24 fevral 2020 20:51
1385

İtaliya Prezidenti: Qısa zamanda müəyyən nəticələr əldə olunacaq

Dağlıq Qarabağ problemi təkcə Azərbaycanın deyil, bütöv bir regionun tərəqqisinə böyük maneçilik törədir. Bu, eyni zamanda, Avropanın təhlükəsizliyinə də bir təhdiddir. Bu səbəblərdən Dağlıq Qarabağ problemi Prezident İlham Əliyevin İtaliyada 3 günlük dövlət səfəri çərçivəsində keçirdiyi bütün görüşlərdə bir daha diqqət mərkəzində olub. İtaliyada mətbuata bəyanatla çıxış edən dövlətimizin başçısı bildirib ki, İtaliyi da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarların əsasında həll olunmasının tərəfdarıdır. Dövlətimizin başçısı vurğulayıb ki, bu məsələ  imzalanan  strateji tərəfdaşlığın gücləndirilməsi ilə bağlı Birgə Bəyannamədə də öz əksini tapıb.

Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, problemin konkret həlli ilə bağlı Ermənistan real addımlar atmır, əksinə işğalçı ölkə tərəfindən bir-birini inkar edən ziddiyyətli bəyanatlar səsləndirilir. Belə ki, Ermənistan rəhbəri gah deyir ki, “Dağlıq Qarabağ Ermənistandır”, gah da deyir ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Amma bu fikirlərin heç biri həqiqəti əks etdirmir, çünki Dağlıq Qarabağ Azərbaycandır, bunu tarix, beynəlxalq hüququn norma və prinsipləri də göstərir. Üstəlik, Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və qəbul edilir: “Ona görə münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”. Bununla da dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırıb.

“Biz, həmçinin Dağlıq Qarabağla bağlı müəyyən bir sabit nəticənin əldə olunması haqqında danışdıq” deyən İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatla çıxışında vurğulayıb ki, biz bu məsələyə İtaliya tərəfindən hər zaman dəstək olduğumuzu bildiririk: “Biz ümid edirik ki, bu məsələ üzrə siyasi danışıqlar sayəsində qısa bir zamanda müəyyən nəticələr əldə olunacaq”.

Şübhəsiz, aparılan danışıqlar zamanı İtaliya Prezidentinin münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarı olması barədə fikir səsləndirməsi bir daha Azərbaycanın mövqeyinin dəstəklənməsindən xəbər verir. Yeri gəlmişkən qeyd edək ki, “Böyük Yeddilər”in və NATO-nun üzvü, iqtisadiyyatın inkişafına görə Avropanın dördüncüsü olan İtaliya Dağlıq Qarabağ probleminin yalnız və yalnız  ərazi bütövlüyü çərçivəsində həll edilməsini dəfələrlə bəyan edib. Üstəliik, İtaliya Senatı Cənubi Qafqazda vəziyyətlə bağlı qətnamə qəbul edib və həmin qətnamədə regionda sülhün bərqərar olmasında, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verildiyi öz əksini tapıb. Elə iki il öncə Azərbaycana rəsmi səfərə gəlmiş İtaliya Prezidenti Sercio Mattarella ADA Universitetində çıxışında da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropanın müxtəlif nüfuzlu qurumlarının qəbul etdikləri sənədlər əsasında, beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmaqla, sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirmişdir.

Xatırladaq ki, İtaliya hazırda ATƏT-in sədridir. ATƏT-in Minsk qrupu da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürüb. Bu mənada hazırda İtaliya-Azərbaycan münasibətlərinin daha da yaxşılaşdırılması hər iki dövlətin diqqət mərkəzindədir. Şübhəsiz, bu səfər çərçivəsində müxtəlif istiqamətlər üzrə imzalanmış 28 sənəd Avropanın nəhənglərindən biri sayılan İtaliya ilə Cənubi Qafqazın lider ölkəsi Azərbaycan arasında əlaqələrin daha da inkişafına yeni bir vəsilə olacaq və yüksələn xətlə inkişaf edən bu əməkdaşlığa öz dəyərli töhfələrini verəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”