25 iyun 2019 10:27
1664

Kamran Bayramov: Ölkəmiz yeni hədəflərə doğru irəliləyir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması haqqında”  18 iyun 2019-cu il tarixli Sərəncamı dövlətimizin başçısının ölkə əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi uğurlu sosial siyasətin davamıdır. Sərəncam bir daha göstərdi ki, dövlətimizin başçısının siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.

Bu fikirləri İkisahil.TV-yə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov söyləyib.

Kamran  Bayramov diqqətə çatdırıb ki, Sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bu da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu 40 faizədək üstələməsi deməkdir. Sevindirici haldır ki, bu qərar bir çox insanlarımıza şamil ediləcək. Belə ki, minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı, o cümlədən dövlət sektorunda işləyən 600 min insanı, özəl sektorda çalışan 350 min insanı əhatə edəcəkdir.

K. Bayramov qeyd edib ki, bu Sərəncam ölkə vətəndaşlarının sosial rifahının yüksəldilməsinin cənab Prezidentin həyata keçirdiyi sosial-iqtisadi siyasətin nə dərəcədə uğurlu olduğunu və ümumiyyətlə, daxili siyasətin prioritet istiqaməti olduğunu bir daha göstərir, habelə bu siyasətin davamlı olacağına işarə verir. Belə ki, bundan əvvəl dövlət başçısının cari il fevralın 8-də imzaladığı Sərəncamla da minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmış, bu artım 600 minədək insanı əhatə etmişdi. Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı çərçivəsində təkcə 2019-cu il ərzində minimum əməkhaqqının, demək olar ki, iki dəfəyə yaxın artırılması əhalinin rifahına ciddi dəstək kimi qəbul olunmalıdır.

Milli Məclisin deputatı vurğulayıb ki, bu bir daha onu göstərir ki, Azərbaycandakı əmin-amanlığın, vətəndaş həmrəyliyinin, səfərbər olmuş cəmiyyətin kökündə dayanan əsas səbəb xalq-hakimiyyət birliyidir, Azərbaycan Prezidentinin məhz xalqın mənafeyindən irəli gələn siyasət həyata keçirməsidir. Bunlar Azərbaycanı gücləndirir. Ölkəmiz yeni hədəflərə doğru irəliləyir. Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının sosial rifahının daha da möhkəmləndirilməsi istiqamətində atdığı bu addımlar cəmiyyətimizdə böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Perspektivlə bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib ki, növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Məqsəd dövlətimizin daha da gücləndirilməsi, xalqın rifah halının daha da yüksəldilməsidir.

Şəmsiyyə Əliqızı, “İki sahil”