15 mart 2019 10:50
138

Kərimlinin erməni sevgisi...

Son illər Azərbaycanın qazandığı mühüm nailiyyətlər, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda bir çox üstünlüklər əldə etməsi, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması, mühüm beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünə və ədalətli mövqeyinə dəstək ifadə etməsi ermənipərəst dairələrin və onların himayəsində olan anti-Azərbaycan şəbəkənin narahatlığına səbəb olub. Onu da qeyd edək ki, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş torpaqlarına səfər etməsi və orada Təhlükəsizlik Şurasının növbəti iclasını keçirməsi Əli Kərimlinin “vətənpərvərlik” hisslərinə “toxunub”.

Bununla da dağıdıcı müxalifətin “lideri” sayılan Əli Kərimli öz “Facebook” hesabında bu məsələyə fərqli mövqedən yanaşaraq yenidən öz ermənipərəst mövqeyini ortaya qoyub. Bildiyimiz kimi, Əli Kərimlinin Dağlıq Qarabağ münaqişəsindən siyasi alət kimi istifadə edib divident əldə etmək təcrübəsi çox böyükdür. 1992-ci ildə Xocalıda insanlar ermənilər tərəfindən soyqırımına məruz qoyularkən Əli Kərimli Bakıda hakimiyyət davası edirdi.

Elə bu gün də Əli Kərimli üçün heç nə dəyişməyib. Ermənistanı və Paşinyanı tərifləyib Azərbaycan hakimiyyətini günahlandırmaqla, öz aləmində “siyasət” aparır. Hətta öz “Facebook” postunda yazır ki, “Ermənistanın yeni hakimiyyəti dinc demokratik inqilabdan əldə etdiyi imic üstünlüyünü Qarabağ uğrunda mübarizədə öz resursuna çevirir”.

Fikir verin, insan nə qədər hakimiyyət və pul hərisi olmalıdır ki, torpaqlarımızı işğal etmiş, insanlarımızı qətl və şikəst etmiş düşmənlərimizə tərif yağdırsın və xalqımızın ən böyük problemini siyasi oyun alətinə çevirsin. Baxın, budur AXCP-nin və onun başında duran Əli Kərimlinin xisləti.

Azərbaycan xalqı əmindir ki, Dağlıq Qarabağı Ermənistan işğalından məhz cənab İlham Əliyevin Ali Baş Komandanı olduğu Azərbaycan Ordusu azad edəcək. Cəmiyyətimizin heç bir üzvü imkan verməz ki, Əli Kərimli kimi antimilli ünsürlər hakimiyyət və pul naminə Qarabağı satsınlar.

Onu da qeyd edək ki, açıq şəkildə hakimiyyət naminə bazar açan Əli Kərimli bir daha Azərbaycan xalqının və dövlətinin düşməni olduğunu, ermənilərdən heç də geri qalmadığını, Paşinyana, Ermənistana göstərdiyi “sevgisini” sübuta yetirmiş oldu.

Mənsumə Babayeva, “İki sahil”