15 iyul 2019 17:11
716

İsveçdə təyyarə qəzasında 9 paraşütçü ölüb

İsveçin şimalında paraşüt idmanı ilə məşğul olan idmançıları daşıyan təyyarənin havaya qalxmasından bir neçə dəqiqə sonra qəzaya uğraması nəticəsində 9 nəfərin öldüyü bildirilir. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, qəzaya uğrayan birmotorlu GippsAero GA8 Airvan təyyarəsi Umea aeroportundan havaya qalxdıqdan sonra yerə çırpılıb. Polis sözçüsünün məlumatına görə, təyyarə Ume çayının ortasında yerləşən adaya düşüb. Onun göyərtəsində olan 8 paraşütçü və pilot həlak olublar.

Məlumatda qəzanın səbəbinin bilinmədiyi qeyd olunur. Hadisənin şahidləri isə bildiriblər ki, paraşütçülərdən bir neçəsi təyyarədən tullanmağa cəhd edib. Dagens Nyheter qəzetinə müsahibə verən Peter Larrson adlı şahid deyib ki, o, qəribə səs eşidib və yuxarıya baxdıqda təyyarənin fırlandığını görüb. “Əvvəlcə düşündüm ki, bu, akrobatik hərəkətlərdir, lakin tezliklə təyyarənin yerə çırpıldığını gördüm”, deyə şahid bildirib.

İsveç Kralı Karl XVI Qustav həlak olanların ailələrinə başsağlığı verib.