21 may 2019 10:25
1214

İslam aləminin ayrılmaz parçası

Əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələrinin birgə yaşadığı Azərbaycan ölkəmizin bütün vətəndaşları üçün ikinci Vətən olmuşdur. Azərbaycan vətəndaşları bir ailənin üzvləri kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşamış, birgə fəaliyyət göstərmişlər.

Azərbaycanın zəngin tarixi, mədəniyyəti, xalqımızın İslami dəyərlərə verdiyi dəyər müsəlman ölkələri tərəfindən qiymətləndirilir.

Avropa Şurasında və İslam Əməkdaşlıq Təşkilatında təmsil olunan nadir ölkələrdən sayılan Azərbaycanla Avropa İttifaqına üzv 9 ölkə arasında strateji tərəfdaşlıq sənədi imzalamışdır. Xarici siyasətinin əsasını qarşılıqlı əməkdaşlıq prinsipinə sadiqlik təşkil edən Azərbaycanın təşəbbüsü ilə yaradılan iki və üçtərəfli formatlar vasitəsilə Avropa və müsəlman ölkələri ilə əlaqələrin genişlənməsində maraqlı olan, tolerant ölkə kimi multikulturalizm ənənələrini əsrlərdən bəri qoruyub yaşadan ölkəmizdə dinlərarası, mədəniyyətlərarası dialoqların, forumların, sammitlərin təşkili bəşəri dəyərlərə sadiqlik nümunəsidir.

Azərbaycan ev sahibliyi etdiyi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda və Bakı Humanitar forumlarında müzakirə olunan əsas məsələlər cəmiyyətlərdə birgə yaşayış qaydalarının vacibliyini aktuallaşdırır. Həmin tədbirlərdə qeyd olunduğu kimi dini radikalizmə, islamofobiyaya qarşı mübarizənin gücləndirilməsi göstərir ki, dünyada əmin-amanlığın təminatı üçün bütün xalqlar səylərini əsirgəməməlidir.

Sivilizasiyalar arasında müsbət rolu ilə fərqlənən, Asiya ilə Avropanı birləşdirən coğrafi, mədəni, siyasi körpü olan Azərbaycanda dini, milli zəmində heç bir problem yoxdur və respublikamızda yaşayan bütün vətəndaşlar, müxtəlif dinlərə məxsus millətlər həmrəyliyə öz töhfələrini verirlər.

“Azərbaycanın təşəbbüsü ilə İƏT-in Gənclər Forumu, Əmək Mərkəzi və Jurnalistlər Assosiasiyası yaradılmışdır. Eyni zamanda, Azərbaycan ISESCO-nun fəal üzvüdür. ISESCO İslam aləminin təhsil, elm, mədəniyyət təşkilatıdır və bu təşkilat çərçivəsində Azərbaycan çox uğurlu fəaliyyət göstərir. Beləliklə, ISESCO və bütün müsəlman aləmi Azərbaycana daim diqqət və dəstək göstərir. Bir neçə il bundan əvvəl ISESCO tərəfindən Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilmişdir və bir il ərzində ölkəmizdə, Bakıda bir çox tədbirlər keçirilmişdir” söyləyən Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qəbul olunan qətnaməni, Kontakt Qrupunun yaradılmasını müsəlman ölkələrinin birlik və həmrəyliyinin nümunəsi adlandırır. Yəni İslam həmrəyliyi sadəcə olaraq bir şüar deyil, müsəlman dövlətlərinin əsas fəaliyyət istiqamətlərindəndir. Dünyada dözümsüzlük, islamofobiya, ksenofobiya, antisemitizm amillərinin artdığı bir zamanda Bakıda keçirilən bütün tədbirlərdə əsas çağırış budur ki, dinlərarası münasibətlərin bəşəri dəyərlər əsasında təkmilləşdirilməsi hər bir ölkə üçün önəmlidir. Azərbaycanda “Multikulturalizm İli”, “İslam Həmrəyliyi İli” elan olunması, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi təsdiqlədi ki, alternativi olmayan multikulturalizm Azərbaycanda dövlət siyasəti, həyat tərzidir. Azərbaycan sivilizasiyalar, dinlər və qitələr arasında nadir xidmətləri ilə fərqlənir. Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısında İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı Azərbaycanın sivilizasiyalararası həmrəyliyə verdiyi töhfədir.

Prezident İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşü ölkəmizin İslam aləminin ayrılmaz parçası olduğunun təsdiqidir. Müqəddəs Ramazan ayında belə görüşlərin ənənəvi xarakter daşıması müsəlman ölkələrinin İslami dəyərlərə bağlılığının ifadəsidir. “Bildiyiniz kimi, müsəlman ölkələri ilə bizim çox sıx əməkdaşlığımız var. Siyasi sahədə fəal dialoq aparılır. Əlbəttə, çox istərdik ki, iqtisadi sahədə daha da fəal əməkdaşlıq olsun. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, digər sahələrdə birgə fəaliyyətimiz xalqlarımız üçün çox böyük əhəmiyyət kəsb edə bilər. Müsəlman ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərimdə bu məsələlər daim gündəlikdədir. Əlbəttə, biz çox istərdik ki, təmsil etdiyiniz ölkələrdən olan şirkətlər Azərbaycanda müxtəlif layihələrdə daha fəal iştirak etsinlər” söyləyən cənab İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrlə beynəlxalq əməkdaşlığın möhkəmlənməsində başlıca amil olan siyasi, iqtisadi, ticari, turizm əlaqələrinin genişlənməsinə xüsusi diqqət göstərildiyini vurğulayıb. Bildirib ki, ikitərəfli formatda əlaqələrin uğurlu inkişafı üçün çox yaxşı şərait və imkanlar var.

İƏT üzvlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsəlman ölkələrinin dəstəyini yüksək dəyərləndirən cənab İlham Əliyev münaqişə ilə bağlı qəbul olunan qətnamələrin hələ də kağız üzərində qalmasını ikili standartlardan yaranan ədalətsizlik adlandıraraq vurğulayıb ki, işğalçıya kifayət qədər təzyiq göstərilməməsi separatizmə, etnik təmizləmə siyasətinə, terrora, dini ayrı-seçkiliyə loyal münasibətdir. “Beynəlxalq təşkilatlarda bizə göstərilən dəstəyə görə müsəlman ölkələrinə bir daha təşəkkürümü bildirirəm” söyləyən cənab İlham Əliyev vurğulayıb ki, belə münaqişələrin həllində İslam həmrəyliyinin gücləndirilməsi çox vacib və gündəlikdə duran əsas məsələlərdən biridir.

Görüşdə Azərbaycanda akkreditasiya olunmuş müsəlman ölkələrinin səfirləri və diplomatik missiyalarının rəhbərləri adından çıxış edən Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim Əbdül Rəhim belə tədbirləri İslamın xeyirxah dəyərlərinə çağırış adlandırdı.

Müstəqilliyinin ilk illərində ölkəmizin üzləşdiyi çətinliklərdən söz açan fələstinli səfir vurğulamışdır ki, ölkə rəhbərliyinin müdrikliyi və uzaqgörənliyi sayəsində Azərbaycan gözlənilən təhlükələrin öhdəsindən uğurla gələrək qədim Odlar Diyarını inkişaf etmiş, müasir, gələcəyə doğru sürətlə addımlayan bir ölkəyə çevirmiş, insanlara sülh, əmin-amanlıq bəxş edən İslam irsini və mədəniyyətini də qoruyub.

“Müsəlman ümməsinin əziz, ayrılmaz və vacib bir üzvü kimi, Azərbaycan müsəlman aləminin Dağlıq Qarabağdan tutmuş Əl-Qüds, Əl-Şərif, Kəşmirə qədər və digər işğal olunmuş müsəlman əraziləri ilə bağlı məsələlərdə ədalətli haqq işini böyük səylə dəstəkləmiş, habelə bu günün çoxsaylı çağırışları ilə mübarizədə birgə səylərin önündə olmuşdur. Bunlardan biri də məkrli və yanlış məfhum olan islamofobiya ilə mübarizə aparmaqdır” söyləyən diplomat ölkəmizin multikulturalizm dəyərlərinin təbliği istiqamətində ciddi səylərini də qiymətləndirib.

Görüşdə iştirak edən diplomatların ümumi fikri bu olmuşdur ki, müsəlman ümməsi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən həllini dəstəkləyir və bu məsələdə Azərbaycanın yanındadır, Müsəlman ölkələri BMT Təhlükəsizlik Şurasına qəbul etdiyi bütün qətnamələrin seçmə üsulu ilə yox, bərabər şəkildə icrası üçün çağırış edir. Belə bir əminlik ifadə edilmişdir ki, islamofobiya adı ilə İslamın adına ləkə gətirən pis, bədxah və cahil qüvvələri məğlub edəcəyi və bununla da bəzi ölkələrimiz üzərində olan qara buludların çəkiləcəyi, habelə qardaş ölkələrimiz arasında birlik və harmoniyanı bərqərar etmək üçün fikir ayrılıqlarının aradan qaldırılacağı gün bəşəri dəyərlərin qələbəsi kimi tarixə yazılacaq.

Xuraman İsmayılqızı, “İki sahil”