05 dekabr 2019 20:01
1421

Kofenin zərərli tərəflərini unutmayaq...

Kofe çox gözəl içkidir. Kofe insana diqqəti toplamaqda yardım edir və baş ağrısını zəiflədir. Çoxları gün ərzində, xüsusən də, səhərlər kofe içməyi xoşlayır,çünki bu içki insanın yuxusunu qaçıraraq, açıq beyinlə işə başlamağımıza səbəb olur. İnsan orqanizmində maddələr mübadiləsini sürətləndirən bu “sehirli” içki,  bəzən, hətta depressiyanın qarşısını da ala bilir və ürəyimizin yaxşı işləməsinə kömək edir. Lakin kofedən həddindən artıq istifadə edən insanların sağlamlıqla  bağlı müəyyən problemləri ola bilər.

Qarın və mədədə olan ağrılar: Qastrit və mədə xorası kimi mədə probləmləri olan insanlar çoxlu kofe içəndə bu xəstəliklər daha da pis nəticələnə bilir. Əgər siz qarın boşluğunuzda və yaxud mədənizdə sancılar hiss edirsinizsə, bu əlamətlərə kofedən aşırı dərəcədə istifadə etməyiniz səbəb ola bilər. Son araşdırmalara görə, bəzi qəhvə birləşmələri mədə ifrazını stimullaşdıraraq , mədə turşusunu artırır və nəticədə mədə divarları zədələnir. Mədənizdə belə kəskin sancılar hiss etdiyinizdə, qəhvə qəbulunu azaltmağa çalışın.

Ürək döyüntüsü: Həddindən artıq qəhvə istehlakı ürəyin ritminə mənfi təsir edir.Qəhvənin tərkibində olan kofein çox istehlak edildiyində, ürəkdə ritmin pozulmasına və ürək döyüntülərinin artmasına səbəb ola bilər.Bu səbəbdən ürəyimizi nəzarətdə saxlamaq üçün içdiyimiz qəhvənin miqdarını normasında saxlamalıyıq.

Baş ağrıları: Az miqdarda istifadə etdiyimiz kofein yüngül baş ağrısını aradan qaldıra bilər, hətta bir miqren hücumunun qarşısını belə ala bilər. Lakin həddindən artıq qəhvə istehlakı ( gündə ən azı beş fincan)miqren kimi xronik ağrılarda təkanverici ola bilər. Kofeinin artıq istifadəsi lazımsız yorğunluğa və baş ağrısına səbəb ola bilər. Buna görə, içdiyiniz qəhvənin miqdarına nəzarət edin.

Sinir sistemi: Qəhvə sinir sistemini stimullaşdırır və konsentrasiya qabilliyətinizi artırır. Lakin stimullaşdırıcıdan düzgün istifadə etməsək, o mərkəzi sinir sisteminə təsir edərək əl titrəmələrinin yaranmasına səbəb olacaq.

Sağlamlığınızın qeydinə qalmaq istəyirsinizsə, qəhvəni gündəlik normadan çox içməyin  və sadə qəhvəyə  üstünlük verin...

Samirə Tağıyeva, “İki sahil”