16 yanvar 2021 13:14
718

Kommunikasiyaların bərpasının həyata keçirilməsinə başlanılır

Moskvada imzalanan növbəti Bəyanat Azərbaycanın növbəti uğuru və siyasi-diplomatik qələbəsidir

Noyabrın 10-da Prezident İlham Əliyevin şərtləri əsasında imzalanan Bəyanat Ermənistanın kapitulyasiyası kimi tarixə düşdü. Məğlubiyyətini bəyan edən rəsmi Yerevan 3 rayonu Azərbaycana döyüşsüz qaytarmağa məcbur edildi. Bu sənədi Ermənistanın baş nazirinin imzalaması, o cümlədən burada Qarabağın statusuna dair heç bir fikrin yer almaması isə ermənilərin yaratdığı qondarma respublikaya, separatçı rejimə Azərbaycan tərəfindən birdəfəlik son qoyulması deməkdir. Bütövlükdə, bu Bəyanat 44 günlük müharibəyə yekun vuran çərçivə sənədi oldu.

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş Qarabağ bölgəsində hərbi əməliyyatların Azərbaycanın tam qələbəsi ilə başa çatdıqdan sonra qalib ölkənin tarixi Zəfərinin möhkəmləndirilməsi üçün növbəti mərhələ oldu. Bu görüşün keçirilməsində də məqsəd həmin Bəyanatda yer alan məsələlərdən irəli gələn prioritetlərin müəyyənləşdirilməsidir.

Moskvadakı görüşün yekunu ilə bağlı üçtərəfli Bəyanat imzalandı. 44 günlük müharibəyə yekun vuran, dövlətlər arasında siyasi deyil, iqtisadi və regional əməkdaşlıq məsələlərini nəzərdə tutan ikinci Bəyanatın qəbul olunması ilə bir daha təsdiq edildi ki, regionun gələcəyi hazırkı nəticələrin təftişi deyil, perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır. Bu Bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, bu məqsədlə üçtərəfli İşçi qrupunun, yarımqrupların yaradılmasını, görüləcək işlərlə bağlı prioritetlərin müəyyən edilməsini nəzərdə tutan yol xəritəsidir. Sənəd Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı bir daha təsdiqləyir və  kommunikasiyaların bərpası ilə bağlı əks olunmuş müddəaların həyata keçirilməsi mexanizmlərinin formalaşdırılması üçün müvafiq vəzifələri müəyyən edir.

Sənəddə əksini tapmış ən mühüm məsələ 2021-ci il martın 1-dək Azərbaycanın və Ermənistanın ərazisindən həyata keçirilən daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısı və reallaşdırılması qrafikinin hazırlanmasıdır. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəhlizin yaradılması, Naxçıvanın blokadadan çıxarılması, həm Azərbaycanın özü, həm də bütün region ölkələri üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat-kommunikasiya imkanlarının reallığa çevrilməsi, yeni nəqliyyat platformasının gerçəkləşməsi istiqamətində əhəmiyyətli addımdır.

Moskva görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin məğrur duruşu, alicənablığı, yüksək səviyyəli çıxışı diqqəti cəlb etdi.  Prezident İlham Əliyev qalib dövlət rəhbəri statusundan, kəskin şəxsi üstünlüyündən istifadə edərək Paşinyanı aşağılamadı, onu çıxılmaz duruma salmadı. Prezident İlham Əliyevin nitqləri, davranışı göstərdi ki, Azərbaycan uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır və fəaliyyətini məhz bu istiqamətdə qurur.

Ermənistanın baş naziri N.Paşinyan isə Moskvada həddən artıq gərgin idi. Bu görüş onun  çaşqın, məyus durumu ilə yadda qaldı. Təsadüfi deyil ki, Rusiya mediası Ermənistanın baş nazirinin durumunu, jestlərini, qeyri-adekvat davranışını geniş müzakirə etməkdədir. Digər tərəfdən, dövlət başçılarının mətbuat üçün bəyanatları zamanı Paşinyanın çıxışında qaldırdığı məsələlər müzakirə mövzusu deyildi. Rusiya Prezidenti Vladimir Putin heç bir çıxışında status və digər bu kimi məsələlərə, ümumiyyətlə, toxunmadı. Həmin məsələlər birgə Bəyanatda da əksini tapmadı. Çünki Qarabağ Azərbaycandır və Ermənistanın status xülyasına birdəfəlik son qoyulub.

Paşinyanın toxunduğu hərbi əsirlər məsələsinə gəldikdə isə Vladimir Putin üçtərəfli görüşdə “Əsirlər və həlak olanların cəsədləri Rusiyanın vasitəçiliyi ilə dəyişdirilib” deməklə bu mövzunun qapandığını bildirdi. Çünki noyabrın 10-dan sonra işğal olunmuş Azərbaycan ərazilərində ələ keçirilən erməni silahlıları hərbi əsir sayıla bilməz, onlar terrorçu və diversantlardır. Ona görə Paşinyanın çıxışı, onun ofisinin yaydığı press-reliz daxili auditoriyaya, Ermənistan əhalisinə hesablanmış iddialardan başqa bir şey deyildi.

Sevinc Azadi, “İki sahil”