23 sentyabr 2019 13:13
617

Keniyada məktəb binası çöküb: 7 uşaq ölüb, 57 yaralı var

Keniyanın paytaxtı Nayrobidə ibtidai məktəb binasının çökməsi nəticəsində 7 uşaq ölüb, 57 yaralı var. AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, istedadlı uşaqlar üçün olan taxta məktəbin binası saniyələr ərzində dağılıb və siniflərdə dərs keçən məktəblilər dağıntıların altında qalıblar. Hadisə yerinə gələn axtarış-xilasetmə xidmətinin əməkdaşları 7 uşağın cəsədlərini çıxarıblar. Yaralanan uşaqlar isə yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan bir neçəsinin də vəziyyətinin ağır olduğu bildirilir. Qırmızı Xaç Cəmiyyətinin Keniya bölməsi ağır yaralıları Kenyatta Milli Hospitalına köçürüb.

Nayrobi qubernatorunun sözçüsü bildirib ki, dağıntılar altında qalmış uşaqların axtarışı davam edir. Məktəb direktoru isə bildirib ki, binanın çökməsi yaxınlıqda çəkilən kanalizasiya xətləri ilə əlaqədardır.

Keniya hökuməti insidentlə bağlı təhqiqat aparır.