20 oktyabr 2020 10:48
1098

Köhnə və yeni erməni riyakarlığı:  Adımı sənə qoyum...

Və yaxud erməni terrorizminin qanlı izlərini görməmək üçün hökmən daltonik olmaq lazımdırmı?

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri növbəti təxribata cavab olaraq müzəffər Azərbaycan Ordusunun başladığı və hazırda böyük uğurla davam edən qalibiyyətli əks-hücum əməliyyatları düşməni, sözün əsl mənasında, labirintə salıb. Havadarlarının köməyi ilə tarixi torpaqlarımız olan Qarabağın aran və dağlıq hissəsi daxil olmaqla ərazilərimizin 20 faizini 30 ilə yaxındır ki, işğalda saxlayan Ermənistan ordusu haqqında bu müddətdə “yenilməz”, “qüdrətli”, “yeni-yeni ərazilər zəbt etməyə qadir” və digər bəlağətli epitetlər yapışdırılmaqla yaradılan mif Azərbaycan Ordusunun qısamüddətli zəfər yürüşü nəticəsində bir andaca sabun köpüyü kimi partladı.

Hərbi əməliyyatların başlanmasından ötən 20 gündə rəşadətli Azərbaycan Ordusunun artıq ABŞ-ın timsalında superdövlətlərin də etiraf etdikləri kimi, hərb tarixində analoqu olmayan strategiya və taktika əsasında işğal altındakı ərazilərimizi bir-birinin ardınca ildırım sürəti ilə azad etməsindən sonra Paşinyan hakimiyyəti müzəffər Silahlı Qüvvələrimiz qarşısında acizliyini, gücsüzlüyünü və çarəsizliyini etiraf edib, necə deyərlər, ağ bayraq qaldırmaq əvəzinə döyüş meydanında acı məğlubiyyətini absurd bəhanələrlə ört-basdır etməyə çalışır. Guya “Artsaxın yenilməz özünümüdafiə ordusu”na qarşı hərbi əməliyyatları Azərbaycan Ordusu aparmır. Guya cəbhə xəttində ermənilərə qarşı vuruşan Türkiyə Silahlı Qüvvələri, Suriyadan və Liviyadan Türkiyə ərazisindən keçməklə Azərbaycana gətirilən muzdlu terrorçulardır. Cəbhə xəttində hərbi əməliyyatlar başladığı, daha dəqiq desək, erməni işğalçılarının Azərbaycan Ordusunun, necə deyərlər, əlinin duzunu gördükləri andan başda başsız baş nazir Nikol Paşinyan olmaqla Ermənistan iqtidarının bütün yüksək çinli nümayəndələri əsl erməni xislətinə uyğun tutuquşu kimi bir ağızdan bu absurd iddianı təkrarlamaqdan yorulmurlar. Əlbəttə, həmin ifadələri son günlər Fransa Prezidenti Emmanuel Makronun, Almaniyanın Xarici İşlər naziri Heiko Maasın, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin və digər dünya liderlərinin dilindən, eyni zamanda, erməni lobbisinin təsiri altında olan xarici KİV-lərdən eşitməsəydik, bəlkə də “Adımı sənə qoyum, səni də yana-yana qoyum” məşhur Azərbaycan atalar məsəlini yada salıb bu və bu kimi erməni xislətinin təzahürü olan cəfəng iddialara əhəmiyyət verməmək olardı. Doğrudur, Fransa Prezidentindən və Almaniyanın Xarici İşlər nazirindən fərqli olaraq Sergey Narışkin bu gün Dağlıq Qarabağda terrorçuların mövcudluğunu bəyan etsə də, onların kimin tərəfində döyüşdüklərini açıq demir. Halbuki Rusiya kimi supergücə malik region dövlətinin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri terrorçuların Dağlıq Qarabağa kimlər tərəfindən gətirildiyini, hansı marşrutlarla gəldiklərini və kimin tərəfində döyüşdüklərini çox gözəl bilir. Bütün bunları bilə-bilə bir qayda olaraq sözdə beynəlxalq terrorizmə qarşı mübarizədə amansız olduğunu bəyan edən Şimal qonşumuzun hər kəsi öz adı ilə çağırmaq istəməməsi bu dövlətin regionla bağlı şübhəli planlarından xəbər verir. Belədə bu cür absurd fikirləri siyasət və diplomatiya mətbəxinin içində olan bu cənabların dilindən eşitmək haqlı suallar doğurur. İstər-istəməz düşünməli olursan: Bəlkə bu gün erməni xor kapellasında böyük həvəslə solist kimi rol alan bu cənablar 135 illik tarixi olan, hər səhifəsi qanla yazılmış erməni terror təşkilatlarının mövcudluğundan xəbərsizdirlər? Bəlkə onlarda tarixi Azərbaycan torpaqlarının bazasında havadarlarının dəstəyi ilə yaradılmış bugünkü Ermənistan dövlətinin terrorçu mahiyyəti barədə məlumat qıtlığı var? Bu “bəlkələrin” heç biri inandırıcı görünməsə də, həmin cənablara bir daha artıq bütün dünya üzrə şəbəkələşmiş erməni terror təşkilatları və bugünümüzdə, daha dəqiq desək, oktyabrın 10-dan 11-nə kecən gecə saat 2 radələrində Azərbaycanın ikinci böyük şəhəri Gəncədə öz evlərində yatmış vəziyyətdə olan uşaq, qadın, qoca, cavan bilmədən günahsız insanları istifadəsi qadağan olunan ballestik raketlərin intensiv zərbələri ilə qanına qəltan edən Ermənistanın terrorçu dövlət olması barədə həqiqətləri faktların dili ilə çatdırmağı özümüzə borc bilirik.

Beləliklə, gəlin, tarixə qısa nəzər salaq. Bu gün mütəşəkkil və yaxşı təşkilatlanan, beynəlxalq terror şəbəkəsinin ən geniş qanadlarından hesab edilən erməni terrorizminin tarixi kökləri Osmanlı İmperiyası dövrünə gedib çıxır. 1885-ci ildə Fransanın Marsel şəhərində “Armenakan” partiyası adı altında yaradılan ilk rəsmi erməni terror təşkilatının əsas hədəfi təbii ki, türklər idi. Bu terror qruplaşmasının üzvləri Türkiyənin Van, Muş, Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törətmək üçün İran, həmçinin Rusiyada yaşayan ermənilərlə əməkdaşlıq edirdilər. “Armenakan”ın ardınca 1887-ci ildə Cenevrədə yaradılan “Hnçak” terror təşkilatı, necə deyərlər, daha irəli gedərək Türkiyənin Anadolu bölgəsini, erməni millətçilərinin “Rus və İran Ermənistanları” adlandırdıqları əraziləri birləşdirməklə “böyük Ermənistan” dövləti yaratmağı qarşısına məqsəd qoyub. “Hnçak”ın proqramının 4-cü bəndində bununla bağlı açıq-aydın yazılıb: “Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir”.

Günü bu gün də dünyanın ən qəddar, ən amansız terror təşkilatlarından sayılan “Daşnaksütyun” erməni federativ inqilab partiyası isə 1890-cı ildə Tiflisdə yaradılıb. Əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında “böyük Ermənistan” dövlətini qurmaqdan ibarət olan bu qurumun 1892-ci ildə Tiflisdə keçirdiyi ilk qurultayında türklərə və azərbaycanlılara qarşı sui-qəsdlərin təşkil olunması barədə qərarlarının çap edilərək partiya üzvlərinə paylandığı hamıya, hətta bu gün guya “Azərbaycanın Yaxın Şərqdən gətirdiyi terrorçuların və cihadçıların “əzabkeş və məzlum Dağlıq Qarabağ xalqına qarşı döyüşdüklərini” iddia edən yuxarıda adlarını çəkdiyimiz və çəkə bilmədiyimiz cənablara da yaxşı məlumdur. Bu cənablar onu da yaxşı bilirlər ki, hazırda dünyanın müxtəlif yerlərində “Daşnaksütyun” partiyası tərəfindən yaradılan bir sıra terror qrupları da mövcuddur. 1973-cü ildə fəaliyyətə başlayan “Erməni soyqırımının intiqamçıları” qrupu 1980-82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirib. Məxfi terror qrupu olan DRO və onun DRO-8, DRO-88, DRO-888, DRO-8888 kimi bölmələrinin bu istiqamətdə fəaliyyəti indi də davam etməkdədir.

Daha bir erməni terror təşkilatı-”Erməni gizli azadlıq ordusu” (ASOA) 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Suriyanın paytaxtı Dəməşqdə yerləşən və Fələstin bazalarında hazırlıq keçən bu terror təşkilatının 1000-dən artıq döyüşçüsü var. ASOA fəaliyyətinin ilk 6 ilində dünyanın müxtəlif ölkələrində 19 türk diplomatının ölümünə səbəb olan qanlı terror aktları həyata keçirib.

Müasir dövrümüzdə qanlı əməlləri hər kəsə bəlli olan “Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu” (ASALA) da 1975-ci ildə yaradılıb. Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan, Dağlıq Qarabağ əraziləri üzərində “böyük Ermənistan” yaratmaqdır. Bu qruplaşma əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirib. “Əbu Nidal”, “Qara sentyabr” kimi terror qrupları ilə əməkdaşlıq edən ASALA-nın ilk gorbagor lideri Akop Akopyan ən dəhşətli terror aktlarının icraçısı kimi tanınır. 1980-ci ildə Afinada qətlə yetirilən türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürən A.Akopyan həmin il avqustun 1-də “Nyu-York Tayms” qəzetinə müsahibəsində bildirirdi: “Bizim düşmənimiz türklər, NATO və bizimlə əməkdaşlıq etməyən ermənilərdir.” Eyni fikirləri qəddarlıqda və amansızlıqda heç də “Daşnaksütyun”dan, ASALA-dan və digər klassik erməni terror təşkilatlarından geridə qalmayan və nisbətən “gənc” olan “Geqaron”, “Erməni azadlıq hərəkatı” (AOD), “Erməni azadlıq cəbhəsi”, “Orli qrupu”, “Erməni soyqırım ədalət komandosları”, “Erməni birliyi”, “Gənc ermənilər ittifaqı”, “9 iyun qrupu” və digərləri haqqında da söyləmək olar. Ümumiyyətlə, bu gün Yer kürəsində ümumi sayı heç 10 milyon nəfərə çatmayan erməni xalqının hazırda dünyanın müxtəlif ölkələrində yuva salmış 12 terror təşkilatı ötən əsrin ortalarından etibarən öz qanlı əməllərini heç bir maneəyə rast gəlmədən, tam sərbəst şəkildə davam etdirməkdədir. Amma bütün bunlardan fərqli olaraq 55 milyonluq Azərbaycan xalqının tarixində nəinki hansısa terror təşkilatının mövcudluğuna, hətta fərd olaraq hansısa bir azərbaycanlının terror əməlinə dair bircə fakt belə ortaya qoymaq mümkün deyil.

Maraqlıdır ki, indiyədək heç bir aparıcı dünya dövləti qəddarlığına və amansızlığına görə İŞİD, “Əl-Qaidə”, “Hizbullah” və digər beynəlxalq terror qruplaşmaları ilə bir sırada dayanan, bir çox parametrlərə görə onları üstələyən erməni terror təşkilatlarını nəinki “qara siyahı”ya daxil etməyib, hətta onların mövcudluğu haqqında bircə kəlmə də işlətməyib. O da maraqlıdır ki, əsas hədəfləri “böyük Ermənistan” yaratmaq olduğunu açıq-aydın bəyan edən, bu alçaq niyyətlərinə çatmaq üçün dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, özlərinə düşmən hesab etdikləri bütün türkləri və azərbaycanlıları məhv etməyi qarşılarına məqsəd qoyan erməni terror təşkilatları bu gün onları cani-dildən müdafiə edən Fransada, Rusiyada, Almaniyada, ABŞ-da və digər ərazilərdə zaman-zaman qanlı terror aktları törədərək bu ölkələrin günahsız vətəndaşlarının da qətlinə bais olmuşlar.

Sən tarixin ironiyasına bax ki, məhz erməni terroruna məruz qalmış ölkələrin rəsmi şəxsləri, hətta prezident, baş nazir səviyyəsində liderləri özlərinin günahsız vətəndaşlarının belə ruhuna hörmətsizlik edərək 30 ildir ki, terrorçu Ermənistan dövlətinin bir an da səngiməyən hərbi təcavüzündən əziyyət çəkən Azərbaycanı, zaman-zaman erməni xəyanətinin və terrorunun hədəfi olan Türkiyəni “Qarabağ ermənilərinə qarşı terror aktları həyata keçirməkdə, soyqırımı törətməkdə” ittiham edirlər. Reallıq isə bu əsassız ittihamların tam əksini sübut edir. Təkcə Dağlıq Qarabağ münaqişəsi başlayan gündən indiyədək erməni terror təşkilatları Azərbaycanda yüzlərlə günahsız insanın ən vəhşi üsullarla qətli ilə nəticələnən 32 qanlı terror aktı törətmişlər.

Faktlar və rəqəmlər sübut edir ki, tarix boyu, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi son 32 ildə Azərbaycan xalqı amansız və qəddar erməni terrorizmi ilə üz-üzə qalmışdır. Belə bir tarixi ədalətsizliklə üzləşən dövləti və onun ordusunu bu gün radikal beynəlxalq terror təşkilatları ilə əməkdaşlıqda, Dağlıq Qarabağda apardığımız uğurlu antiterror əməliyyatlarında guya onların köməyindən yararlanmaqda ittiham etmək ən azı riyakarlıqdır. Şübhəsiz, bu əsassız ittihamların bu gün müzəffər Azərbaycan Ordusunun ildırım sürətli hərbi əməliyyatları qarşısında aciz durumda qalan işğalçı Ermənistanın avantürist siyasi və hərbi rəhbərliyinin dilindən eşitmək bizim üçün qətiyyən təəccüblü deyil. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, tarix boyu öz adını özgəyə qoymaqda peşəkar olan ermənilərin bu iddialarının da bir qara qəpik qədər dəyəri yoxdur. Amma bu iddiaları özlərini demokrat, haqqın və ədalətin müdafiəçisi, insan hüquq və azadlıqlarının qarantı adlandıran sivil Avropa dövlətlərinin rəsmilərinin səsləndirmələri Azərbaycan cəmiyyətində onlara qarşı inam və etibarı sarsıdır.

Bəli, həqiqətən bu gün Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində özlərinin qanlı aksiyaları ilə dünyanı lərzəyə gətirən amansız beynəlxalq terror təşkilatlarının dayaq nöqtələri mövcuddur. Lakin onlar yuxarıda adlarını çəkdiyimiz və çəkmədiyimiz bəzi dövlətlərin rəhbərlərinin iddia etdikləri kimi, Azərbaycan tərəfində deyil, terrorçu Ermənistan dövlətinin tərəfində Azərbaycana qarşı döyüşürlər. Bu həqiqəti Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev istər 27 sentyabrdan əvvəl, istərsə də Ermənistan ordusunun təxribatlarına cavab olaraq rəşadətli ordumuzun son 20 gündə həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar dövründə mötəbər beynəlxalq tribunalardan və dünyanın nüfuzlu KİV-lərinə müsahibələrində konkret faktlara və dəlillərə əsaslanaraq dönə-dönə bəyan edib, işğalçı Ermənistan dövlətinin terrorçu mahiyyətini tam çılpaqlığı ilə açıb ortaya qoyub. Cənab İlham Əliyev dəfələrlə nüfuzlu beynəlxalq təşkilatların və aparıcı dövlətlərin, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiyanın, Fransanın və ABŞ-ın rəhbərlərinin diqqətinə çatdırıb ki, Ermənistan və işğal altında olan nəzarətsiz Dağlıq Qarabağ dünya miqyasında terrorçuların əsas dayaq məntəqələrindən birinə çevrilib. Amma biz nə edək ki, hələ də bəzi mötəbər beynəlxalq təşkilatların, aparıcı dünya dövlətlərinin rəhbərləri artıq məktəb yaşlı uşaqlara da məlum olan bu həqiqətləri eşitmək və görmək zorunda deyillər. Görəsən, tarixin bütün mərhələlərinə öz qanlı möhürünü vurmuş erməni terrorizminin ölümsaçan izlərini görməmək üçün həqiqətənmi daltonik olmaq lazımdır? Şühbəsiz, erməni terrorizminin Azərbaycandakı qanlı terror aktlarının son izlərini- oktyabrın 10-dan 11-nə keçən gecə saat 2-də bir daha gördük. Həmin gecə 10 nəfər həlak oldu, 34 nəfər yaralandı. Bundan bir neçə gün sonra - oktyabrın 17-nə keçən gecə saat 1 radələrində isə Ermənistan ərazisindən Gəncə şəhərinə endirilən növbəti raket zərbələri nəticəsində 13 nəfər günahsız mülki şəxs qətlə yetirildi, 45 nəfər yaralandı. Həmçinin oktyabrın 15-də Tərtər rayonunda erməni terrorunun qurbanı olan günahsız vətəndaşımızın dəfni zamanı qəbiristanlığa açılan raket atəşi nəticəsində daha 4 nəfər mülki şəxs həlak oldu. Bütün  bunları heç daltonik də görməyə bilməz...

Əhməd Qurbanoğlu, “İki sahil”