07 yanvar 2021 16:49
775

Kadr dəyişikliyinin müsbət nəticələrini görürük

Ölkə  Prezidenti İlham Əliyevin sədrliyi ilə    2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən  müşavirədə dövlətimizin başçısı bir daha kadr islahatlarının uğurlarını diqqətə çatdıraraq, iqtisadi tərəqqi fonunda işğaldan azad edilmiş torpaqlarımızda həyata keçiriləcək quruculuq, abadlıq işləri ilə bağlı tapşırıqlarını verdi

Dünyanı bürüyən pandemiyaya qarşı mübarizə tədbirləri ilk olaraq vətəndaş-dövlət  birliyinin, həmrəyliyinin zəruriliyi məsələsini aktuallaşdırdı. Dövlətimizin başçısı İlham Əliyevin «Biz birlikdə güclüyük!» çağırışına uyğun olaraq ayrı-ayrı dövlət qurumları, idarə və müəssisələr, sahibkarlar, sadə iş adamları öz birliklərini əməli fəaliyyətləri ilə təsdiqləməyə səy göstərdilər.  Bu həmrəylik insanların evdə qalıb özlərini, ətraflarını infeksiyadan qorumaqla  yanaşı, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna imkan daxilində ianələrin köçürülməsində, həmçinin ehtiyacı olan insanlara, kimsəsizlərə maddi yardımların göstərilməsində   də özünü büruzə verdi. Dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın illik əməkhaqlarını  ilk olaraq Fonda köçürmələri  hər bir dövlət məmuru xalqın yanında olmağa, onların qayğıları ilə maraqlanmağa, ən əsası vətəndaş amilinə yüksək dəyər verməyə bir  çağırış idi. Ölkə  Prezidenti İlham Əliyevin çıxışlarında daim bu məqam öz əksini tapır ki, dövlətin həyata keçirdiyi siyasətin əsasında vətəndaş amili dayanır. Onların sağlamlığının təminatı,  sosial müdafiəsinin gücləndirilməsi, təhlükəsiz şəraitdə yaşamaları   prioritetdir.

Ölkə  Prezidenti  2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə bir daha bu kimi məqamlara diqqəti yönəldərək bildirmişdir ki, kadr islahatları aparılıb. Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında rəhbərlik dəyişdirildi. Bu da cəmiyyətdə çox müsbət qarşılanmışdır. Kadr dəyişikliyinin müsbət nəticələrini görürük. “Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmağa başlanmışdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev qeyd etmişdir ki,  o da sırf kadr islahatları ilə bağlı olan məsələdir: “Xoşagəlməz hallar bürokratiya tərəfindən ört-basdır edilirdi və bəzi hallarda düzgün məlumat mənə çatdırılmırdı. Müvafiq qurumlar korrupsiyaya və rüşvətxorluğa qarşı kifayət qədər ciddi mübarizə aparmırdılar, bəzi hallarda cinayətlərə göz yumurdular. Bütün bunlar həqiqətdir. Kadr islahatları artıq buna da son qoyub. Bu gün heç kim, cinayət törətmiş insan vəzifəsindən asılı olmayaraq məsuliyyətdən boyun qaçıra bilməz. Heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur. Bunu hər kəs bilməlidir. Hesab edirəm, 2020-ci ilin hadisələri göstərir ki, hər kəs bunu artıq bilir.”

Koronavirus  pandemiyasına qarşı mübarizə tədbirlərinə başlandığı gündən bu günə atılan addımların  xronologiyasına diqqət yetirsək görərik ki,  məqsəd insanların sağlamlığını təmin etmək, eyni zamanda, bu  bəladan minimum itkilərlə çıxmaqdır. Amma təəssüflər olsun ki,   çətin günlərdə öz maraqlarını düşünən,  dövlət strukturlarında çalışıb, nəinki iqtidara, eyni zamanda, dövlətçiliyə, xalqa xəyanət edən bir sıra insanlar da  vardı. Dövlətimizin  sosial dəstək tədbirlərindən öz  maraqları, cibləri üçün    bəhrələnməyin  təbii ki, bir adı var – vicdansızlıq və xəyanət. Cənab İlham Əliyevin ötən il Baş prokuror Kamran Əliyevi videoformatda qəbulunda da  əsas diqqət göstərdiyi məsələlərdən biri məhz  bu olmuşdur.   Dövlətimizin başçısı bildirmişdir: «Ona  görə bundan sonra bu ünsürlərə qarşı mübarizə daha ciddi aparılmalıdır.»

Vətəndaş-məmur münasibətlərinin lazımi səviyyədə formalaşdırılması bütün dövrlər üçün aktual olub.   «Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır» söyləyən  cənab İlham Əliyev  dövlət məmurlarına bu çağırışı edir ki, məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Cənab İlham Əliyevin son zamanlar yeni təyin olunmuş icra başçıları, həmçinin digər strukturların rəhbərləri ilə görüşlərində  verilən tapşırıqlara diqqət yetirmək kifayətdir.   «Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun» çağırışını edən ölkə Prezidenti müstəqilliyimizin böyük sərvətimiz olduğunu hər zaman onların diqqətinə çatdırır. Təbii ki, dövlətçilik maraqlarının qorunmasında  vətəndaşlıq təəssübkeşliyi əsasdır. Dövlətini, xalqını düşünən, ən əsası dövlət idarəçiliyində irəli çəkilmənin, tutduğu vəzifənin məsuliyyətini dərk edən kəs öz cibindən öncə ona  göstərilən etimadı doğrultmağa çalışacaq. Təbii ki,  vəzifəsindən sui-istifadə edib, rüşvətxorluğa, korrupsiyaya  meydan açan  məmurlarla yanaşı, öz işini yüksək səviyyədə yerinə yetirən, Azərbaycanın daha da möhkəmlənməsinə, qüdrətlənməsinə, dünyada nadir inkişaf modeli kimi tanınmasına töhfə verməyə çalışanlar da var. Onların fəaliyyəti  daim dövlətimiz tərəfindən yüksək dəyərləndirilib və dəyərləndirilir.     

Dövlətimiz şəffaflığın təminatı, korrupsiyaya qarşı mübarizə tədbirlərinin  gücləndirilməsi  üçün biri-birindən əhəmiyyətli addımlar atır. Bu gün  «ASAN xidmət», DOST layihələrinin uğurlu icrasında da məqsəd  şəffaflığın qorunması, süründürməçilik  hallarına son qoyulması, vətəndaş məmnunluğunun artırılmasıdır. Prezident İlham Əliyevin   sərəncamları ilə korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət planlarının, həmçinin açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının   uğurlu icrası da  bu istiqamətdə  işlərin davamlılığına, problemin həllinə  diqqətin təsdiqidir. 

Dövlətimizin başçısı İlham Əliyev daim bildirir ki,  korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq. Bu gün həyata keçirilən kadr islahatları məhz peşəkarlığın təminatına, eyni zamanda, ölkənin dayanıqlı inkişafı üçün  yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasına xidmət edir. «İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil» fikirləri ilə dayanıqlı inkişafı şərtləndirən amillərə diqqəti yönəldən cənab İlham Əliyev bildirir ki, kadr islahatları  imkan verib ki, yeni peşəkar, bilikli, müasir kadrlar önə çəkilsin. Onlara önəmli vəzifələr həvalə edildi və hesab edirəm ki, bu da zəmanənin tələbidir. Çünki bu gün müasir dünyada siyasi, iqtisadi sahələrdə, beynəlxalq müstəvidə müasir yanaşmalar olmalıdır. Yüksək keyfiyyətli təhsil almış gənc kadrların həm hökumətdə, həm Prezident Administrasiyasında, parlamentdə və digər qurumlarda təmsil olunması bizim şüurlu seçimimizdir. Təbii ki, təcrübəli kadrlar da öz biliklərini gənc nəsillə bölüşməlidirlər.

Cənab İlham Əliyev hər çıxışında kadr hazırlığının prioritetliyini, gənclərin elmi biliklərini artırmalarının, təhsilin inkişafının vacibliyini  önə çəkərək, inkişaf etmiş ölkələrin təcrübəsinə istinadən bildirir ki,  bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə irəli gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Atdıqları hər addımda dövlət maraqları qorunmalıdır.

Dövlətimizin başçısı İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə bir daha ayrı-ayrı sahələrdə qazanılan uğurlardan bəhs edərək ən mühüm uğurumuz kimi Zəfərimizi qeyd etdi. Artıq bundan sonra quruculuq, abadlıq işlərinə başlanılır.  “2020-ci ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev diqqəti iqtisadi göstəricilərə yönəldərək qeyd etmişdir ki, 2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub, amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb. İqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb.  Amma qeyri-neft sənayemiz 11 faizdən çox artıb: “Nəyin hesabına? Məhz şaxələndirmə hesabına. Ona görə ki, sənayeləşmə siyasəti düzgün aparılıb. Neftin hasilatı bizdə azalır. Eyni zamanda, OPEC+ razılaşmasına görə biz özümüz də azaltmışıq. Neftin qiyməti aşağı düşüb. Əgər bu neft amili olmasaydı, bizim iqtisadiyyatımız bəlkə də daha az düşərdi. Amma qeyri-neft sənayesinin 11 faizdən çox artması real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir.”

Diqqəti  beynəlxalq maliyyə  qurumlarının ölkəmizdə gedən işlərə verdiyi yüksək qiymətə yönəldən dövlətimizin başçısı  Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın reytinqinin artdığını, 190 ölkə arasında 28-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini diqqətə çatdırdı.

Göründüyü kimi, bütün hədəflərə yüksək səviyyədə nail olmağın təməlində iqtisadi amil dayanır. Ölkəmizdə həyata keçirilən  davamlı islahatlar, kadr dəyişiklikləri dövrün, zamanın tələblərinə uyğun çağırışları yüksək səviyyədə cavablandırmağa əsas yaradır. Azərbaycan daim yenilikçi, islahatçı ölkə olduğunu uğurlu addımları ilə təsdiqləyir.

 Yeganə Əliyeva, “İki sahil”