahibkarlar indi bilirlər qaydalar nədən ibarətdir. Qaydalar da çox sadədir. Fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər. Çünki mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq. İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz. Əgər bir sahibkar 5 manat çox qazanmaq istəyirsə, adamı işdən çıxarır. Bu, dözülməzdir. Faktlar varsa, mənə deyin, biz o sahibkarlarla lazımi qaydada danışacağıq”.

Zahid Rza, “İki sahil”