KÖŞƏ

Vəli İlyasov

İtin dişi, tülkünün dərisi...

14 iyun 2019 21:51
1855

Rəsmi İrəvanla Xankəndidəki separatçı rejim arasında gərginlik artmaqdadır. Çünki İrəvanda yeni hakimiyyətə gəlmiş şəxslər çalışırlar ki, separatçı rejimin rəhbərliyində öz komandalarının “adamlarını” yerləşdirsinlər.

Ermənistanda rəsmi İrəvan və Xankəndi arasındakı siyasi münaqişənin kökü Nikol Paşinyanın hakimiyyətə hələ meydan oxuduğu vaxtdan qoyulub. İki siyasi elita arasında qarşıdurma ilk belə hal deyil. Yəni, Paşinyan hakimiyyətə gələndən sonra  çalışıb ki, Xankəndidə Bako Saakyana qarşı aksiyalar keçirsin, bölgənin əhalisini və sadiq adamlarını ona qarşı qaldırsın və s. Bu məqsədlə o, Xankəndidə rejim rəhbərliyinə qarşı etiraz mitinqinin keçirilməsini də təşkil etmişdi. Ehtiyatı əldən verməyən Saakyan isə baş nazir seçkilərindən bir qədər sonra Moskvadakı himayədarlarının yanına gedərək onlardan həm maddi, həm də mənəvi dəstək alaraq mövqeyini möhkəmlətdi.

İctimaiyyətə yaxşı məlumdur ki, Bako Saakyan  eks-prezidentlər  Serj Sarkisyana və Robert Koçaryana sadiq adamdır. Ona görə də Paşinyan çoxdan çalışır ki, onu komandası ilə birlikdə istefaya göndərsin. Koçaryanın həbsdən azadlığa çıxmasından sonra bu istək daha da ciddiləşməyə başlayıb. Paşinyan başa düşür ki, ona qarşı müəyyən qüvvələr getdikcə artmaqda və sıxlaşmaqdadır. Düzdür, baş nazir ona müxalif olanların xeylisini sıradan çıxarmağa müvəffəq olsa da ancaq əleyhdarlarının tezliklə birləşib ona qarşı çıxacaqlarından ehtiyatlanır.  Paşinyan əmindir ki, bu gərginlik tezlikə daha da artacaq. Çünki qarşıdan həlledici seçkilər gəlir.

Baş nazir Nikol Paşinyan əlindən gələni edəcək ki, hətta 2020-ci il seçkilərinə qədər “Qarabağ klanı”nın rəhbərliyini tamamilə dəyişdirsin. Müəyyən manevrlərə əl atması açıq göstərir ki,  hələlik  Paşinyanın bundan artığına gücü çatmır. Çünki onun özünün də mövqeyi o qədər möhkəm və stabil deyil. Ona qarşı bəzi dövlət strukturlarından, o cümlədən də məhkəmə strukturları tərəfindən müqavimət göstərilir.  Belə getsə, bu qarşıdurma 2020-ci ilə qədər beləcə davam edəcək.

Nikol Paşinyan “Qarabağ klanı”nı Azərbaycanla müharibəyə getməkdə ittiham etsə belə, separatçıların bu müharibə üçün o miqyasda imkanı yoxdur. Sadəcə olaraq, Paşinyan üçün onun sözünə baxan rejim lazımdır ki, öz hakimiyyətini mümkün qədər uzatsın. Buna görə də hər vasitə ilə Saakyanı hakimiyyətdən uzaqlaşdırmaq üzərində işləyir. Ola bilsin ki, Dağlıq Qarabağda Azərbaycanla gərginliyin artmasında maraqlı olanlar var. Bunu açıq şəkildə bəyan edənlər də var. Bu isə Paşinyana müəyyən əsas verir ki, onları ittiham etsin. Bu, o demək deyil ki, Paşinyan separatçıların Azərbaycana qarşı mövqelərindən narahatdır. Sadəcə olaraq, bütün proseslərin nəzarəti altına keçməsini arzulayır. Həm də kortəbii şəkildə deyil, təşkilatlanmış və nəzarətli şəkildə. Baş nazirin öz oğlunu Dağlıq Qarabağa hərbi xidmətə göndərməsi də bu niyyətə xidmət edir. Bəziləri bunu baş nazirin “vətənpərpərliyi” kimi qiymətləndirsə də, əslində o, öz mövqeyini möhkəmlətmək, ermənilərin gözündən pərdə asmaq üçün etmişdi.  Bizə isə onu demək qalır ki, qoy didişsinlər, necə deyərlər, “İtin dişi, tülkünün dərisi.”