KÖŞƏ

Sevinc Azadi

Koçaryan-Sarukyan-Vanesyan üçlüyü Paşinyana qarşı

30 iyun 2020 11:26
1327

Baş nazir isə fövqəladə vəziyyət rejimindən rəqiblərinə qarşı dəyənək kimi istifadə edir

Ermənistanın baş naziri Nikol Paşinyan COVID-19-a qarşı mübarizədə aciz olduqlarını müxtəlif açıqlamalarla bildirir. Onun “indi cəhənnəmdə addımlayırıq” ifadəsi ölkədə koronavirusla bağlı yaranmış vəziyyəti tam əks etdirir. Ölkə beynəlxalq ictimaiyyətdən yardım istəyib. Ermənistana ABŞ, Rusiya, Çin, Fransa, Serbiya, Litva və Gürcüstandan həkim və tibbi avadanlıq göndərilir. Ötən ay isə Beynəlxalq Valyuta Fondu bu ölkəyə 260 mln. ABŞ dolları yardım etmişdi. Polşa və İsraildən Ermənistana tibbi mütəxəssislərinin göndəriləcəyi də gözlənilir. Müxalifət və vətəndaş cəmiyyəti isə baş nazir Nikol Paşinyanın pandemiya ilə mübarizəsinə inanmır. Onlar hesab edir ki, hökumət başçısı fövqəladə vəziyyət rejimindən rəqiblərinə qarşı dəyənək kimi istifadə edir. Məsələyə dair yeni qərar qəbul edilən gün hüquq müdafiəçisi Ruben Melikyan parlamentin binası qarşısında təkbaşına etiraz aksiyası keçirdi. Sonra ona başqaları da qoşuldu. Polis fövqəladə vəziyyət rejiminin tələblərinə əməl etmədiyi üçün onun saxlanıldığını bildirdi. Polisdən vurğulanıb ki, ölkədə koronavirusa qarşı mübarizə çərçivəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib: “Bu məhdudlaşdırıcı rejimdə aksiya keçirmək qadağandır”.

R.Melikyan hakimiyyətdən vətəndaşların dinc toplaşmaq azadlığının təmin olunmasını tələb edib: “Artıq 4 aydır vətəndaşlar bu hüquqdan məhrum edilib”.

Adekvad Partiyasının həmtəsisçisi Konstantin Ter-Nakalyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın təşkil etdiyi Vətən Partiyası Siyasi Şurasının üzvü Arsen Babayan, milyonçu deputat Qaqik Sarukyanın «Çiçəklənən Ermənistan» Partiyasının nümayəndələri aksiyanı dəstəkləyiblər. R.Melikyan 2016-cı ildə Dağlıq Qarabağdakı sepratçıların “ombudsmanı” olub. Sarukyan isə Robert Koçaryan və Serj Sarqsyanın hakimiyyəti illərində varlanıb. Vanesyanın da sonuncu çıxışlarında Paşinyanın tənqidi, Moskvaya isə əməkdaşlıqla bağlı göndərilən ismarıclar etirazları dəstəkləyənlərin və aparıcılarının yönünü də müəyyənləşdirməyə imkan verir. Bunu Nikol Paşinyan hökumətinə qarşı ilk ciddi etiraz, yaxud bunun ilk məşqi də saymaq olar.

Əvvəlcədən anonsu edildiyi kimi hadisələrin davamı olaraq aksiya genişlənməli idi. Ancaq N.Paşinyan rəqiblərini daha yaxına buraxaraq onlara daha bir zərbə endirmək qərarına gəldi. Ermənistan parlamentinin iyunun 16-da qəbul etdiyi qərarla, «Çiçəklənən Ermənistan» Partiyasının sədri, “Sarukyan” fraksiyasının lideri, milyonçu siyasətçi Qaqik Sarukyan deputat toxunulmazlığından məhrum edildi. Ermənistanın baş prokuroru Artur Davtyan onun həbsi ilə bağlı vəsatət qaldırdı: “Araşdırmalar göstərir ki, Qaqik Sarukyan azadlıqda olduğu müddətdə istintaq tədbirlərinə mane ola, şahidlərə və cinayətə sövq etdiyi ehtimal olunan şəxslərə təsir göstərə bilər. Ona görə Qaqik Sarukyanın həsbi barədə vəsatət qaldırıram”.

Bundan başqa, Sarukyanın adı daha 3 cinayət işində hallanır. Birinci iş seçki saxtakarlığı ilə bağlıdır. O, 2017-ci ilin aprelində keçirilən parlament seçkiləri zamanı seçicilərin səsini rüşvətlə almaqda, gizli səsverməni pozmaqda ittiham olunur. Bu saxtakarlığın iştirakçısı olmaqda şübhəli bilinən 250 nəfər polis bölməsinə aparılıb. Partiya sədri Ermənistanın Qeqarkunik vilayətində özünün və başçılıq etdiyi blokun xeyirinə 17 194 seçicinin bülleteninə 355 200 ABŞ dolları xərcləyib.

İkinci iş vergidən yayınmaqla bağlıdır. Bu milyonçu deputat biznes fəaliyyəti ilə məşğul olduğu müddətdə dövlət büdcəsindən 60 milyon ABŞ dolları gizlədib. Sarukyana qarşı üçüncü ittiham isə qanunsuz yolla torpaq zəbt etməkdir. O, bu əməli ilə dövlətə 685 min ABŞ dolları ziyan vurub.

Beləliklə, Ermənistanda Koçaryan-Sarukyan-Vanesyan üçlüyü fomalaşır. Onlardan biri həbsdədir, digəri həbs edilmə ərəfəsindədir, üçüncü ilə bağlı yeni kompromatlar toplanmaqdadır. Koçaryan 2018-ci il iyulun 20-də həbs olunub. Sarukyanın ondan iki il sonra yayda tutulacağı ehtimalı böyükdür. Bunun ardınca casusluqda ittiham edilən Vanesyanın həbsi gələ bilər.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?