27 yanvar 2021 18:39
1309

İstedadlı insanların fəaliyyəti daha düzgün təşkil edilməlidir ki… 

Ölkəmizdə elm, texnologiya, İKT, o cümlədən kosmik sənayenin inkişafı istiqamətində son illərdə çox mühüm işlər görülüb. Kosmik proqramların hazırlanması və reallaşdırılması müstəqillik tariximizin ən böyük uğurlarından biri kimi tarixə düşüb.  Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı ölkələrdən biri olduğunu təsdiqləyıb. 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi, ölkəmizin İKT sahəsində əldə etdiyi uğurların dünya ictimaiyyətinə təqdimatı olacaq. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  gənc müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir.

Bu tədbir xalqımızın yüksək intellektual sərvətinin, texniki potensialının bütün dünyaya nümayiş etdirilməsi baxımından da zəruridir. Kosmik proqramların hazırlanması və reallaşdırılması müstəqillik tariximizin ən böyük uğurlarından biri kimi mühüm əhəmiyyət daşıyır. Ölkəmizin orbitdə 3 peyklə təmsil olunması Azərbaycanı dünya kosmik klubunun fəal üzvünə çevirib. Bununla da Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı ölkələrdən biri olduğunu təsdiqləyıb. Azərbaycanda  informasiya-kommunikasiya texnologiyalarının tətbiqini əsas prioritet kimi qarşıya qoyan Prezident İlham Əliyevin imzaladığı «Azərbaycanda kosmik sənayenin yaradılması və  telekommunikasiya peyklərinin orbitə çıxarılması», «Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının  təsdiq edilməsi haqqında» sərəncamlar,   «Azərkosmos» Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi,  Yerüstü Peyk- İdarəetmə Mərkəzinin yaradılması ölkədə kosmik sənayenin inkişafını sürətləndirdi. «Azərkosmos»  Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi  ilə  azsaylı kosmik ailənin üzvlərindən olan ölkəmizdə   «fəza elmi»nə diqqət artırıldı.  Azərbaycanı  orbitdə  təmsil edən,  Avropa, Afrika,  Mərkəzi Asiya,  Qafqaz ölkələrini əhatə edən «Azerspase-1», informasiya müstəqilliyini və təhlükəsizliyini təmin edən telekommunikasiya peyki, «Azersky» müşahidə peyki,  «Azerspase-2» kosmik sənayemizi inkişaf etdirməklə yanaşı, kommersiya  xarakterli, ölkəmizə sərmayə qazandıran önəmli layihədir.   «XXI əsr texnoloji mübarizə əsridir və bizim kadr  potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır» söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi, astronavtika sahəsində əldə  edilmiş uğurlar böyük biznesin dəstəyi ilə baş verir. Son 17 ildə ümumi daxili məhsulumuz üç dəfə artıb, yoxsulluq səviyyəsi demək olar ki, 50 faizdən 5 faizə düşüb. İqtisadi inkişafımızı göstərən bu statistik rəqəmlərdən də bəlli olur ki,  qitələr, sivilizasiyalararası körpü olan Azərbaycan  kosmik sənayenin inkişafında da önəmli addımlar atır. Beynəlxalq astronavtika aləminin inanılmış üzvü kimi ölkəmizə etimad göstərilir. Ölkəmizin  qüdrətli dövlətlər arasında  bu şansı qazanması  Azərbaycanı zirvələrə yüksəldən, respublikamızın  kosmosda təmsilçiliyi üçün siyasi iradə göstərən dövlətimizin başçısı İlham Əliyevin təkmil, dövrün, zamanın tələblərinə uyğun olaraq gerçəkləşdirdiyi siyasətin nəticəsidir.

«Bu gün dünyanın inkişafı müasir texnologiyaların inkişafından  asılıdır. O ölkələr ki,  bu texnologiyaları  icad edir,  yaxud da ki,  onları tətbiq edir, o ölkələr daim uğur qazanacaqlar. XXI əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır» söyləyən Prezident İlham Əliyev  Azərbaycanın iqtisadi qüdrətinin  güclənməsində xidmətləri olan informasiya texnologiyalarının inkişafına  xüsusi diqqətlə yanaşır. Qitələrarası əməkdaşlığı  möhkəmləndirən,  coğrafiyası genişlənən qlobal enerji, nəqliyyat  layihələrinin  reallaşmasında   təşəbbüskar kimi rolu artan Azərbaycanın  informasiya-kommunikasiya texnologiyaları sahəsində də    liderliyini qoruması XXI əsrin çağırışlarına cavabdır. Müasir dövrümüzdə ən güclü silahlardan da  təhlükəli olan informasiya mübarizəsində  həqiqətlərin  beynəlxalq  ictimaiyyətə çatdırılması baxımından da  İKT-nin rolu əvəzsizdir.  

Dövlətimizin başçısı İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən Azərbaycanın son illərdə yeni texnologiyaların inkişafı sahəsində qazandığı uğurlardan geniş bəhs edərək  44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı Qələbədə texnoloji üstünlüyümüzün rolunu xüsusi qeyd etmişdir: «Vətən müharibəsi dövründə düşmənin hərəkətlərini onlayn formatda izləmək və onların təxribatlarının qarşısını almaq əlbəttə ki, bizə əlavə üstünlük yaratdı. Təsadüfi deyil ki, Vətən müharibəsi, Azərbaycanın apardığı əməliyyatlar dünyada hərbi ekspertlər tərəfindən XXI əsrin müharibəsi adlandırıldı. Çünki bu, texnoloji inkişaf baxımından bir yenilik idi.»

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, müharibədən sonra hazırda  bərpa işləri ilə bağlı planlarımızın həyata keçirilməsi üçün də peyklərin çox böyük əhəmiyyəti var. Belə ki,  kənd təsərrüfatının, meşə fondunun, su resurslarının, ekoloji vəziyyətin gələcək inkişafı ilə bağlı peykdən ötürülən məlumatlar xüsusi əhəmiyyətə malikdir: «Biz burada heç bir ölkədən asılı deyilik. Eyni zamanda, gələcəkdə bərpa işlərini düzgün təşkil etmək üçün bu imkanlar əlbəttə ki, bizə böyük üstünlük yaradır. Bir sözlə, Azərbaycanda həm nəqliyyat, həm texnologiyalar, həm də rabitə sahələrində görülmüş işlərə birmənalı şəkildə müsbət qiymət vermək olar. Bugünümüzün əsas çağırışlarından biri kadr hazırlığının təşkilidir. İstedadlı insanların fəaliyyəti daha düzgün təşkil edilməlidir ki, Azərbaycan texnologiyaların istehsalçısı kimi də öz rolunu oynasın və öz sözünü desin.

O da məlumdur ki,  Azərbaycan brendi kimi dünyaya səs salan «ASAN xidmət», DOST mərkəzlərində çalışanların böyük əksəriyyəti gənclərdir. Onlar burada böyük təcrübə toplayaraq digər sahələrdə çalışmaq imkanı əldə edirlər. Cənab İlham Əliyev daim bildirir ki,  ölkənin iqtisadi tərəqqisi kadr hazırlığı ilə uzlaşmalıdır. «ASAN xidmət» mərkəzlərinin açılışında  bu fikirləri  xüsusi vurğulayır ki,  gənclər burada çox gözəl məktəb keçərək həyatda layiqli yer tutacaqlar ki, gələcəkdə ölkəmizin inkişafı üçün səylərini əsirgəməsinlər: «Buna nail olmaq üçün ilk növbədə, bilikli, savadlı və vətənpərvər olmalısınız. Hesab edirəm ki, bu üç əsas amil gələcəkdə də Azərbaycanı bütün bəlalardan qoruyacaq, necə ki, bu gün qoruyur.»

Yeganə Əliyeva, «İki sahil»