18 fevral 2020 20:10
1439

KOB evləri: Sahibkarlara keyfiyyətli xidmətlərin yeni ünvanı

Ölkəmizin dayanıqlı iqtisadi inkişafının təmin olunmasında sahibkarlığın rolu gündən-günə artır. Həyata keçirilən iqtisadi islahatların prioritet istiqamətlərindən biri kiçik və orta biznesin iqtisadiyyatın aparıcı amilinə çevrilməsidir.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev əsas hədəflər qismində sahibkarlığın inkişafı, ortamüddətli dövrdə ÜDM-nin əsas hissəsinin iqtisadiyyatın bu sektoru hesabına formalaşmasını və həmin sahədə məşğulluğun artmasını müəyyən edib.

Sahibkarlara dövlət dəstəyi tədbirlərinin davamı qismində regionlarda yaradılmış kiçik və orta biznes (KOB) evləri və mərkəzləri sahibkarlara keyfiyyətli və şəffaf xidmətlərin təqdim olunması baxımından olduqca rahat platformadır. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının rifah halının yüksəldilməsi məqsədilə iqtisadiyyatın şaxələndirilərək inkişaf etdirilməsi, KOB-un iqtisadiyyatda aparıcı amilə çevrilməsi mərhələli şəkildə uğurla həyata keçirilməkdədir. Bu günlərdə Xaçmaz rayonunda yeni KOB Evinin fəaliyyətə başlaması bu istiqamətdə atılan növbəti addımdır. Sözsüz ki, Xaçmazda yaradılmış KOB Evi  sahibkarlara keyfiyyətli xidmətlərin təqdim olunması baxımından çox düzgün seçimdir.

Hazırda qarşıda duran əsas vəzifələrdən biri ondan ibarətdir ki, iqtisadiyyatımızın strukturu sürətlə dəyişsin, yəni onun neft və qaz sektorundan mümkün qədər az asılı olması təmin edilsin. Kiçik və orta sahibkarlığın inkişafı bir neçə baxımdan prioritetdir ki, onlardan biri də məşğulluqdur. Ölkəmizdə yaradılan biznes mühiti, siyasi və makroiqtisadi sabitlik Azərbaycanın regiondakı xüsusi rolunu fərqləndirir. Bu baxımdan ölkəmizin hər bir vətəndaşının, sahibkarlığa meyilli olan hər bir şəxsin öz potensialını reallaşdırması üçün şərait yaradılır.

Ölkəmizdə dövlət mülkiyyətində olan böyük şirkətlər ilə əməkdaşlığa da xüsusi diqqət yetirilir. Çünki sirr deyil ki, bir çox hallarda sahibkarların biznesə başlaması və ya fəaliyyətlərini genişləndirməsi müxtəlif xidmətlərin asanlaşdırılmasından asılıdır. Ölkəmizdə 2019-cu ildə 150 min iş yeri açılıb və on minlərlə sahibkar iqtisadi fəaliyyətə başlayıb.

Bu gün yalnız iş yeri tapmaq deyil, eləcə də iş yeri yaratmağa çalışan hər bir vətəndaşımız üçün dövlət tərəfindən bir sıra tədbirlər vasitəsilə müvafiq qanunvericiliyin tətbiqi yolu ilə dəstək verilir. Belə ki, iqtisadiyyatın strukturu getdikcə dəyişir. Azərbaycan qısa müddət ərzində sürətli inkişaf yolu keçib. Əhalisi artaraq 10 milyonu ötən Azərbaycanda əmək bazarına hər il 100 minə yaxın gənc daxil olur. Bu isə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinin iqtisadi məşğulluğun təmin edilməsi baxımından nə qədər vacib olduğunu göstərən ən başlıca amildir.

Cavid Əkbərov, “İki sahil”