01 oktyabr 2020 18:53
1519

İşğala qarşı kar, kor və lal qalanların indiki davranışı ikiüzlülükdür

Özünün təcavüzkar hərəkətləri ilə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə zidd münasibət və beynəlxalq ictimaiyyətə hörmətsizlik nümayiş etdirən Ermənistan sentyabrın 27-dən başlayaraq növbəti dəfə təxribatlar törədərək Ağdam, Füzuli, Cəbrayıl, Tərtər istiqamətlərində Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Atəşkəs rejimini kobud şəkildə pozan erməni silahlı birləşmələri iriçaplı silahlar, minaatanlar, müxtəlif növ ağır artilleriya qurğularından istifadə etməklə Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərinə və yaşayış məntəqələrinə qəfildən hücum edib. Mülki əhali, hərbi qulluqçular arasında həlak olan və yaralananlar var, çox sayda evə, infrastruktura, obyektə ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə Azərbaycanın mövqelərinə, mülki əhaliyə amansız hərbi hücumu qonşu dövlətin açıq-aşkar işğalçı siyasətinin növbəti təzahürü və qəsdən törədilən təxribatı kimi qiymətləndirilir.

İşğalçı Ermənistan dövlətinin Azərbaycanın mülki əhalisinə, yaşayış məntəqələrinə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarının və İnsan hüquqlarının müdafiəsi, eləcə də fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması qeyd olunsa da, Ermənistanın açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələr indiyədək yerinə yetirilməyib. Faşist ideologiyasına əsaslanan təcavüzkar siyasət, eləcə də münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Məqsəd danışıqları imitasiya üçün aparmaq, yəni, vaxt uzatmaqla işğalçılıq siyasətini davam etdirməkdir. Bununla yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistanın Dağlıq Qarabağ və ətraf 7 rayonda qeyri-qanuni fəaliyyəti, xüsusilə qanunsuz məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir.

Göründüyü kimi, Azərbaycan tərəfi hər zaman münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olub. Lakin bütün cəhdlərə baxmayaraq, Ermənistan tərəfi danışıqlardan boyun qaçırır və müharibə təhlükəsini alovlandırmağa çalışır. Ermənistanın baş naziri Nikol Paşinyanın müxtəlif vaxtlarda Azərbaycanın işğal olunmuş ərazilərində peyda olması, burada müxtəlif tədbirlərin, andiçmə mərasiminin, hərbi təlimlərin keçirilməsi beynəlxalq hüquq və danışıqlar prosesi ilə ziddiyyət təşkil edən əməllərdən xəbər verir. Bütün bunlara baxmayaraq, Ermənistan xalqı və hökuməti başa düşməlidir ki, Azərbaycan Ordusu istənilən hərbi təxribatın, qəfil hücumun qarşısını almağa qadirdir və istənilən təxribata qətiyyətlə cavab verir.

Regionda sülh və təhlükəsizlik prinsiplərinin pozulmasına, Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməməsinə münasibət bildirməli olan nüfuzlu təşkilatların susqunluğu, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak edən qurumların laqeydliyi fonunda işğalçı siyasətini daha da gücləndirmək yolunu tutan Ermənistanın əvvəllər olduğu kimi, cəbhə xəttində yenidən təxribatlar törədəcəyi əslində gözlənilən idi. Bu baxımdan baş verən son hadisə bir daha göstərdi ki, Ermənistan hakimiyyəti sülh danışıqlarının aparılmasında əsla maraqlı deyil. Ermənistan rəhbərliyinin növbəti hərbi təxribatı onun sülhə və regionun təhlükəsizliyinə düşmən kəsildiyini bir daha əyani şəkildə sübuta yetirir. BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək haqqında çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhdidə çevrilib.

“Azərbaycanlı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək və vətənlərini qorumaq mübarizəsində onların yanlarında olacağıq” söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) payız sessiyasının açılışında çıxışı zamanı deyib:  “ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - ABŞ, Rusiya və Fransa 30 ilə yaxındır bu münaqişəyə laqeyd yanaşıblar. Baş verənlərin qarşısında onların atəşkəs axtarışı içində olmaları hər şeydən əvvəl qəbuledilməzdir. Hə, nə isə istənilirsə, o zaman işğalçılar o torpaqlardan çıxmalıdır ki, nəticə əldə edilsin. Azərbaycanlı qardaşlarımız öz torpaqlarına qayıtmaq istəyirlər, bunun həsrətindədirlər. Mən bunları cənab Putinlə də, cənab Makronla da müzakirə etmişəm. Amma həmişə oturublar, danışıblar, lakin nəticə yoxdur. İndi nəticə vaxtıdır. Ermənilərin qədim Azərbaycan torpağı Qarabağı işğalına və mülki əhaliyə qarşı törətdikləri qətliamlara kar, kor və lal qalanların bu gün nümayiş etdirdikləri davranış ikiüzlülükdür”.

Hətta Prezident Rəcəb Tayyib Ərdoğan onu da qeyd edib ki, Türkiyə bütün imkanları, bütün qəlbi ilə Azərbaycana dəstək verməyə davam edəcək.

Mənsumə Babayeva, “İki sahil”