25 fevral 2020 11:00
2042

İtaliya Avropada Azərbaycanın ən yaxın tərəfdaşlarındandır

İtaliya-Azərbaycan əməkdaşlığının bütün istiqamətlər üzrə yüksələn xətlə davam etməsi onu göstərir ki, münasibətlər müttəfiqlik əlaqələrinə yaxındır

Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində keçirilən görüşlər, hər iki ölkə arasında Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanması, Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyi ilə bağlı açıqlamalar, hər iki dövlət arasında təcrübə mübadiləsini genişləndirəcək təkliflər ölkələrarası münasibətlərin yeni istiqamətlər üzrə inkişafını da müəyyənləşdirdi.

Azərbaycanla İtaliyanın çoxəsrlik tarixə əsaslanan oxşar dövlətçilik ənənələri, maddi- mədəniyyət nümunələri, hər iki xalqın adət-ənənələrinə bağlılığı iki ölkə arasındakı münasibətləri eyni məqsəd naminə birləşdirir.

Azərbaycan-İtaliya münasibətlərini “Müstəqilliyini bərpa etdikdən sonra üçüncü onillik ərəfəsində Azərbaycan regionun ən inkişaf edən ölkələrindən biri və mədəniyyətlər, etnik qruplar və fərqli dinlərin birgəyaşayış modeli kimi özünü təsdiq etmişdir. Sürətlə möhkəmlənən və şaxələnən bu münasibətlər mütəmadi və məhsuldar əlaqələrə təkan verərək yalnız qurumlar, hökumətlər və müəssisələr arasında deyil, həmçinin mədəni və akademik reallıqlar arasında da inkişafa səbəb olmuşdur. Azərbaycan öz enerji ehtiyatları ilə keçən əsrdə dünyada gedən əhəmiyyətli modernləşmə prosesinin baş qəhrəmanı oldu” sözləri ilə dəyərləndirən, “Biz Avropa İttifaqı və Azərbaycan arasındakı əlaqələrə stimul olmaq üçün bu sahədə də çox geniş formatda əməkdaşlıq etməyə hazırıq. İtaliya Azərbaycanı həmçinin Avro-Atlantik Tərəfdaşlıq üzrə də ən əsas tərəfdaş kimi görür” söyləyən İtaliyanın Prezidenti Sercio Mattarella Cənubi Qafqazın lider ölkəsi Azərbaycanla əməkdaşlığa xüsusi diqqətini ifadə edir.

Bəllidir ki, Azərbaycan müəllif olduğu enerji layihələrini reallaşdırmaqla eyni zamanda, etibarlı tərəfdaşlıq formatı da yaratmışdı. “Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə iştirak edir. Mən o ölkələrin adlarını bu gün çəkmək istərdim - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Bax, geniş beynəlxalq əməkdaşlıq yaradılıb” söyləyən Prezident İlham Əliyev İtaliyanın bu tərkibdə iştirakını yüksək dəyərləndirir.

İki il bundan əvvəl ölkəmizdə səfərdə olan İtaliya Respublikasının Prezidenti Cercio Mattarella Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırmış, iqtisadi, ticari sahədə qarşılıqlı əlaqələrin genişləndirilməsini əks etdirən prioritetləri də açıqlamışdır. Həmin səfərdə irəli sürülən təkliflərin Romada İtaliya -Azərbaycan arasında imzalanan 28-dən artıq sənədlə reallaşması belə inam yaradır ki, yalnız bir-birinə çox yaxın olan ölkələr arasında etimada əsaslanan səmimi münasibətlər ola bilər.

“Birgə Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir və əslində, bizim gələcək ikitərəfli əməkdaşlığımızın əsas prioritetlərini müəyyən edən bir sənəddir. Bu sənəddə çox önəmli müddəalar var. Bu müddəalar onu göstərir ki, bizim əlaqələrimiz hətta müttəfiqlik əlaqələrinə yaxındır. Çünki oradakı maddələrdən birində göstərilir ki, biz beynəlxalq təşkilatlarda maraqlarımızı nəzərə alaraq bir-birimizi dəstəkləyəcəyik” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, İtaliyanın Azərbaycanın birinci ticarət tərəfdaşı olması digər sahələr üzrə əlaqələrin genişlənməsini də təmin edir.

“Azərbaycan uzun illərdir ki, İtaliyanı xam neftlə təchiz edir. Azərbaycandan gələn xam neft İtaliyanın istehlakının 18 faizini təşkil edir və Azərbaycan birinci yerdədir. TAP layihəsinin uğurla başa çatması nəticəsində Azərbaycan və İtaliya bundan sonra onilliklər ərzində qaz sahəsində çox etibarlı tərəfdaşlar kimi birgə fəaliyyət göstərəcəklər” söyləyən cənab İlham Əliyevin bildirdiyi kimi, əsas vəzifə başa çatmaqda olan TAP-dan sonrakı dövrdə də iqtisadi əməkdaşlığı dərinləşdirməkdir. Trans-Adriatik, Trans-Anadolu və Cənubi Qafqaz boru kəmərləri ilə artıq gerçəkləşən ən böyük imkanlar həqiqətən münasibətlərə təkan verəcək. Bu, “Şahdəniz”” qaz yatağı ilə bağlantı sayəsində mümkün olacaq. Əsas odur ki, layihələrə, hökumətlər tərəfindən razılaşdırılmış dəqiq siyasi seçimlərə Azərbaycan -İtaliya münasibətlərini daha sıx bağlayan qarşılıqlı etimad prinsipi ilə yanaşmaqdır. Hər iki ölkə arasında illərdən bəri davam edən ticari əlaqələrin 70 faizə qədər artması da sübut edir ki, münasibətlər təkcə neft və qaz sahəsində deyil, strateji əməkdaşlığın bütün sahələrini əhatə edir.

Azərbaycanın qarşılıqlı münasibətlərə göstərdiyi dəstəyin nəticəsidir ki, hazırda İtaliyanın 100-dən çox şirkəti Azərbaycanda dizayn, turizm, aqrar sənaye, yaşıl texnologiya, nəqliyyat, logistika sahəsində fəaliyyət göstərir. Bu, eyni zamanda İtaliya şirkətlərinə Azərbaycanda göstərilən böyük dəstəyin nəticəsidir.

Şirkətlərin beynəlmiləlləşdirilməsi və KOB-lara dəstək verilməsində yeni İpək Yolunun, Ələt Beynəlxalq Ticarət Limanının istifadəyə verilməsi xüsusi iqtisadi zonanın yaradılmasına də təkan verir.

Bərpaolunan energetika və ekodayanıqlı texnologiya, Günəş, külək və geotermik sahələrdə bərpaolunan enerji mənbələrindən istifadə sahəsində zəngin təcrübəyə malik İtaliya bu sahədə də azərbaycanlı həmkarlarına yardım göstərməklə, infrastruktur, maşınqayırma, aqrar sənaye, rəqəmsallaşdırma, əczaçılıq və tekstil sahələrində təcrübələrini bölməkdə də maraqlıdırlar. Əsas məqsəd hər iki dövlət arasında qarşılıqlı əlaqələri daha da genişləndirmək, yeni əməkdaşlıq imkanlarını birgə müəyyənləşdirməkdir.

Dəmir yolu sisteminin inkişafı sahəsində zəngin təcrübəyə malik İtaliya bu sahədə də ölkəmizə yardım göstərə bilər.

Göründüyü kimi, Azərbaycan inkişaf etməkdə olan iqtisadiyyatını şaxələndirməkdə qətiyyətlidir və əsas diqqəti kənd təsərrüfatı, ətraf mühitə ziyan vurmayan nəqliyyat və enerji sektorunun müasirləşdirilməsinə yetirir. Belə ki, İtaliya ölkəmizdə biznesini genişləndirməyə hazır olan şirkətlərə, kiçik və orta həcmli müəssisələrə geniş şəbəkəsi vasitəsilə töhfə verə bilər. İtaliyanın maliyyə qolu olan və ölkənin şirkətlərə beynəlxalq səviyyəyə çıxmaları üçün maliyyə dəstəyi göstərən “Cassa Depositi Prestiti”nin (CDP) biznes planının mərkəzində italyan şirkətlərinin beynəlxalq inkişafına dəstəyin göstərilməsi dayanır. Buna görə də CDP Azərbaycan ilə biznes qurmaq istəyən bütün italyan iş adamlarını dəstəkləyir.

Azərbaycanın enerji sektoru və Azərbaycanın sərhədlərindən kənarda maliyyələşdirdiyi enerji layihələri ilə bağlı İtaliya şirkətləri dəyəri 10 milyard ABŞ dollarına yaxın müqavilələr imzalayıblar. Qeyri-enerji sektorunda bu rəqəm təqribən 700 milyon dollardır.

Səfər çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İtaliya Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması bu sahədə birgə fəaliyyətin yeni istiqamətlərini də şərtləndirir. Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də mədəniyyət, turizm, qida təhlükəsizliyi, hərbi əməkdaşlıq, kosmos sənayesinin inkişafı, dəmir yolu maşınlarının (drezinlərin) və iş avadanlıqlarının satınalınması, ixracın və investisiyaların təşviqi, təhsil mübadiləsi ilə bağlı sənədlərin imzalanması əlaqələrin şaxələndirilmiş istiqamətdə davamı üçün böyük imkanlar yaradır. Azərbaycan-İtaliya biznes forumunda irəli sürülən təkliflər, italiyalı iş adamlarının ölkəmizə artan marağı bir daha göstərdi ki, Azərbaycan həqiqi mənada bölgənin iqtisadi qüdrəti ilə seçilən lider dövlətidir.

Biznes forumda çıxış edən İtaliyanın Xarici İşlər nazir Luici Di Mayonun vurğuladığ kimi, Azərbaycan və İtaliya istər tarixi, istərsə də coğrafi cəhətdən qədim ölkələr olmaqla, ölkələrarası münasibətlər dostluq, mədəni, etnik, dini və müxtəlif dilləri birləşdirən dialoq üzərində qurulmuşdur.

“Roma ilə Bakı arasındakı dostluğu və yaxınlığı Sizin İtaliyaya bu səfəriniz bir daha təsdiqləyir” söyləyən Xarici İşlər naziri onu da diqqətə çatdırmışdır ki, Çoxtərəfli Strateji Əməkdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması əlaqələrin çoxşaxəli inkişafına yeni töhfələr verəcək.

Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri mədəni əlaqələrin genişlənməsi baxımından da əlamətdar hadisələrlə zəngin oldu. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Romanın dünyada məşhur muzeylərində, mədəniyyət ocaqlarında olmaları, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin abidəsini ziyarət etməsi, Vatikanda Skistin Kapellası və Müqəddəs Pyotr kilsəsi ilə tanışlıqları, Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşləri dünyada sivilizasiyalar və dinlər arasında münsibətlərin daha da inkişaf etdirilməsi istiqamətində atılan önəmli addımalar idi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında qurulmuş münasibətlər daha da genişləndiriləcək. Görüşdə kardinal Pietro Parolinin Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan IX Piy Ordeninin Böyük Xaçını (Dama di Gran Croce dell*ordine Piano) Mehriban xanım Əliyevaya təqdim etməsi ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının təsdiqidir. 2020-ci ilin İtaliyada “Azərbaycan Mədəniyyəti İli” elan olunması zəngin tarixə malik Azərbaycana İtalyan xalıqının sonsuz ehtiramıdır.

Xuraman İsmayılqızı, “İki sahil”