25 iyun 2019 10:42
824

İsrailə biyan ixrac ediləcək

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı daha bir qeyri-ənənəvi Azərbaycan məhsulunun xarici bazarlara ixracı istiqamətində uğura imza atıb.

Azexport portalının dəvəti ilə İsrailin ən böyük biyan və ekstraktı idxalçısı  həmçinin, bu sahədə dünya üzrə ilk onluqda yerləşən “F&C Licorice Group” şirkətinin nümayəndələri Bakıda səfərdə olub. Qonaqların İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycandan biyan ixrac edən şirkət nümayəndələri ilə görüşü təşkil olunub.

Azexport portalının meneceri Ayxan Qədəşov bildirib ki, görüşdə Azərbaycandan növbəti mövsüm illik müqavilə üzrə 2.5-3 min ton yüksək keyfiyyətli biyan məhsulunun İsrailə ixrac olunması haqqında ilkin razılıq əldə olunub. Həmçinin, İsrail nümayəndələrinə Azərbaycanın münbit investisiya mühiti barədə məlumatlar, eləcə də, gələcəkdə birgə əməkdaşlıq çərçivəsində biyan qəbulu  və emalı məntəqələrinin yaradılması üçün təkliflər təqdim olunub.

Qeyd edək ki, Azərbaycanda bir il ərzində oxratoksin A göstəricisi 20-dən aşağı olan 6-7 min ton qurudulmuş və preslənmiş yüksək keyfiyyətli biyan məhsulu əldə olunur. Əldə olunan məhsul əsasən Çin, Sinqapur, Hindistan, İsrail, İran kimi ölkələrə ixrac olunmaqla yanaşı, daxili tələbatın ödənilməsi məqsədi ilə də istifadə olunur.

 Azexport portalı sadalanan  texniki və keyfiyyət göstəricilərinə uyğun gələn biyan məhsulunun ixracında maraqlı olan sahibkarlara müraciət edərək bildirir ki, Azexport portalı vasitəsi ilə “F&C Licorice Group”  və digər aidiyyəti beynəlxalq şirkətlərin əlaqə vasitələrini əldə edə bilərlər.