28 yanvar 2020 11:43
2072

“Köhnə qitə” üçün yeni ixracatçı

Azərbaycan və Türkiyənin uzunmüddətli strateji enerji əməkdaşlığının ən mühüm bəhrələrindən olan TANAP layihəsi artıq tamamlanmaq üzrədir

Enerji təhlükəsizliyi bu gün dünya ölkələrini qayğılandıran aktual problemlərdən biri olaraq qalır. Doğrudur, alternativ enerji mənbələrinin yaradılması ənənəvi enerji ehtiyatlarına ehtiyacı müəyyən qədər azaldıb. Ancaq sənayenin sürətli inkişafı, dünya əhalisinin, istehsalın, dünya iqtisadiyyatının ümumi həcminin artımı ənənəvi enerjiyə tələbatı da adekvat olaraq artırmaqda davam edir.

1973-cü ildə birinci neft böhranından sonra əksər dünya ölkələri neftdən asılılığın hansı risklər doğurduğunu anlamağa başladılar. Enerji mənbələrinin diversifikasiyası və alternativ enerji mənbələrinin formalaşdırılması mühüm çağırışa çevrildi. Eyni zamanda, enerji alıcısı olan ölkələr təhlükəsizlik üçün bir nöqtədən asılılığın aradan qaldırılması konsepsiyasına keçid etdilər. 2000-ci illərə gəldikdə, alternativ enerji axtarışları və bərpa olunan enerji mənbələrindən istifadə genişlənsə belə, ənənəvi enerji mənbələrinin mövqeləri zəifləmədi. Belə halda, enerji ixracatçısı olan ölkələrin dünya iqtisadiyyatı və siyasətindəki yeri önə çıxdı. Azərbaycan da 90-cı illərdə dünya enerji bazarına daxil olan mühüm iştirakçılardan biri kimi parlamağa başladı. Ölkəmiz öz enerji ehtiyatlarını dünya bazarına çıxarmaqla ölkənin davamlı inkişafı üçün mühüm bazis yaratdı, eyni zamanda, beynəlxalq münasibətlərdə mühüm aktora çevrilməyə başladı. Artıq Azərbaycanın Avropanın qaz bazarına da daxil olması ilə ölkəmizin “köhnə qitə”nin enerji təchizatındakı rolu bir qədər də artır. Bu, həm də regional və beynəlxalq miqyasda enerji xəritəsinin yenidən formalaşması deməkdir.

Cənub Qaz Dəhlizinin əsas seqmenti olan Trans-Anadolu boru kəməri (TANAP) ilə hazırda Azərbaycanın təbii qazı Türkiyəyə nəql edilir. Növbəti mərhələdə isə boru kəməri Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir. Layihə təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. Boru kəmərinin quru hissəsinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. TANAP-dan Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük gücü 16 milyard kubmetr qaz təşkil edəcək.

Türkiyə indiyədək TANAP-la 3,1 milyard kubmetrdən çox Azərbaycan təbii qazı alıb. 2021-ci ildə isə boru kəməri ilə Türkiyəyə ildə 6 milyard kubmetr qazın göndərilməsi planlaşdırılır. Türkiyənin Azərbaycanla ilk təbii qaz müqaviləsi ildə 6,6 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. TANAP-ın təmin edəcəyi əlavə 6 milyard kubmetrlik artımla Türkiyənin istehlak edəcəyi Azərbaycan qazının həcmi ildə 12,6 milyard kubmetrə çatacaq.

Hazırda TANAP üzrə kapital xərcləri 6,5 milyard dollardır və bu vaxtadək layihəyə təqribən 6,3 milyard dollar xərclənib. TANAP beynəlxalq maliyyə qurumlarının və bankların diqqətini cəlb edib. Belə ki, indiyədək Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından və Asiya İnfrastruktur İnvestisiya Bankından (AIIB) birbaşa müvafiq olaraq 400 milyon və 600 milyon dollar, Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) 500 milyon dollar, Asiya İnkişaf Bankının zəmanəti ilə 524,5 milyon dollarlıq sindikatlaşdırılmış kredit ayrılıb. Lakin layihənin icrası zamanı xərclərin azalması sayəsində Azərbaycan 2,75 milyard dollarlıq borclanmadan imtina edib. Birinci paket olaraq 2 milyard dollarlıq borclanmadan imtina olunub, sonra isə Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MIGA) 750 milyon dollarlıq kreditin götürülməsinə ehtiyac qalmayıb.

Azərbaycan və Türkiyənin uzunmüddətli strateji enerji əməkdaşlığının ən mühüm bəhrələrindən olan TANAP layihəsi artıq tamamlanıb. Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP boru kəməri layihəsi də tamamlandıqdan sonra Azərbaycanın “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılan təbii qaz TANAP və TAP kəmərləri vasitəsilə Avropaya nəql ediləcək, ölkəmizin gəlirlərini artıraraq Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Onu da vurğulayaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir və bu layihənin reallaşdırılmasının 91 faizi başa çatıb. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. Cari ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir. Xatırladaq ki, TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur. Səhmdarlar layihə üzrə illik 1,45 milyard dollar gəlir əldə edəcəklər. Həmin gəlirin 58 faizi Azərbaycanın payına düşəcək.

TANAP tarixə, eyni zamanda, Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz kəməri kimi düşüb. Beləliklə, Azərbaycan bu gün bütün dünyaya bir daha göstərir ki, biz nəinki ölkə daxilində, həm də xarici ölkələrdə mürəkkəb transmilli layihələri vaxtında və yüksək səmərə ilə yerinə yetirməyə qadirik.

Sevinc Azadi, “İki sahil”