28 oktyabr 2020 21:49
767

İspaniya nəşri Ermənistan ordusunun Bərdəyə raket hücumu nəticəsində dinc sakinlərin həlak olması barədə yazır

İspaniyanın qocaman qəzetlərindən biri olan La Vanguardia nəşrində “Bərdə şəhərinin atəşə tutulması nəticəsində ən azı 20 mülki şəxs həlak olub” adlı məqalə dərc edilib.

"İki sahil" xəbər verir ki, ispan nəşri Azərbaycan Respublikasının Baş Prokurorluğunun bəyanatına istinadla diqqətə çatdırır ki, bu gün erməni qüvvələrinin kaset bombalarını tətbiq etməklə Azərbaycanın Bərdə şəhərinə hücumu nəticəsində ən azı 20 nəfər həlak olub, 40-dan çox insan isə yaralanıb.

Qeyd edilir ki, erməni qüvvələri o cümlədən çoxsaylı ticarət obyektləri də yerləşən sıx məskunlaşmış Azərbaycan rayonunu “Smerç” raketləri ilə atəşə tutub. Bir gün əvvəl, Ermənistan silahlı qüvvələrinin Bərdəyə atəş açması nəticəsində dörd nəfər həlak olub, daha on üç nəfər yaralanıb.

İspan nəşri Azərbaycan Respublikasının Baş Prokurorluğunun açıqlamasına istinadla qeyd edir ki, düşmən yaydığı dezinformasiyaların köməyi ilə çox sayda insanın həyatına son qoyduğu Bərdə cinayətlərindən diqqəti yayındırmağa çalışır.