01 iyun 2020 10:37
768

Kənd təsərrüfatında mikrokreditləşmə: Kiçik sahibkarların maliyyəyə çıxışı asanlaşır

Koronavirus pandemiyası şəraitində dövlətdən dəstək alan sahələrdən biri də kənd təsərrüfatı məhsulları istehsalçılarıdır. Daha dəqiq desək, bu sahə daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub və koronavirusla mübarizə dövründə, xüsusilə də neft gəlirlərinin azaldığı şəraitdə bu siyasət davam etdirilir.

Bu mənada Azərbaycan Prezidentinin 8 aprel 2020-ci il tarixli fərmanları ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə  yeni səlahiyyətlərin verilməsi və 14 aprel tarixli Sərəncamı ilə Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsaitin ayrılması həyat keçirilən siyasətin bariz nümunəsidir. Belə ki, həmin fərmanlar və Sərəncamla  aqrar sahədə fəaliyyət göstərən kiçik sahibkarların maliyyəyə çıxışını asanlaşdırır.

Dəyişikliklər aqrar sahə ilə məşğul olmaq üçün mikrokreditlərin maksimal həddini 15000 manatadək artırmaq, müddətini 3 ilədək uzatmağa imkan verir. Əvvəlki qaydalarla bu rəqəmlər müvafiq olaraq 5000 manat və 2 il idi. Ən əsas isə bu kreditlər banklar tərəfindən təminatsız (girovsuz) veriləcək. Həmçinin 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan AKİA-ya 30 milyon manat ayrılıb. Eyni zamanda, "PAŞA Holdinq" fermerlərə güzəştli mikrokreditlər vermək üçün AKİA-ya 5 milyon manat ianə edib. 

Həmin vəsait fermerlərə 15 min manata qədər mikrokreditlərin verilməsinə yönəldiləcək. İllik 12 faizlə 3 il müddətinə 12 ay güzəştlə verilən kreditlər bağçılıq, əkinçilik, heyvandarlıq və digər ailə-fermer təsərrüfatlarının yaradılması və genişləndirilməsi üçün nəzərdə tutulub.

Kənd təsərrüfatı sahəsində çalışan fermerlərin təxminən 80 faizi kiçik və orta ailə-kəndli təsərrüfatlarına aid edilən fermerlərdir. Onların istifadəsində ümumilikdə 230 min hektar torpaq sahəsi var.

AKİA-nın sədri Mirzə Əliyev bildirib ki, bu qrupdan olan fermerlərin maliyyəyə çıxışı əsasən dövlət tərəfindən onlara ayrılan subdsidiyalar, güzəştli kreditlər və müxtəlif banklar tərəfindən təqdim olunan kommersiya kreditləri formasındadır. Onun sözlərinə görə, bu sahədə təxminən 60 milyonluq bir kredit portfeli var və bu kateqoriyadan olan fermerlərə ilindən asılı olaraq 40-45 milyonluq subsidiya verilir. Lakin fermerlərin əlavə olaraq 140 milyonluq vəsaitə ehtiyacı var.

Bir sözlə, belə kreditlərin məbləği və müddəti, həmçinin girov amilinin olmaması, risklərinin qismən dövlət tərəfindən qarşılanması kənd təsərrüfatı sahəsində kiçik sahibkarların sayının artmasına, kiçik fermer təsərrüfatlarının dayanıqlılığının yüksəlməsinə imkan verir.

Digər tərəfdən mexanizmin bir tərəfi bu sahəyə vəsait ayıran dövlət, ikinci tərəfi mikrokreditlərə tələbatı olan fermerlərdirsə, üçüncü tərəfi isə prosesdə iştirak edən banklardır. Söhbət ondan gedir ki, mikrokreditlərin məbləği kiçik olsa da, əməliyyat xərcləri iri məbləğli kreditlərin xərcindən az olmur. Həmçinin belə kreditlərin risklərinin də böyük olmasından irəli gələrək onların faiz dərəcəsi də yüksək olur. Bu baxımdan banklara ucuz vəsaitə çıxış verilməsi, risklərin dövlət tərəfindən qismən qarşılanması bu məhsulu fermerlərlə bərabər, banklar üçün də cəlbedici edir.

Ceyhun Piriyev,

“İki sahil”