17 fevral 2020 21:31
1206

İsveçrədə 5G şəbəkəsinin tətbiqinə qarşı etirazlar artır

Beşinci nəsil (5G) mobil rabitə şəbəkəsi dünyanın müxtəlif ölkələrində müasir texnoloji dövrün mühüm yeniliklərindən biri kimi qarşılanır və tətbiqi genişlənir. Lakin 5G şəbəkəsinin tətbiqinə qarşı etiraz edənlər də kifayət qədərdir və bu etirazlar, ilk növbədə, Avropada mobil rabitə şəbəkəsi sahəsində nümunəvi ölkə sayılan İsveçrədə ciddi şəkil alıb.

5G şəbəkəsini təmin edən infrastrukturun sürətlə qurulduğu İsveçrədə mobil rabitə qurğularının yaydığı şüa başqa ölkələrlə müqayisədə on dəfəyədək çoxdur. Bu da öz növbəsində 5G şəbəkəsinə qarşı cəmiyyətdə etirazları artırır. ABŞ-dan sonra dünyada ən çox 5G antenalarına sahib olan Alp ölkəsində artıq iki vətəndaş qrupu yeni texnologiya ilə bağlı referendum keçirilməsinə çalışır. Etirazçılar əhalinin sıx yaşadığı ərazilərdə bu texnologiyanın inkişafı nəticəsində yaranan şüalanmanın sağlamlığa vuracağı zərərdən narahatdırlar.

Avropanın bir çox ölkəsində olduğu kimi, İsveçrədə də yeni nəsil antenaların emissiya göstəricisi hər metr üçün 61 volta bərabərdir, lakin bundan əlavə əhalinin sıx məskunlaşdığı ərazilərdə, eləcə də məktəb, xəstəxana, büro və yaşayış binaları yaxınlığındakı antenalarda bu göstərici hər metr üçün 6 voltu keçməməlidir. Bu isə öz növbəsində mobil rabitə şirkətlərinə öz infrastrukturunu genişləndirməyə imkan vermir, eyni zamanda, sənaye və iqtisadi dairələrdə narazılığa səbəb olur. Genişzolaqlı internet şəbəkəsi sayəsində yeni innovasiya, xidmət və məhsulların İsveçrədə yaranmasına tərəfdar olan iqtisadi və siyasi dairələr məhdudiyyətlərin ölkə iqtisadiyyatına zərbə vuracağına dair xəbərdarlıq edirlər.

“Şüalanmaya qarşı müdafiə” adlı cəmiyyət isə növbəti referendumlardan birində 5G texnologiyasına məhdudiyyətlərin tətbiqi üçün imzatoplama kampaniyası keçirir. Yaxın müddətdə İsveçrə seçicisi ölkə iqtisadiyyatı üçün əhəmiyyət daşıyan bu mövzuda öz qərarını verməlidir. //AZƏRTAC