06 sentyabr 2019 10:56
1516

İstanbulda azərbaycanlı rəssamın sərgisi açıldı - FOTO

Sakit Məmmədovun sərgisi “SOCAR Türkiyə”nin sponsorluğu ilə baş tutub

Azərbaycanın görkəmli rəssamı, İngiltərə Kraliçası II Elizabetin sənətinə böyük dəyər verdiyi dünya şöhrətli fırça ustası Sakit Məmmədovun əsərləri “SOCAR Türkiyə”nin dəstəyi ilə İstanbul  sənətsevərlərinin qarşısına çıxdı. “Opalizm” üslubunun əsasını qoyan məşhur rəssamın əsərləri 5 sentyabr - 5 oktyabr 2019-cu il tarixləri arasında “Tophane-i Amire Kültür ve Sanat Merkezi”ndə (Mədəniyyət və İncəsənət Mərkəzində) nümayiş olunacaq.

Azərbaycan və Türkiyə arasında əsrlər boyu davam edən qardaşlıq münasibətlərini iqtisadiyyatdan sosial və mədəni sahələrə də daşıyan “SOCAR Türkiyə” Sakit Məmmədovun İstanbuldakı sərgisi ilə incəsənətə verdiyi dəstəyi davam etdirir. Azərbaycanın ən tanınmış rəssamlarından biri olan Sakit Məmmədovun “Opalizm” adlı sərgisini 5 sentyabr - 5 oktyabr 2019-cu il tarixləri arasında İstanbulda “Tophane-i Amire Kültür ve Sanat Merkezi”nin “Beş Kubbe” zalında ziyarət etmək olar. “SOCAR Türkiyə”nin sponsorluğu və Murat Pilevnelinin koordinatorluğu ilə təşkil edilən sərgidə 160-dan çox əsər nümayiş olunur. Girişi pulsuz olan sərgidə nümayiş etdirilən tablolar, habelə       özünəməxsusluğu ilə diqqət çəkən rəssamın  sənətini əks etdirən kitabı da “SOCAR Türkiyə”nin dəstəyi ilə oxuculara təqdim edilir.

“İQTİSADİYYATA VƏ CƏMİYYƏTƏ TÖHFƏ VERİRİK”

Türkiyənin ən böyük xarici sərmayədarı olaraq “SOCAR Türkiyə” təkcə ölkə iqtisadiyyatında deyil, həm də sosial və mədəni sahələrdə də əhəmiyyətli işlər görür. “SOCAR Türkiyə”nin korporativ əlaqələr müdiri Murat LeCompte deyir: “Bizim üçün hər iki ölkənin təkcə iqtisadiyyatına deyil, incəsənət və mədəniyyət baxımından cəmiyyətinə də töhfə vermək çox əhəmiyyətlidir. Azərbaycan və Türkiyənin ortaq dəyərlərini yaşatmaq və bu daimi dəyərləri daha yüksək səviyyələrə çatdırmaq üçün mühüm layihələr həyata keçiririk. Bu çərçivədə Azərbaycanın canlı əfsanəsi kimi tanınan, əsərləri ilə incəsənət dünyasına yenilik gətirən belə dəyərli rəssamı dəstəkləmək, onun əsərlərini Türkiyədə incəsənət həvəskarlarına təqdim etmək bizə sevinc bəxş edir. Sakit Məmmədovun bu sərgisində iştirak edənlər ilhamverən, qeyri-adi personajların əksini tapdığı əsərlərlə fərqli dünyalara yelkən açıb sənətin ehtişamını hiss etmək fürsəti əldə edəcəklər”.

“SOCAR Türkiyə”nin sponsorluğu ilə həyata keçirilən layihənin koordinatoru Murat Pilevneli isə “SOCAR Türkiyə”nin mədəniyyət və incəsənət sahəsinə verdiyi dəstəyə diqqət çəkərək, belə deyib: “Ötən illərdə bir çox sərgini dəstəkləyən və onların ev sahibi olan “SOCAR Türkiyə” ölkəmizin incəsənət həyatına verdiyi töhfəni gündən-günə artıraraq davam etdirəcək. “SOCAR Türkiyə”nin dəstəyi ilə təşkil edilən “Opalizm” adlı bu sərgi müasir Azərbaycan rəssamlıq dünyasının ən mühüm nümayəndələrindən olan Sakit Məmmədovu türkiyəli incəsənət həvəskarlarına tanıdır. İşıq və rəngdən həddindən artıq balanslı şəkildə istifadə edən Məmmədovun rəsm əsərlərində poeziyanın ön planda olduğunu görürük. Bu sərgidə keçmişdən bu günə qədər yaratdığı əsərləri bir araya gətirərək, sənətkarı hərtərəfli tədqiq edirik”.

Bir çox beynəlxalq mükafatın laureatı, Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov Rusiya İmperator Rəssamlıq Akademiyası medalı, Leonardo Da Vinci medalı, Mozart medalı, Dünya Rəssamlıq Akademiyası medalı, Avropa Şərəf Nişanı və İtaliya qızıl medalı da daxil olmaqla bir çox beynəlxalq mükafatların laureatıdır. Məşhur sənətkar “Opalizm” üslubunun yaradıcısı kimi də tanınır. Rəssamın, adını sanskritcə “qiymətli daş” mənasını verən “upala” sözündən götürən opal daşından ilhamlanaraq yaratdığı “Opalizm”də, rəngin vurğulandığı bir anlayış mövcuddur. Tərkibindəki rənglər səbəbi ilə “göy qurşağı” olaraq da xarakterizə edilən opal daşının parıltısını kətan üzərinə köçürən S.Məmmədovun əsərləri ilhamverici və qeyri-adi xarakterləri bir araya gətirir. Rəssam bu günə qədər Azərbaycan və Türkiyədən başqa, Rusiya, Belarus, Avstriya, Polşa, İsveç, Ukrayna, Almaniya, Misir, Avstraliya, Fransa, İtaliya, Sinqapur və Belçika kimi bir çox ölkədə sərgi açıb. Əsərləri Moskva, Sankt-Peterburq, Bakı, Türkiyə və Vatikanın bir çox muzeylərində nümayiş olunur.

Zamin Məmmədov,

“İki sahil”