13 noyabr 2019 19:58
1154

İşdə və nəqliyyatda qripə yoluxmamaq üçün nə etməli?

Havalar soyuduqca respirator viruslar, eləcə də qrip virusları aktivləşir. Viruslara yoluxmamaq üçün nə etmək lazımdır?

Əllərinizi tez-tez yuyun

Çox sadə və şablon səslənsə də əlləri tez-tez yumaq viruslara qarşı effektiv metoddur. 80% infeksion xəstəliklər toxunma yolu ilə keçir. Yəni insan virus daşıyıcısı olan insana, o insanın toxunduğu əşyalara, məsələn, nəqliyyatda tutacaqlar, qapılar, oturacaqlardan virusa yoluxa bilir. Sonra əllərlə göz, ağız, burnuna toxunduqda zərərli mikroorqanizmləri daxilə keçirir. Ona görə çöldən evə gələn kimi, eləcə də ofisdə iş saatlarında hər 1 saatdan bir əllərinizi sabunla yusanız, xəstələnmək riski xeyli azalacaq.

Əllər sabunla 30 saniyə sürtülməlidir, sonra yuyulmalıdır. Daha sonra qurudulmalıdır. Əgər su yoxdursa, yanınızda 60% li spirt saxlayıb, əllərinizi və masanızı gündə 3 dəfə dezinfeksiya edin.

Antiseptik sprey alın

Bunlar aptek və mağazalarda satılır. Əgər işdə kimsə xəstələnibsə və siz o adama yaxınsınızsa, birinci növbədə o da, siz də qoruyucu maska taxmalı, daha sonra bu spreylə hər 30 dəqiqədən - 1 saatdan bir əllərinizi, masanı silə bilərsiz.

Müxtəlif bitki və ədviyyatlı çaylar için

Viruslar burun və ağızla daha çox keçdiyi üçün orqanizm onunla mübarizə üçün burun axıntısını gücləndirir. Ona görə xəstələnəndə burun axması normaldır. Sizin vəzifəniz bacardıqca bu suyun yaranmasını artırmaqdır, bu da yalnız isti maye, çay və acılı bir qida qəbulu ilə mümkündür.

Ona görə zəncəfil, darçınlı çay, istiot qəbul edin.

Əlavə vitaminlər qəbul edin

Qriplə mübarizədə immuniteti gücləndirmək üçün ən lazımlı vitaminlər D və C vitaminidir. Əgər sizdə bu 2 vitamin azdırsa, tez-tez xəstələnəcəksiniz. Analiz verib bu vitaminlərin orqanizmdə kifayət qədər olub-olmadığını təyin edin və çatışmazlıq aşkar olunduqda həkimin məsləhəti ilə vitaminləri qəbul edin.

Peyvənd etdirin

Adi zökəm, soyuqdəymə, respirator xəstəliklərdən peyvənd yoxdur. Çünki onun törədicisi 200 adda virusdan biri ola bilər. Amma konkret qrip viruslarına qarşı peyvəndlər var, bir neçə ildən bir bu peyvəndlər yenilənir, gücləndirilir.

Qripdən qorunmaq üçün sentyabr ayından artıq vaksin vurdurmalısınız. Vaksini oktyabrın 15-nə kimi vurmaq lazımdır. Qrip vaksini 6 aylıqdan 70 yaşa kimi hər kəsə oluna bilər.

Qidalanmanızı dəyişin

İmmuniteti gücləndirməyin yolu qidalanmadan keçir. Tam dəyərli qidalanma, meyvə-tərəvəzlərin qəbulu çox vacibdir.

Xəstələnsəm, nə edim?

Əgər qrip və zökəm varsa, özünüzü və ətrafdakıları qorumağın yeganə yolu evdə qalmaqdır. Bu, ən azı 3 gün olmalıdır.

Əgər mütləq işə getməlisinizsə, maska, spirt, dezinfeksiyaedici məhlul özünüzlə olsun. Ən yaxın kolleqa sizdən 1 metr yarım aralı olmalıdır. Kütlə arasında çox gəzməyin, uşaqlara toxunmayın.

Natri xlor və ya burun yumaq üçün olan dəniz suyu alıb, hər gün 3-5 dəfə burnunuzu yuyun.

Röya Rasimqızı, “İki sahil”