27 yanvar 2020 19:32
1045

İtaliyada koronavirus ehtimalı özünü doğrultmayıb

İtaliyada bir neçə gün əvvəl koronavirus ehtimalı ilə karantinə yerləşdirilən qadının Romaya göndərilmiş analizlərinin nəticələri bu gün açıqlanıb.

Bir müddət əvvəl Çinin Uxan şəhərində olmuş qadın titrətmə və qızdırma ilə Genuya şəhərindəki xəstəxanaya müraciət edərək koronavirus ehtimalı ilə karantinə yerləşdirilmişdi. Müvafiq analizləri alınaraq Romaya göndərilən xəstə yanvarın 27-də xoş xəbər alıb. Qadının qanında koronavirusun əlamətləri aşkarlanmayıb.

Bununla belə hazırda epidemiyanın başladığı və 80 nəfərin ölümünə səbəb olan virusun tüğyan etdiyi Uxan şəhərində 50-yə yaxın İtaliya vətəndaşı var. Şəhərdən heç kimi buraxmadıqlarına görə, sözügedən insanların vətənlərinə nə vaxt qayıdacaqları sual altındadır. Lakin İtaliya hökuməti onların Çindən çıxarılması ilə bağlı fəaliyyətə başlayıb. Həmin insanlar ölkəyə daxil olacaqları andan etibarən 14 günlük karantinə alınacaqlar. //AZƏRTAC