22 fevral 2020 16:16
1652

İtaliyada 2020-ci ilin “Azərbaycan mədəniyyəti ili” elan olunması mühüm hadisədir

Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri ölkələrimiz arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğu bir dövrə təsadüf edir. Belə ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 6 milyard dollara yaxın olub. Bu, kifayət qədər ciddi rəqəmdir. Bundan başqa İtaliya xam neftə olan tələbatının 15 faizindən çoxunu Azərbaycan vasitəsiylə ödəyir. Bu, Azərbaycanın İtaliyanın enerji təchizatında oynadığı mühüm rolu göstərir. İtaliya Azərbaycan iqtisadiyyatına 530 milyon dollardan çox investisiya yatırıb, Azərbaycan isə İtaliyaya 135 milyon dollar investisiya qoyub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin İtaliyaya səfəri Avropa ölkələri tərəfindən də maraqla izlənilir. Dövlətimizin başçısının səfərini, keçirdiyi görüşləri geniş işıqlandıran İtaliya mətbuatı iki ölkə arasında qurulan əlaqələrin sıx tellərlə bir-birinə bağlı olduğunu yazır. Bu əlaqələrin səfər zamanı bağlanan müqavilələr, imzalanmış sənədlərlə daha da möhkəmlənəcəyi qeyd edilir. Elə Azərbaycanda bu cür düşünürlər, politoloqlar səfərin əhəmiyyətini yüksək qiymətləndirirlər.

“Azərbaycan İtaliya şirkətlərinin ölkəmizdə müxtəlif seqmentlərdə təmsil olunmasında maraqlıdır. Səfər zamanı bu məsələyə bir daha toxunuldu. Həmçinin, Azərbaycanın Xəzər dənizi hövzəsində yerləşməsi İtaliyada Aralıq dənizi və Xəzəri əhatə edən yeni layihələr və infrastruktur işləri görməyinə maraq yaradır. Azərbaycan da Aralıq dənizində geoloji və digər sahələrdə birgə fəaliyyətdə maraqlıdır. Bundan başqa, TAP layihəsi üzrə də işlər artıq yekunlaşmaq üzrədir. Azərbaycan və İtaliya arasında mədəni sahədə də yaxşı əməkdaşlıq mövcuddur. Avropanın ən köklü dövlətlərindən olan İtaliyada 2020-ci ilin “Azərbaycan mədəniyyəti ili” elan olunması mühüm hadisədir”, -deyə Tural İsmayılov bildirib.

Azərbaycan və İtaliya arasında imzalanan Birgə Bəyannamənin önəmini vurğulayan politoloq qeyd edib ki, bu sənəd ölkələr arasında strateji tərəfdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirir, həmçinin ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Birgə Bəyannamədə İtaliya və Azərbaycanın bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşdığı vurğulanıb.

“Nəzərə alaq ki, 2010-cu ilin fevralın 16-da İtaliya senatı Cənubi Qafqazda vəziyyətlə bağlı qətnamə qəbul etmişdi. Bu qətnamədə Cənubi Qafqazda sülhün bərqərar olmasında, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verilməsinin vacibliyi öz əksini tapırdı. Senat Yeni Avropa xartiyasında da təsbit olunduğu kimi, sərhədlərin toxunulmazlığı prinsipinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləmişdi. Həmin sənəddə bütöv bir regionun inkişafına maneçilik törədən Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin Avropa məkanı üçün əhəmiyyətli olduğuna diqqət yetirilib. Hesab edirəm ki, Azərbaycan və İtaliya liderlərinin son görüşündə İtaliya Prezidenti bir daha kəskin mövqe ortaya qoydu”, - deyə T.İsmayılov qeyd edib.