16 sentyabr 2020 20:22
583

Komandamdan gözəl oyun və mübarizə gözləyirəm

Rəqib komandanın səviyyəsi hamıya məlumdur. “Qalatasaray”ı ətraflı təhlil etmişik. Türkiyə komandası barədə kifayət qədər məlumat toplamışıq. Futbolçularımız qələbə üçün əllərindən gələni etməyə çalışacaqlar. Qələbə üçün bütün imkanlardan istifadə edəcəyik.

Bunu “Neftçi” komandasının baş məşqçisi Füzuli Məmmədov UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacaqları Türkiyə təmsilçisi “Qalatasaray”la matçdan əvvəl keçirdiyi mətbuat konfransında deyib.

Baş məşqçi qeyd edib ki, sabahkı qarşılaşma “Sumqayıt”la Azərbaycan Premyer Liqasının oyunundan fərqli olacaq. Futbolçularımız təcrübəlidirlər, oyunun mahiyyətini və matçın vacibliyini bilirlər. Komandanı maksimum dərəcədə psixoloji cəhətdən görüşə hazırlamışıq. Belə səviyyəli rəqiblərə qarşı klub və yığma səviyyəsində oynayıblar.

“Start heyəti ilə bağlı qərarı bugünkü məşq yekunlaşdıqdan sonra qəbul edəcəyik. Bütün futbolçular belə rəqiblər üzərində qələbə qazanaraq tarixə düşmək istəyirlər. Komandanın üzvləri ilə həm fərdi, həm də kollektiv danışmışıq. Futbolçularımız hamısı qarşılaşmaya hazırdır. Komandamın futbolçularından gözəl oyun və mübarizə gözləyirəm. Oyunun azarkeşsiz keçirilməsi matça ciddi təsir etməyəcək”, - deyə mütəxəssis vurğulayıb.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” - “Qalatasaray” qarşılaşması saat 20:00-da başlayacaq. //AZƏRTAC