25 noyabr 2020 17:13
970

Kəlbəcərin də bir güllə belə atılmadan işğaldan azad edilməsi

Bu, Ali Baş Komandanın 44 günlük döyüşlərdəki uğurlarının geosiyasi davamıdır

44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri dünyanı heyrətə gətirən taktiki döyüşləri ilə hərb tarixinə  adını qızıl hərflərlə yazdı. Məhz bu uğurlu döyüşlərin nəticəsidir ki, işğalçı ölkə məğlubiyyətini elan etdi. Belə ki, noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla işğalçı Ermənistan kapitulyasiyaya imza atdı. Azərbaycan Prezidenti İlham Əliyev müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qan tökmək və torpaq qəsb etmək məqsədi güdmədiyini bildirirdi. Məğlubiyyət bəyanatının Ermənistan tərəfindən imzalanması isə sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqi oldu.  Azərbaycan Prezidenti cənab İlham Əliyev bu barədə çıxışlarında deyib: «Mən münaqişənin və İkinci Qarabağ müharibəsinin əvvəlində demişdim, bu gün də bunu böyük qürur hissi ilə bir daha deyirəm ki, məsələnin hərbi-siyasi həll yolları var idi və Azərbaycan bunu döyüş meydanında sübut edib. Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın və beləliklə, bizim bugünə qədər işğal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qayıdır».

Bəli, artıq Ağdam rayonu noyabrın 20-də bir güllə atılmadan işğaldan azad edildi və Ali Baş Komandanımız Ağdamın viranə qalmış mərkəzindəki məscidinə baş çəkdi, dua etdi, məscidə müqəddəs Qurani- Kərim hədiyyə etdi.

Noyabrın 25-də isə Kəlbəcər qansız-qadasız işğaldan azad edildi. Bu münasibətlə Ali Baş Komandan xalqa müraciətində bildirib ki,Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Hər bir rayonun işğal altına düşməsi böyük faciə idi. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir.»

Prezident İlham Əliyev Kəlbəcərin işğalında o vaxtkı AXC hakimiyyətini ciddi şəkildə günahlandırıb. Onun sözlərinə görə, AXC-nin mövcud hakimiyyəti qeyri-qanuni yolla devirməsi və  yeni hakimiyyətdəkilərin bacarıqsızlığı Kəlbəcər kimi strateji bir rayonun işğalına səbəb oldu: «Kəlbəcər rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır. Çünki 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı. Azərbaycanda daxili çəkişmələr baş alıb gedirdi, xaos, böhran yaranmışdı, siyasi böhran yaranmışdı və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara gətirib çıxarmışdı. Ermənistan isə bundan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edirdi. Şuşa və Laçının işğal altına düşməsindən sonra vəziyyət kritik həddə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi. Ancaq ondan sonra nə oldu? Ondan sonra bütün səylərini öz laxlamış hakimiyyətini möhkəmləndirmək, ölkəmizdə repressiyalar təşkil etmək, senzuranı tətbiq etmək və digər antidemokratik addımlar atmağa yönəltdi. Torpaqlarımız işğala məruz qalırdı, mülki əhalimiz öz dədə-baba torpaqlarından didərgin salınırdı, Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi ancaq bir məqsədi güdürdülər ki, öz ciblərini doldursunlar, öz yaxın adamlarını vəzifələrə təyin etsinlər və öz hakimiyyətinin ömrünü uzatsınlar. Kəlbəcərin işğal altına düşməsi bax, bu çirkin addımların nəticəsi idi.»

Ölkə başçısı çıxışında qeyd edib ki, əgər ulu öndər Heydər Əliyev  hakimiyyətə gəlməsəydi vəziyyət daha acınacaqlı olacaqdı: « Əgər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi. Öz laxlamış hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsi başlamışdılar. Öz əsgərlərini əsir götürmüşdülər. Gəncəni bombalamışdılar. Bunu heç kim unutmasın! Bilməyənlər bilsinlər və gənc nəsil bunu bilsin, kim bizi bu bəlaya saldı? Kim bu bəlanın səbəbkarıdır? Kim bir milyon insanın ağır vəziyyətə düşməsinin səbəbkarıdır? O vaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti. Əslində, indi paralel aparsaq, onların obrazı elə bil kollektiv Paşinyandır - savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə olunan və öz ölkəsini məhv edən. Bax, kollektiv Paşinyandır onlar. Onları tanımayanlar, əgər onlar haqqında hər hansı bir təsəvvür yaratmaq istəsələr, Paşinyana baxsınlar. Onun addımlarına baxsınlar və onun simasında o vaxtkı Azərbaycan Xalq Cəbhəsinin və ölkə rəhbərliyinin simasını görəcəklər.»

Qeyd edək ki, Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il ötür. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində 53340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 şəxs əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, «İstisu» sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub.

Kəlbəcərin işğaldan azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin yerinə yetirilməsi deməkdir. Bu gün Kəlbəcəri tərk edən erməni əhalisi rayonun 1993-cü ildə işğalından sonra orada qanunsuz məskunlaşıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq, 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. Sosial şəbəkələrin erməni seqmentində ermənilərin Kəlbəcəri tərk etməsilə bağlı videolara baxanda adamı dəhşət bürüyür. Belə ki, qanunsuz yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla əşyalarını götürür, hətta evlərin dam örtüyü, pəncərə çərçivələri və unitazlarına qədər çıxarıb aparırlar. Üstəlik, yaşadıqları və yaşamadıqları evləri yandırır, meşələrə od vurur, vandallıq edirlər - 27 il əvvəl buradan qovulmuş azərbaycanlıların evlərində yaşayan ermənilər indi həmin evlərə od vuraraq gedirlər. Azərbaycanlıların və ermənilərin Kəlbəcəri tərk etməsinin müqayisəsi ortada dəhşətli fərqin olduğunu üzə çıxarır.

Azərbaycan tərəfi Kəlbəcərdəki erməni hərbi birləşmələrinin ərazidən çıxması üçün humanitar qaydalara tam uyğun olaraq, qabaqcadan razılaşdırılmış müddət ayırdı. Lakin erməni tərəfi işğal zamanı bunların heç birini etmədi.

Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalidən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçmağa çalışıb. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, cəsədləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən çox dinc sakin həlak olub, yüzlərlə insan girov götürülüb və ya itkin düşüb. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı erməni ordusu tərəfindən qarət olunub. Bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün yetərlidir.

Bütün bunlarla yanaşı, ermənilər tərk etməyə məcbur qaldıqları  Kəlbəcərdəki tarixi-mədəni irsimizə qarşı da vandallıq ediblər. Qədim Alban məbədi olan Xudavəng monastırının zəngləri və inventarı Eçmiəzdinə aparılıb. Erməni rəsmiləri və mənbələri bunları heç gizlətmirlər də. Kəlbəcərdə ermənilər 27 il əvvəl işğal sayəsində gəlib yerləşdikləri evləri indi tərk edərkən sökə bildikləri hər şeyi söküb aparır, quruca divarlarına da od vurub yandırırlar. Hətta məktəb binası belə yandırılır. Meşələr qırılır, alovlara qərq edilir. Bütün bunlar insanlığa sığmayan əməllərdir, vəhşilikdir, həm də beynəlxalq səviyyədə cavabdehlik doğuran cinayətlərdir. Təbii ki, ermənilər törətdikləri cinayətlərə görə cavab verməlidirlər və verəcəklər də…

Bəli, məhz Kəlbəcərin də bir güllə atılmadan işğaldan azad edilməsi Ali Baş Komandanın 44 günlük döyüşlərdəki uğurlarının geosiyasi davamıdır.

Elçin Zaman,

«İki sahil»