13 dekabr 2019 11:02
1138

İslahatlara alternativ yoxdur

Dövlətimizin başçısı İlham Əliyevin son Fərman və sərəncamları vətəndaş məmnunluğunu artırmaqla yanaşı, ölkədə sabitliyin təminatçısı olan xalq-iqtidar birliyini daha da möhkəmləndirir

Dayanıqlı inkişafın təmin edilməsi təkmil  islahatların həyata keçirilməsini əsas tələb kimi qarşıya qoyur. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “İslahatlara alternativ yoxdur... Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər.”  Ölkə Prezidenti, eyni zamanda,  bildirir ki,  əlbəttə, həyat yerində durmur. Qarşımızda yeni çağırışlar, yeni vəzifələr durur və biz bu vəzifələri icra edirik. Çünki bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır.

Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması  yeni-yeni hədəflərin müəyyənləşdirilməsini şərtləndirir. Cənab İlham Əliyev dünya təcrübəsinə istinad edərək bu müqayisəni aparır ki, elə ölkələr var ki, onlarda iqtisadi tərəqqi yüksək səviyyədədir, amma demokratik inkişafdan danışmaq qeyri-mümkündür. Elə ölkələr də var ki, demokratiyanın inkişaf səviyyəsi qaneedicidir, amma iqtisadi tərəqqi aşağı səviyyədədir. Belə olan  halda davamlı inkişafdan bəhs etmək mümkünsüzdür. Lakin Azərbaycanda bu vəhdətliyin qorunması uğurlarımızı təmin edir,  beynəlxalq maliyyə qurumlarının hesabatlarında islahatçı ölkə kimi mövqeyini möhkəmləndirir.

Azərbaycan ilk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutaraq bu istiqamətdə mühüm uğurlara imza atıb. Ölkənin idarə olunmasında  əhəmiyyətli rol oynayan qanunların qəbulu və zamanın tələbinə uyğun təkmilləşdirilməsi də bu qəbildəndir.  Ulu öndər Heydər Əliyev bildirmişdir: “Hər bir qanunun arxasında Azərbaycanda dövlət quruculuğunu təmin etmək, iqtisadi islahatları həyata keçirmək, siyasi islahatları həyata keçirmək, sosial islahatları həyata keçirmək məsələləri durur. Azərbaycanı keçmiş sosialist ictimai-siyasi, iqtisadi sistemindən yeni sistemə keçirmək prosesini biz bu illərdə apardıq və buna da nail olmuşuq. Məhz bunların nəticəsində indi Azərbaycanda demokratik, hüquqi dövlət öz fəaliyyətini uğurla həyata keçirir. Azərbaycan xalqı bunların nəticəsində öz müstəqil ölkəsində tam azadlığa çıxıbdır.”

Demokratiyanı şərtləndirən əsas amillərdən biri kimi sabitliyin və qanunun aliliyinin ölkəmizdə yüksək səviyyədə təmin olunması Azərbaycanın iqtisadi tərəqqisinə geniş yol açdı. Belə ki, ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı daha da artdı. Tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi bugünkü uğurlarımızı şərtləndirdi. Neft  gəlirlərinin idarə olunmasında şəffaflığın təmin edilməsi, ədalət prinsipinin qorunması ölkəmizin hərtərəfli inkişafına xidmət edən  sosial-iqtisadi layihələrin uğurlu icrasına yol açdı. Qeyri-neft sektorunun inkişafını neft siyasətinin məntiqi davamı kimi dəyərləndirən cənab  İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadiyyatın şaxələndirilməsinin vacibliyini önə çəkərək, bölgələrin malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramlarını təsdiqlədi və uğurlu icrası həyata keçirildi. Cari ilin əvvəlində dördüncü Dövlət Proqramı təsdiqlənərək icrasına başlanıldı. Dövlət proqramlarında,  regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafını, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsini, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını, investisiya qoyuluşunun artmasını, yeni müəssisələrin, iş yerlərinin açılmasını və  əhalinin məşğulluğunun artırılmasını, yoxsulluq səviyyəsinin azaldılmasını təmin etdi.  2004-2018-ci illərdə üç Dövlət Proqramının uğurlu icrası nəticəsində  ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. Məhz bu təməl  dördüncü sənədin uğurla icra edilməsini stimullaşdırıb. İqtisadi islahatların əsas istiqamətlərindən  birinin qeyri-neft sektorunun inkişafının, enerji sektorundan asılılığın minimuma endirilməsinin olduğunu nəzərə alsaq, IV Dövlət Proqramının icrası nəticəsində   cari ilin 6 ayında 92 min yeni iş yeri açılıb. Yeni iş yerlərinin bir hissəsi regionlarda açılan çoxsaylı istehsal, emal, sənaye, xidmət və sosial obyektlərin payına düşür. Sahibkarlığın inkişafı istehsalın artımı ilə bərabər, həm də yeni iş yerləri deməkdir. Buna görə də dövlət regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən proqramlarda bölgələrdə sahibkarlığın inkişafına xüsusi diqqət yetirir. Belə hal həm iqtisadi inkişafı, həm də əhalinin sosial müdafiəsini stimullaşdırır.

Uğurlara yol açan düşünülmüş və məqsədyönlü  siyasət,  ayrı-ayrı sahələri əhatə edən  Dövlət proqramları, ənənəyə uyğun olaraq   hər ilin bir sahənin adı ilə bağlanması və bu istiqamətdə təkmil islahatların həyata keçirilməsi Azərbaycanın beynəlxalq maliyyə qurumlarının, reytinq agentliklərinin hesabatlarında da liderliyini qorumasını şərtləndirir.  İnkişaf modeli dünyaya nümunə göstərilən Azərbaycana bu gün hansı tərəfdən baxsaq təkmilləşməni, yeniləşməni görərik.

İdarəetmə sistemində təkmilləşmə, kadr hazırlığı, dövlətimizin gəncləşmə siyasəti yeni-yeni hədəflərin gerçəkləşməsini təmin edir.  Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz artıq reallıqdır. Kadrlarla yanaşı, strukturların da yenilənməsi, təkmilləşməsi, həm də cəmiyyətin bütün zümrələri ilə Prezident arasında etibarlı, səmimi, effektiv körpü kimi fəaliyyət göstərəcəyinə əminlik yaradır. 2020-ci ilə təkmil islahatlarla, yeni hədəflərlə  qədəm qoyuruq.  

Noyabrın 28-də Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı təşəbbüsü xalq tərəfindən böyük dəstək qazandı. Dövlətimizin başçısı İlham Əliyev bu dəstəyə söykənərək, həmçinin prosedur qaydalarına əməl edilməsi fonunda  gələn il fevralın 9-da növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında Fərman imzaladı.

Zaman amili islahatların sürətini, dərinliyini, səmərəliliyini təmin etmək, ölkənin inkişafı, xalqın rifahının yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin vaxtında icrasına nail olmaq üçün başlıca faktorlardan biridir. Seçkilərin vaxtının önə çəkilməsi müasir çağırışlara adekvat parlamentin formalaşmasını sürətləndirir və islahatlar prosesinin davamına yeni impuls verir. Təhlillərdə qeyd olunduğu kimi, hakimiyyətin digər qolları kimi, qanunvericilik orqanının fəaliyyəti həm Azərbaycanın bugünkü inkişaf səviyyəsinə, həm də müasir dövrün çağırışları və qarşıda duran vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə adekvat olmalıdır.

Qeyd olunanlar fonunda bu ümumiləşdirməni apara bilərik ki,  icra, hüquq və  qanunvericilik orqanlarında həyata keçirilən təkmilləşmə, yeniləşmə  qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşməsinə yönəlib. Təsdiq olunmuş struktur müasir dövrün çağırışlarına uyğun yeni istiqamətləri və fəaliyyət sferalarını nəzərdə tutur. Prezident Administrasiyasının yeni strukturu səmərəli idarəçiliyi, qərarların çevik qəbulunu və onların icrasına nəzarətin gücləndirilməsini təmin edəcək.

Atılan hər bir addım iqtisadi tərəqqini, güclü sosial siyasəti təmin etməklə yanaşı, vətəndaş məmnunluğunu daha da artırır. Bu isə öz növbəsində ölkəmizdə sabitliyin təminatçısı kimi dəyərləndirilən xalq-iqtidar birliyini daha da möhkəmləndirir.

Yeganə Əliyeva, “İki sahil”