10 sentyabr 2019 10:31
934

Jurnalist bloqgerdən Əli Kərimliyə sərt ittiham: ƏGƏR LİDERSƏNSƏ... - VİDEO

Son zamanlar özünə və yaxın çevrəsinə aid olan internet televiziya və digər resurslardan çıxış edərək demokratiyadan, insan hüquq və azadlıqlarından, mətbuat sərbəstliyindən ağızdolusu danışan AXCP sədri Əli Kərimli bu azadlıqları ən kobud formada pozanlardan birincisidir. Məsələ bundadır ki, ABŞ-da yaşayan azərbaycanlı jurnalist və bloqger İsmayıl Cəlilov AXCP-li trolların hücumuna son qoyulması üçün növbəti dəfə Əli Kərimliyə videomüraciət edib. Yadınızdadırsa bir müddət əvvəl də mühacir jurnalist eyni mətnli videomüraciət etmişdi. Həmin müraciətdə İ.Cəlilov bildirirdi ki, ona qarşı kampaniya “Youtube” kanalındakı müsahibələrdən birində AXCP lideri Əli Kərimlinin ünvanına tənqidi fikirlərin səslənməsindən dərhal sonra başlayıb. Müsahibədən dərhal sonra İsmayıl Cəlilovun “Facebook” sosial şəbəkəsindəki səhifəsinə Əli Kərimlini dəstəkləyən internet trolları tərəfindən təhqirlər yağmağa başlayıb. Söyüş və şər-böhtan xarakterli hücumların səngimədiyini görən bloqger ikinci dəfə Əli Kərimliyə müraciət edib: “Mənim “Youtube” kanalımda D18 hərəkatının lideri Ruslan İzzətli ilə müsahibəyə çıxdı və müsahibəsində o, AXCP lideri Əli Kərimlini yüngül formada tənqid edib. Həmin videoda təhqir olmayıb. Jurnalist olaraq mən heç vaxt imkan vermərəm ki, efirimdə kiminsə ünvanına təhqir səslənsin. Lakin bundan dərhal sonra mənim səhifəmə AXCP-nin trolları hücum çəkdilər və təhqiramiz şərhlər yazmağa başladılar. Çox təəssüflər olsun ki, həmin hücumlar bu gün də şiddətlə davam edir. Mən bütün günü trolların yazdığı söyüş və təhqirləri pozmaqla məşğulam. Çox maraqlıdır, müxalifətdə olduğu halda belə jurnalistlərə şər-böhtan yağdıran, söyüb-təhqir edən Ə.Kərimli işdi əgər  hakimiyyətdə olsa o zaman hansı demokratiyadan, azad sözdən danışmaq olar? Budurmu bunun demokratiyası?”.

Bloqger bildirib ki, dəfələrlə dəvət edilməsinə baxmayaraq, Əli Kərimli onun efirinə qatılmaqdan imtina edib: “Çünki mənim kanalımı çox kiçik hesab edir. 4 min nəfərlik auditoriyam onun üçün çox balacadır. Amma əgər məndə belə az tamaşaçı varsa, nəyə görə Əli Kərimlinin tərəfdarları kanalımdan belə qorxurlar?”.

İ.Cəlilov Əli Kərimliyə çoxlu sualları olduğunu, amma onlara cavab almağa ümid etmədiyini bildirib. Buna səbəb kimi isə Ə.Kərimlinin müstəqil mətbuata açıq olmaması ilə əsaslandırıb: “Sizə çoxlu suallarım var, lakin onlara cavab almağa ümid etmirəm. Mən sizi artıq müstəqil jurnalistlərin dostu hesab etmirəm. Baxın, ünvanınıza bircə tənqidi cümləyə görə tərəfdarlarınız necə təhqirlər yağdırırlar. Axı özünüzü lider adlandırırsınız, əgər belədirsə tərəfdarlarınızın bu biabırçılığını dayandırın”.

Taleh Bağırov,

“İki sahil”