22 fevral 2020 10:55
1370

KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İtaliyanın müvafiq təşkilatları ilə əməkdaşlığa dair üç anlaşma memorandumu imzalayıb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Romada təşkil olunmuş İtaliya-Azərbaycan biznes forumunda kiçik və orta sahibkarlıq (KOB) sahəsində əməkdaşlıq perspektivləri də müzakirə edilib. Tədbirdə çıxış edən KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında KOB sahəsində əlaqələrin genişləndirilməsi potensialını diqqətə çatdırıb, bu məqsədlə birgə əməkdaşlıq platformasının yaradılması, texnologiya və innovasiyalar üzrə layihələrin reallaşdırılması, potensial investisiya layihələrinə dair məlumat mübadiləsinin aparılması, Azərbaycan KOB-larının İtaliyaya tanışlıq səfərlərinin, bu səfərlər çərçivəsində sahibkarların müəssisələrə baxış və təlimlərin təşkili, hər iki ölkənin KOB-larının iştirakı ilə ölkəmizdə birgə müəssisələrin yaradılması imkanlarını qeyd edib.

Biznes forum çərçivəsində KOBİA və Kiçik və Orta Müəssisələrin Beynəlxalq Şəbəkəsi (INSME) arasında anlaşma memorandumu imzalanıb. Sənəd Azərbaycan KOB-ları üçün INSME-yə üzv ölkələrin bazarlarına çıxış üçün geniş imkanlar yaradan tədbirləri özündə ehtiva edir.

KOBİA ilə İtaliyanın Milli Mikrokredit Agentliyi və İtaliya Beynəlmiləlləşdirmə Agentliyi (“Promos Italia”) arasında imzalanmış anlaşma memorandumlarında isə KOB-lar üçün mikrokredit alətlərinin təşviqi mexanizmləri, innovativ kreditləşmə, ixraca dəstək tədbirləri, təlim və məsləhət xidmətlərinin təşkili, KOB-ların peşə bacarıqlarının artırılması, birgə layihələrin həyata keçirilməsi kimi istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulur.