11 fevral 2019 13:06
204

Kaliforniyada sürücü avtomobili piyadaların üstünə sürüb

ABŞ-ın Fullerton şəhərində (Kaliforniya ştatı) sürücünün avtomobili piyadaların üstünə sürməsi nəticəsində azı 10 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident bazar günü baş verib. Qırmızı rəngli “Toyota Tacoma” markalı avtomobil səkiyə çıxaraq bir qrup piyadanı vurub, sonra isə ağaca çırpılıb.

Hadisə yerinə gələn polis tüstülənən avtomobili qaldıraraq onun altında qalan insanları çıxarmağa müvəffəq olub. Yaralılar yerli xəstəxanalara çatdırılıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Qəzanı törədən sürücüsü - 22 yaşlı Kristofer Solos avtomobili narkotik vasitələrin təsiri altında idarə etməkdə şübhəli bilinərək saxlanılıb.