19 avqust 2019 17:57
987

İşğalçı Ermənistanın daralan çənbəri

İnformasiya cəbhəsində məğlubiyyət və fərari damğalı işgəncə ordusu

Bu günlərdə cəbhənin Füzuli rayonu istiqamətində fərarilik etmiş erməni hərbi qulluqçusu Aro Kazaryanın Azərbaycan tərəfinə keçməsindən sonra Ermənistan ordusunun hər aspektdən acınacaqlı durumu yenidən gündəmə gəldi. 

Adıçəkilən əsgərin fərarilik xəbəri yayıldıqdan bəri işğalçı ölkənin mətbuatında birbaşa hökuməti günahlandıran, ittihamlarla dolu yazıların ardı -arası kəsilmir. Erməni saytlarının əksəriyyəti Azərbaycan mətbuatına istinad edərək işğalçı ordunun hərbi qulluqçularının məhz işgəncə görməsi, ordudakı hərc-mərclik, anarxiya, qida  çatışmazlığı səbəbi ilə fərarilik etdiyini, Azərbaycan tərəfinə keçdiyini təsdiqlədilər. Bu xəbərlər Ermənistan hakimiyyətini ciddi şəkildə narahat etdiyi üçün informasiyanı təhrif etməyə çalışdılar. Guya onların hərbçiləri qəsdən təslim olmayıb, "yolu azaraq” o tərəfə keçib. Aro Kazaryanın guya azaraq Azərbaycan tərəfinə keçdiyini bildirən Ermənistan hakimiyyəti bununla da öz ordularındakı bərbad durumu gizləmək niyyəti güdürdü. Ancaq fakt faktlığında qalır. Aro Kazaryanın əlində ağ bayraq qaldıraraq  erməni ordusundan qaçıb Azərbaycan tərəfinə sığınması fotoyaddaşda qalır.

“Armenianreport” saytının “analitiki” Qraçya Qalustyan son yazısında Ermənistanın yeni hakimiyyətini də əvvəlki sələfləri kimi ordudakı acınacaqlı vəziyyəti gizləməkdə ittiham edib: “Yeni hakimiyyət də görünür, eynən özündən əvvəlki cinayətkar rejim kimi ordudakı ciddi nöqsanları gizləməkdə israrlıdır.  Görün, Aro Kazaryan orduda hansı işgəncələrə məruz qalıb ki, hazırda müharibə vəziyyətində olduğumuz Azərbaycan tərəfinə keçməyə üstünlük verib. Müdafiə naziri David Tonoyan isə “Araşdırma aparılır,  əsgər azaraq Azərbaycan ərazisinə keçib” deyə səfeh bəyanatlar verməklə məşğuldur”.

Siyasi şərhçi  ölkəmizin ordu.az saytının hərbi eksperti Ədalət Verdiyevin analitik yazısına istinad edərək dərin narahatlığını və hiddətini də gizlədə bilməyib: “Bizim əsgərlərimizin vaxtaşırı Ermənistan ordusundan qaçıb müharibə vəziyyyətində olduğumuz ölkəyə sığındığı bu günlərdə Azərbaycan ordusunun növbəti uğurlarını haqqında xəbərlər də oxuyuruq. Belə ki, hazırda 700 metr yüksəkliyindəki strateji Babakər dağ silsiləsinin zirvəsindən çox uzaqlıqda yerləşən, lakin yenə də Ermənistan silahlı qüvvələrinin mövqelərinə görə hakim yüksəklik statusunu qoruyan bütün hündürlüklərdə Azərbaycan sərhədçiləri tərəfindən yeni mövqelər yaradılıb. Bəzi istiqamətlərdə Azərbaycanın mövqeləri daha da irəli çəkilib, tutulmuş yeni mövqelərdə 4 sərhəd döyüş məntəqəsi yaradılıb”.

Erməni şərhçisi yazısında Azərbaycanın təkcə hərbi sferada deyil, informasiya müharibəsində də böyük uğurlar qazandığını etiraf edib: “Belə çıxır ki, biz rəqib Azərbaycanın qarşısında bütün sferalarda gücsüz qalmışıq. Məsələ ondadır ki, deməli, Ermənistan tərəfi ərazilər üzərində nəzarəti sürətlə itirməyə davam edir.  Amma Ermənistanın yeni müdafiə naziri də özündən əvvəlki sələfi kimi ordudakı ciddi çatlışmazlıqları, həddindən artıq ağır durumu gizləməyə davam edir”.

Q. Qalustyan yazısında müharibə qorxusunu ifadə etməyi də yaddan çıxarmayıb. Müəllif xofunu belə qeyd edib: “Bütün bunlar Azərbaycanın istənilən zaman müharibəyə başlayıb böyük üstünlüklə qələbə qazanacağı ehtimalından xəbər verir. Dogrudanmı 2016-cı ilin aprel döyüşləri təkrarlanacaq?! Əgər, belə olarsa, Ermənistanın heç bir şəkildə qurtulmaq şansı olmayacaq. Ermənistan balaca ölkədir, doğrudanmı Tonoyan ordudakı bərbad durumu sonuna qədər gizləyə biləcəyinə inanır?!”

Yazıdan da anlaşıldığı kimi, işğalçı Ermənistan demək olar ki, bütün sahələrdə, o cümlədən strateji sfera  olan ordu, ondan da strateji olan informasiya sahəsində də Azərbaycan qarşısında məğlub olduğunu etiraf edir. Situasiyanın tragikomik tərəfi isə Paşinyanın  ölkəsinin iqtisadi vəziyyətini, ordusunun durumunu düzəltmək əvəzinə Dağlıq Qarabağla bağlı sərsəm bəyanatlar verməsi, Azərbaycanın əzəli torpaqlarında isterik şəkildə “yallı getməsi”dir. Görünür, Nikol Paşinyan artıq həm öz ölkəsi daxilində, həm də  rəhbərlik etdiyi dövlətin işğalçılıq siyasəti səbəbindən ətrafını saran çənbərin daraldığını hiss etdiyindən isterik çabalamalar nümayiş etdirir. Ancaq artıq istənilən isterika effektiv deyil, işğalçı ölkə üçün getdikcə çənbər daralır, ədalət zamanı yetişir…

Sevinc Abdullayeva.

“İki sahil”