29 sentyabr 2020 18:01
812

İşğalçı ölkəyə layiq olduğu yer göstərilməlidir

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəyə rəhbərlik etdiyi gündən indiyə kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bir addım da olsun irəliləyiş müşahidə olunmayıb.

Paşinyanın ölkəyə rəhbərlik etdiyi vaxtdan əsas məqsədi münaqişənin dinc yolla nizamlanması yox, sərhədboyu ərazilərdə təxribatlar törətmək olub. Bu gün də beynəlxalq hüquqa zidd əməllərindən əl çəkməyərək, sərhədboyu ərazilərdə təxribatlar törətməklə münaqişəni daha da alovlandırdı və bu da müharibənin başlanmasına səbəb oldu.

Belə ki, Ermənistanın iyulun 12-dən 16-dək Tovuz istiqamətində törətdiyi təxribat zamanı güclü, qüdrətli Azərbaycan Ordusu düşmən ölkəyə layiqli cavab verdi və öz ərazi bütövlüyünü qorudu. Artıq Ermənistan rəhbərliyi və ona havadarlıq edənlər bilməlidirlər ki, Azərbaycan Ordusu işğal altındakı əraziləri hər an azad etməyə qadirdir. Çünki Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir” söyləyən Prezident İlham Əliyev bildirib ki, hərbçilər də, Azərbaycan xalqı da bunu bilir: “Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir”.

Təəssüflər olsun ki, iyul hadisələri düşmən ölkə üçün dərs olmadı. Nikol Paşinyan və onun havadarları bu acı məğlubiyyətdən nəticə çıxarmalı olduqları halda, növbəti dəfə təxribata əl atdılar. Belə ki, sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri irimiqyaslı təxribatlar həyata keçirərək Azərbaycan Ordusunun cəbhə xətti boyunca yerləşən mövqelərimizi və cəbhəyanı zonada yerləşən yaşayış məntəqələrini iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdular. İntensiv atəşlər nəticəsində dinc sakinlər arasında ölənlər və yaralananlar var. Mülki infrastruktur obyektlərinə də ciddi ziyan vurulub. Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı bütün cəbhə boyunca əks-hücum əməliyyatına başlamaq barədə qərar qəbul edib. Təsdiqlənmiş məlumata əsasən, Azərbaycanın Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Yuxarı Əbdurrəhmanlı və Kənd Horadiz, həmçinin Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.

“Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır” söyləyən Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirdi ki, onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar: “Bizdə olan operativ məlumat onu göstərirdi ki, Ermənistan bizə qarşı yeni müharibəyə başlamaq fikrindədir. Mən bu məsələ ilə bağlı artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarında müsahibəmdə, eyni zamanda, BMT kürsüsündən çıxış edərkən öz fikirlərimi bildirmişdim və demişdim ki, təcavüzkar dövlət dayandırılmalıdır. Onlar yeni müharibəyə hazırlaşırlar”.

Bütün bunlara baxmayaraq, Azərbaycanın güclü, qüdrətli Ordusu sayəsində işğalçı ölkə bu dəfə də cavabsız qalmadı. Hətta dövlət başçısı Təhlükəsizlik  Şurasının iclasında da bu barədə məlumat verərək bildirdi ki, Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq, hazırda əks-hücum əməliyyatı keçirir. Uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulub. Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib. Hətta xalqımız üçün çox sevindirici və qürurverici hadisə  ilə əlaqədar Prezident İlham Əliyev  bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etdi.

Mənsumə Babayeva, “İki sahil”