13 noyabr 2019 20:02
967

İslaha möhtac “masabəyilər”

AXCP sədri Əli Kərimlinin dublyoru, “Milli Şura”nın oyuncaq sədri  Cəmil Həsənlinin   Amerikaya səfərini  şişirdərək  möhtəşəmlik təsəvvürü yaradanların 100 min nəfərlik mitinq iştahası  dəryada balıq sevdasıdır.

Çünki Cəmil Həsənlinin ABŞ-da olarkən milli xəyanətkar Sevinc Osmanqızı ilə   Azərbaycana qarşı  qərəzli münasibətini  imkan yaranan kimi bildirən “Amnesty İnternational” təşkilatının birgə keçirdikləri  konfransda cəmi 11 nəfər iştirak edib. Onlardan 2 nəfəri erməni olub. Bir nəfər isə  Türkiyənin ABŞ-dakı səfirliyinin nümayəndəsi.

Ermənilərin marağını başa düşürük.  Azərbaycan adı gələn kimi  allergiyaları qalxan ermənilər konfransa ona görə qatılıblar ki, adətlərinə uyğun olaraq  təxribat törətsinlər. Türkiyəli nümayəndənin iştirakını da anlamaq olar. Yerdə qalanlar da yəqin ki, Cəmil Həsənlinin at tutanları, qulbeçələri olub.  Bu cırtdan yığıncağı  “konfrans” adlandıraraq, “okeanın o tayından dəstək” kimi qələmə verməyə çalışan Əli Kərimli  yenə də gözbağlayıcı əməlini tərgitmir.

Yəni Amerikada  “üç badam, bir qoz” mahnısında deyildiyi kimi özü çalıb , özü oynayan  Cəmil Həsənlinin ideoloqu Əli Kərimlinin  mitinqə nəinki 100 min, heç min nəfər toplamaq imkanı da yoxdur.

Xarici havadarlarının məcazına uyğun çalınan mahnılara züy tutan  Əli Kərimlinin yeganə çıxış yolu xarici  ölkələrdə formalaşdırdığı agent şəbəkəsini təxribat kampaniyasına daxil etməkdir.  Ağalarının mətbəxinin tör-töküntülərindən bəhrələnən  Orduxan Teymurxan, Emin Hüseynli, Məhəmməd Mirzəli, Tural Sadıqlı,  Həbib Müntəzir, Qənimət Zahid,  Vidadi İsgəndərli,  Qurban Məmmədov  kimi parazitləri şəbəkəsinə qoşan, başqa ölkələrdə  Azərbaycan əleyhinə təxribat aparan milli və dövlət maraqlarının alverçilərini təlimatlandıran Əli Kərimlinin ağalarından aldıqları təlimatlara uyğun mitinq keçirmək iddiası çoxdan fiaskoya uğrayıb.

Azərbaycanın siyasi, iqtisadi uğurlarına kölgə salmaq üçün Əli Kərimli kimi ünsürlərdən istifadə edən bəzi beynəlxalq təşkilatlar şəxsi mənafeləri naminə Vətənini girov qoyan  şərəfsizləri maliyyələşdirməklə  çirkin niyyətlərini həyata keçirməyə çalışsalar da, unudurlar ki,  artıq Azərbaycan  xalqı  erməni qulbeçələrinin mənfur əməllərini başa düşərək onlara nifrət edir. Müvafiq ölkələrə, münasib qiymətlərlə satılan Əli Kərimli və  çetesi özgələrinin ocağının başında yallanan, bir tikəyə “hav” edən məxluqlardırlar.

“Yada düşər xatirələr” deyən düşərgə mənsublarının daha bir  “təşəbbüsləri” diqqəti cəlb edir. İllərdən bəri dəb olan,  düşərgə təmsilçilərinin ümumi xorunun “birləşək, ayrılarıq” nəqarətinin yenidən səslənməsi funksionerlərin “tarixin təkrarı” ambisiyasının yenilənmiş formasıdır. 

AXCP sədri Əli Kərimlinin, sabiq Müsavat başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri  İsa Qəmbərin, Müsavatın hazırkı başqanı  Arif Hacılının, AXP sədri Pənah Hüseynin,  qələmi qərəzli olan Mehman Əliyevin və odu söndürüb közü ilə oynayan Əli İnsanovun təmsil olunduqları “dəyirmi masa”nın nə məqsədlə yarandığının bəlli olmadığı məqamda AXP, BAP, AMİP, AĞ, VHP partiyalarının sədrləri arasında keçirilən  görüş də  təəccüb doğurur . “Köklü islahatlarla dəyişikliyə doğru” adlı  platformada  birləşən  bu partiya mənsubları görünür   “Doinq Business” hesabatında   böyük islahatçı ölkə adlandırılan Azərbaycanda  aparılan geniş miyqyaslı  yeniliklərdən  bixəbərdirlər. Demokratiyanı anarxiya ilə  səhv salan  partiya mənsublarının şəxsən özlərinin və bütünlükdə düşərgə əhlinin  yeni təfəkkürə ehtiyaclarının duyulduğu bir məqamda  hansı  “köklü islahatlardan” söhbət getdiyini deyəsən özləri belə anlamırlar. Görəsən,  bekarçılıqdan darıxan, ölkədə davam etdirilən, xalqın maraqlarını ifadə edən həqiqi mənada  köklü islahatları görməyənlərin özləri nə vaxt islah olunacaqlar?

Xuraman İsmayılqızı, “İki sahil”