03 aprel 2020 15:16
1244

KİV: Azərbaycan Energetika Nazirliyinin xəbərindən sonra neft bahalaşdı

Azərbaycan Energetika Nazirliyinin aprelin 6-da  OPEC+  nazirlərinin görüşünün keçiriləcəyi ilə bağlı məlumatından sonra “Brent” markalı neftin qiyməti artmağa başlayıb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın RİA “Novosti” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, Moskva vaxtı ilə saat 10:05-ə olan məlumata görə, “Brent” markalı neftin bir barelinin iyun fyuçerslərinin qiyməti 0,27% artaraq 30,02 dollara çatıb. WTI markalı neftin may fyuçerslərinin qiyməti isə 1,78% azalaraq 24,87 dollar olub.

“Azərbaycan Energetika Nazirliyinin neft bazarının stabilləşdirilməsi üçün aprelin 6-da OPEC və qeyri-OPEC nazirlərinin görüşünün keçiriləcəyi ilə bağlı məlumatından sonra “Brent” markalı neft bahalaşmağa, WTI markalı neftin ucuzlaşma tempi isə yavaşlamağa başlayıb”,- məlumatda qeyd edilib. 

Ötən gün axşam neftin qiymətinin artmasından sonra bu səhər qiymət aşağı düşməyə başlamışdı.

Qeyd edək ki, Bakı vaxtı saat 10:45-ə olan məlumata görə, “Brent” markalı neftin qiyməti 2,64% artaraq 30,73 dollar/barel, WTI markalı neftin qiyməti isə 1,22% azalaraq 25,01 dollar/barel təşkil edib.